Gürcüstan prezidenti Salome Zurabişvili hökumətin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqları 2028-ci ilə qədər dayandırmaq qərarına cavab olaraq təşkil edilən etiraz aksiyalarında iştirak edib.

News24.az yerli mediaya istinadən xəbər verir ki, noyabrın 28-də axşam saatlarında Tbilisidə parlament binası yaxınlığında minlərlə insanın baş nazir İrakli Kobaxidzenin Aİ ilə danışıqları dayandırmaq qərarından narazılığını ifadə etdiyi etirazlar başlayıb. Gecə yarısına yaxın prezident Zurabişvili nümayişçilərə qoşularaq xalqın dəstəyini və yeni parlament seçkilərinin keçirilməsinin zəruriliyini bəyan edib.

Daha sonra o, Azadlıq meydanına gedərək polisə müraciət edərək onları etirazçılara qarşı güc tətbiq etməməyə çağırıb və hüquq-mühafizə orqanlarının xalqa xidmət etməli olduğunu xatırladıb.

Bu arada parlament qarşısında polislə nümayişçilər arasında toqquşma baş verib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze noyabrın 28-də bildirib ki, ölkə 2028-ci ilə qədər Aİ-yə üzvlük danışıqlarının başlanması məsələsini qaldırmayacaq.

Onun sözlərinə görə, Gürcüstan 2030-cu ilə qədər Aİ-yə daxil olmağa çalışır, lakin bu yol əlavə səylər və vaxt tələb edəcək.

O, həmçinin bəzi avropalı siyasətçiləri Gürcüstanın daxili işlərinə qarışmaqda ittiham edərək, Avropa Parlamentinin son 3 ildə qəbul etdiyi qərarların həm Gürcüstan cəmiyyəti, həm də Avropa institutları tərəfindən rədd edildiyini vurğulayıb.

Kobaxidze həmçinin Gürcüstanın 2028-ci ilə qədər Aİ-dən hər hansı maliyyə qrantını qəbul etməkdən imtina etdiyini bildirib və əlavə edib ki, ölkə Aİ-yə üzv olmaq üçün “yalvarmayacaq”, amma bunu ləyaqətlə, güclü iqtisadiyyat və sabit demokratiya ilə edəcək.

Avropa Parlamenti noyabrın 28-də yaydığı bəyanatda oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən narahatlığını bildirib və seçkilərə beynəlxalq nəzarət altında yenidən baxılmasına çağırıb.

Deputatlar həmçinin demokratik standartların zəiflədilməsinə və Gürcüstan hökuməti ilə rəsmi təmasların məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan gürcü məmurlarına qarşı sanksiyaların tətbiqinə çağırıblar.

Gürcüstan 2022-ci ilin martında Aİ-yə üzv olmaq üçün müraciət edib və həmin ilin dekabrında namizəd statusu alıb.

Bununla belə, 2023-cü ilin iyulunda mübahisəli “xarici təsirin şəffaflığı” qanununun qəbulundan sonra üzvlük prosesi dayandırılıb.
Oktyabrın 26-da keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası 53,93 faiz səs toplayaraq qalib gəlib.

Salome Zurabişvili və müxalifət qüvvələri hökuməti saxtakarlıqda ittiham edib və seçkilərin nəticələrinin tanınmayacağını bildiriblər. Noyabrın 19-da prezident seçkilərin nəticələrinin ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib.