Bundan başqa iddialar var ki, Urmiya hadisələrini İran dövləti təşkil edib. Məqsəd Türkiyəyə qarşı oyundur. Ekspertlər deyir ki, Tehran kürdlərə dəstək verərək Güney Azərbaycan türkləri ilə Türkiyə arasında bufer zona yaratmaq istəyir.
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Urmiyada günlərdir davam edən aksiyalar öz növbəsində fərqli versiyaların irəli sürülməsinə əsas yaradır:
“Öncə onu deyim ki, İran dövləti uzun illərdir ki, etnik azlıqlara qarşı selektiv münasibət göstərir. Soydaşlarımız İranda ana dilində təhsildən məhrumdur. Bundan başqa ana dilində danışmaları da müxtəlif vasitələr ilə əngəllənir. Buna baxmayaraq kürdlər və ermənilərə geniş səlahiyyətlər verilir. Bu da istər-istəməz etirazlara səbəb olur.

İlyas Hüseynov
Bu gün Urmiyada Azərbaycan türkləri öz haqlarını tələb edir. Haqqı tapdanan etnik azlığın bu kimi reaksiyaları təbiidir. O ki qaldı Türkiyə məsələsinə, hesab edirəm, bu iddia realdır.
İran Güney Azərbaycanın Azərbaycandan başqa Türkiyədən ideoloji dəstək aldığını düşünür. Xüsusilə buna mədəni təsir deyilir. Ehtimal müstəqillik hərəkatının və Türkiyənin dəstəyinin qarşısını almaq üçün kürdlər sərhədə köçürülür. İran bu siyasəti əslində 10 ildən artıqdır icra edir. Lakin Güney azərbaycanlılar da buna səssiz qalmır”.