İyulun 5-6-da Bolqarıstan Respublikasının Burqas şəhərində Kudo idman növü üzrə Dünya Kuboku turniri keçirilib.
Kainat.tv xəbər verir ki, "Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası" İctimai Birliyinin Kudo üzrə yığma komandası da sözügedən yarışda iştirak etmək məqsədilə baş məşqçi Nazim Mövsümzadənin rəhbərliyi altında üç idmançı ilə (Vüsal Əliyev, Sevinc Mövsümzadə və Zeynəb Mövsümzadə) bu turnirə qatılıb.
Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) maliyyə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının təşkilati dəstəyi ilə yarışlara qatılaraq yeniyetmə və gənclərin fiziki və mənəvi baxımdan sağlam ruhda tərbiyə olunmalarını təşviq və təbliğ edən bu əhəmiyyətli Dünya Kuboku yarışında da yüksək nəticələr göstərən idmançılarımız son zamanlar mötəbər beynəlxalq turnirlərdə əldə olunan böyük uğurların, parlaq nailiyyətlərin heç də təsadüfi olmadığını bir daha sübut ediblər.
Turnirdə 27 dövləti təmsil edən idmançılar iştirak ediblər. Yaponiya, Gürcüstan, Ukrayna, Hindistan, Bolqarıstan, Amerika Birləşmiş Ştatları (ABŞ), İtaliya, Braziliya, Fransa, Qazaxıstan, Litva, Malta, Ermənistan və s. kimi dövlətlərdən olan güclü idmançıların da qatıldıqları Dünya Kuboku yarışının nəticələrinə əsasən idmançılarımız bir qızıl və bir gümüş medal əldə edərək bu dəfə də gözlənilən uğura imza atıblar.
Belə ki, idmançılarımızdan 43 kq-dək çəki dərəcəsində (U16) çıxış edən Zeynəb Mövsümzadə əvvəlcə Ukrayna və Yaponiyadan olan idmançılara, final döyüşündə isə Ukraynadan olan digər idmançıya inamla qalib gələrək 1-ci yeri qazanıb və qızıl medala layiq görülüb.
270 əmsalında çıxış edən digər idmançımız Vüsal Əliyev isə ABŞ və Çexiyadan olan idmançılara inamla qalib gəlib, yalnız final döyüşündə ABŞ-dən olan başqa bir idmançıya məğlub olaraq 2-ci yeri tutub və gümüş medal əldə edib.
Ümumi nəticəyə əsasən, turnirə az sayda idmançı ilə qatılmasına baxmayaraq, Kudo üzrə Azərbaycan yığma komandası bir qızıl və bir gümüş medalla 27 iştirakçı ölkə arasında 11-ci yeri tutub.
Federasiyanın bu münasibətlə yaydığı bəyanatda idmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq bildirilib:
"İdmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında böyük əməkləri olan "Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyası" İctimai Birliyinin Fəxri prezidenti Adnan Əhmədzadənin və prezidenti Rafael Bunyatovun, birinci vitse-prezident Yuri Mustafayevin, vitse-prezidentlər Vəliyulla Bunyatov və Ənvər Həzərxanovun, eləcə də yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər".
Bundan əlavə, idmançılar Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbova və Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevə də öz təşəkkürlərini bildiriblər.