BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Kainat.tv President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Sizi və bütün Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən təbrik edirəm.
Otuz ildən artıqdır ki, davam edən uğurlu və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndirir və ölkənizin dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu illər ərzində birgə əldə etdiyimiz nailiyyətlər və qarşılıqlı etimad bizim üçün çox böyük əhəmiyyət kəsb edir.
BP şirkəti olaraq, bu səmərəli tərəfdaşlığın uzun illər davam edəcəyinə və Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə xidmət edəcəyinə inanırıq.
Zati-aliləri, Sizi bu əlamətdar gün münasibətilə bir daha təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə daimi tərəqqi və inkişaf arzu edirəm".
Bundan başqa, Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedev də dövlətimizin başçısını təbrik edib:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan milli suverenlik illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, geniş beynəlxalq nüfuz qazanıb.
Respublika bu gün Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmləndirilməsi istiqamətində kompleks dövlət islahatları yolunda inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının tərəqqisinə və əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək, bizim Müstəqil Dövlətlər Birliyi çərçivəsində məhsuldar əməkdaşlığımız isə möhkəmlənəcək və inkişaf edəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, rifah, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".