Dünən isə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olundu. Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırıldı. “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırladıldı.
Bu hadisələrin fonunda Azərbaycan-Rusiya münasibətlərinin aqibəti necə olacaq? Tərəflər daha hansı addımlar ata bilərlər?
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Rusiya-Azərbaycan arasında yaşanan ciddi gərginlik son bir aydır davam edir:

Müsahibimiz bildirdi ki, Rusiya məsələni yoluna qoymasa, iki dövlət arasında gərginliyin aradan qalxması gözlənilən deyil:
“İnanmıram ki, tərəflər arasında isinmə olsun. Demirəm, müharibə olacaq, amma bu gərginlik uzun müddət davam edə bilər. Düşünürəm ki, burada Rusiyanın üzərinə ciddi öhdəlik düşür, baş verən problemləri həll etmək üçün qoyulan şərtlər yerinə yetirilməlidir. Əks təqdirdə, münasibətlər daha da gərginləşəcək. Üstəlik, Rusiya azərbaycanlıların ölkə ərazində qalma müddətini azaltmaq istiqamətində də qərar verdi. Təbii ki, Azərbaycan da buna adekvat addım atdı. Rusiyada bu, adətdir – süni maneələr yaratmaq, bir hal olan kimi ona tez müdaxilə etmək və.s. Bu da təbii ki, Azərbaycan üçün xoş deyil, buna uyğun cavablar veriləcək. Gərginlik hələ ki asan bitəcək bir durum deyil. Ya Rusiya tərəfi açıqlama verəcək, boynuna alacaq, günahkarları cəzalandıracaq, təzminat ödəyəcək, ya da bu məsələ ciddi narazılıq və soyuqluq yaradacaq”.