Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində baş verən qətlin təfərrüatı məlum olub. 66 yaşlı qadın qonşusu tərəfindən qətlə yetirilib. Qətlin üstünün necə açılması ilə bağlı maraqlı detallar üzə çıxıb.
Kainat.tv xəbər verir ki, 39 yaşlı Fariz Cəlilov qonşuluqda yaşayan 66 yaşlı Əntiqə Məmmədovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
İstintaqla müəyyən edilib ki, qonşular arasında mübahisə Farizin itinin Əntiqə Məmmədovanın toyuqlarının yumurtasını yeməsi olub. Buna görə onlar arasında 2-3 dəfə mübahisə olub. Əntiqə Məmmədova 7 manatlıq yumurtalarının yeyildiyini deyib. Fariz həmin pulu ödəyəcəyini söyləyib. Fariz 7 manatı qonşusuna ödəməyə gedən zaman aralarında mübahisə yaranıb.
Farizin istintaq zamanı verdiyi ifadəsində dediyinə görə, mərhum ona “apar həmin pulu ananın, atanın, ölən balanın qəbrinə qoy” deyib. Bu sözlərə görə onunla mübahisə edib və Əntiqə Məmmədovanın evindən götürdüyü bıçaqla onu qətlə yetirib.
Qətl hadisəsinə görə istintaq aparılan zaman Fariz şahid kimi dindiriləndə cinayətin əmisi və əmisi oğlu tərəfindən törədildiyini deyib. Sonra isə qətlin başqa bir şəxs tərəfindən törədilməsi barədə istintaqa yalan məlumat verib.
Polis Farizin dediyi şəxslərin hadisə baş verən gün harada olması ilə bağlı araşdırma aparıb. Farizin əmisi və əmisi oğlunun hadisə baş verən gün kənddə olmadıqları, Farizin əmisigillə mülk davalarına görə yalan məlumat verdiyi müəyyən edilib.
Bundan başqa, Fariz qətli Vüqar adlı şəxsin törətdiyini söyləyib. İddia edib ki, Vüqar adlı kənd sakinini Əntiqənin evinin yaxınlığında görüb. Onun sözlərinə görə, Vüqar ondan cinayəti boynuna almasını tələb edib. Əks halda uşaqlarını və arvadını öldürəcəyi ilə hədələyib. Lakin istintaq orqanı Farizin bu ifadəsinin də yalan olduğunu telefon danışıqları vasitəsilə müəyyən edib. Çünki Fariz Vüqarın ona zəng etdiyini, görüşə çağırdığını və onu hədələdiyini deyib. Lakin telefon zənglərinə baxış keçirilən zaman Farizin dediyi vaxtda Vüqarla arasında telefon danışığı olmadığı müəyyən edilib.
Bundan sonra Farizin özü şübhəli şəxs kimi istintaqa cəlb edilib. Onun qətli törətməsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə də sübuta yetirilib. Fariz istintaqda deyib ki, Əntiqə Məmmədovanın evinə gedərək 7 manatı vermək istəyib. Əntiqə Məmmədova onun ailə üzvlərini təhqir etdiyi üçün onu öldürüb.
İstintaqda etirafedici ifadə verən Fariz məhkəmədə cinayəti törətmədiyini deyərək özünü günahkar bilməyib.
İstintaq materiallarında Farizin qətli törətməsi ilə bağlı səs yazıları yer alıb. Belə ki, Fariz şübhəli şəxs qismində tutularaq istintaq təcridxanasında saxlanılan zaman həyat yoldaşı onun görüşünə gəlib. Həmin görüşdə Fariz qətli törətdiyini etiraf edib.
Həmin danışıqdan qısa dialoqu olduğu kimi təqdim edirik:
Farizin xanımı: Sənmi öldürmüsən?
Fariz: Həə, mən öldürmüşəm...
Xanımı: Nəyçün?
Fariz: Yumurtanın üstündə. Yumurtanın üstündə öldürmüşəm. Mənə söydü. Eşidirsənmi? Uşağın goruna söydü, anamın goruna söydü, atamın goruna söydü.
Xanımı: Nə ilə öldürdün?
Fariz: Bıçaqla...
Xanımı: Hansı bıçaqla?
Fariz: Əntiqənin evindən götürmüşdüm.
Xanımı: Öyün yıxılsın, denən öldürməmişəm...
Fariz: Bir aydır bunları fırlayıram eləcə...
Cinayət işi materiallarında Farizin təcridxanada dayısı ilə görüş zamanı da qətli etiraf etməsinin səs yazısı yer alır. Həmin görüşdə də Fariz qətli törətməsini etiraf edib.
Fariz törətdiyi əməldə təqsirli bilinərək həm qəsdən adam öldürmə, həm də digər şəxslərin xüsusilə ağır cinayət əməlini törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan xəbərçilik etmə cinayət əməllərini törətməkdə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 13 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İlkin Muradov
Musavat.com

