“Oktyabrın 26-sı günün ilk saatlarında İsrail İrana növbəti danışılmış hücumunu həyata keçirdi. Tehranın Təl-Əvivə ikinci hücumunun baş verdiyi gündən etibarən İsrailin bu cavab zərbəsi gözlənilirdi. Həm region dövlətləri, həm də qlobal güclər vəziyyəti diqqətlə izləyirdilər. Çünki dünyanın taleyinin məhz bu hücumun nəticələrindən asılı olduğunu düşünənlər vardı”.

Kainat.tv xəbər verir ki, bunu politoloq Əlimusa İbrahimov deyib.

Politoloqun sözlərinə görə, ABŞ yaranmış vəziyyətdən narahat idi, çünki İsrail bu dəfə də onu eşitməyə, öz bildiyi kimi hərəkət edə bilərdi:

“Amma Təl-Əviv Ağ Evdən gələn hədə dolu xəbərdarlığı nəhayət eşitdi. İsrailin hücumu məhz ABŞ Prezidenti Co Baydenlə Dövlət katibi Entoni Blinkenin, o cümlədən İranın da istədiyi kimi alındı. Təbii ki, bir neçə gün İran və İsrail rəsmilərinin bu hücum ətrafında polemikaları davam edəcək. Tehran Təl-Əvivin bu hücumunun cavabını vermək barədə bəyanatlar səsləndirmir. Yəni cavab zərbəsi olmayacaq. Deməli İranın İsrailin bu hücumundan aldığı ziyan minimaldır. Yəni İran və ABŞ İsrailin bu hücumunu da “danışa” biliblər.

Cavab zərbəsinin danışılmış olduğunu göstərən digər səbəb isə İsrailin İranın hərbi obyektləri ilə yanaşı Suriya və İraqa da hücum etməsidir. Əgər yəhudilər həqiqətən İrana ağır zərbə endirmək istəsələr, bütün diqqəti ona yönəldərdilər”.



 Əlimusa İbrahimov

Ə.İbrahimov bildirib ki, İraq və Suriyanı hücum siyahısına salmaq, məhz İranı ciddi zədələməkdən çəkinmək məqsədilə həyata keçirilən addım kimi qəbul edilir:

“Digər tərəfdən, İrana hücumda 100-dən artıq qırıcı təyyarənin istifadə olunduğu barədə məlumat açıqlanıb. İsrail hərbi komandanlığının məlumatına görə, vurulan obyektlərin sayı cəmi 20-dir. 100 qırıcı təyyarə müxtəlif ölkələrin üzərindən keçərək 2000 km yol qət edir və cəmi 20 obyektə öz yükünü boşaldır. Müasir hava – yer raketləri ilə silahlanan 100-dən artıq qırıcı təyyarənin götürdüyü minlərlə bomba İranın az qala yarısını dağıtmağa bəs edərdi. Vurulan obyektlərin sayının 20 olması belə İran tərəfindən təkzib olunur.

Əlbəttə ki, hücumun belə zəif olması və genişmiqyaslı regional müharibəyə çevrilməyə şərait yaratmaması sevindiricidir. Amma bu hücum kəşfiyyat xarakterli olmasa və ya müvəqqəti səciyyə daşımasa belə nəticəyə gəlmək olar”. //Globalinfo.az