İran Prezidenti Məsud Pezeşkianın yanvarın 14-də NBC telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkib. Pezeşkian Tehranın ABŞ Prezidenti Donald Trampa sui-qəsd təşkil etməsinə dair iddiaların həqiqəti əks etdirmədiyini, həmçinin onunla masaya oturmağa hazır olduqlarını bildirib. 

Müsahibədəki əsas məqam isə Pezeşkianın İranın nüvə obyektlərinə İsrailin mümkün hücumları ilə bağlı səsləndirdiyi fikirlərdir. Jurnalistin “İran belə bir hücuma cavab verəcəkmi?” sualına, Pezeşkian “Müharibə axtarışında deyilik, amma meydandan qaçmayacağıq” sözləri ilə qarşılıq verib.

Pezeşkian Vaşinqton və Təl-Əvivə hansı mesajı verir? Tehranın proqnozlaşdırılan təhlükə ilə bağlı planı nədir?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İran maksimum şəkildə ABŞ-la münasibətlərini yaxşılaşdırmağa çalışır:

“Pezeşkian hökumətinin əsas istəyi müharibənin qarşısını almaqdır. Çünki İran buna müqavimət göstərə biləcək gücdə deyil. İsrail isə bütün iradəsi və əlindəki resurslarla Vaşinqtonu Tehrana qarşı müharibəyə təhrik etməyə cəhd göstərir.

Donald Trampın yenidən hakimiyyətə qayıdışı bu məsələdə Təl-Əvivin mövqeyini gücləndirir. Çünki Tramp və komandası İrana qarşı sərt siyasətin tərəfdarlarıdır. Bu isə Tehranı ehtiyatlı olmağa vadar edir. Hələ Tramp and içməmişdən öncə, Pezeşkian hökuməti diqqəti vitse-prezident Məhəmməd Cavad Zərif və Ağ Evin yeni komandası arasında danışıqlara diqqət yönəltmişdi. Əsas məqsəd Trampı İrandan kənarda tutmaqdır. Rəsmi Tehran heç iqtisadi sanksiyalara da hazır deyil. Çünki ölkə iqtisadiyyatı bərbad haldadır. Bununla bağlı hətta paytaxtın köçürülməsi barədə də təşəbbüs var. Nəticə olaraq hələ ilk həmlədə İrana çox ciddi zərbə dəyəcək”.

zeynal serh
 Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Pezeşkian yaxında Trampla görüşərək münasibətlərin normallaşmasına çalışacaq:

“Hazırda Zərifin və xarici işlər naziri Abbas Əraqçının əsas işi məhz bu görüşün təşkilidir. Məsələyə ali dini lider Ayətullah Əli Xamenei də dəstək verir. İrana hücum olarsa, təbii ki, rəsmi Tehran buna cavab verməyə çalışacaq, ancaq gücünün yetdiyi qədər edə bilər. Trampa sui – qəsdlə bağlı İranın ittiham edilməsi də onları çətin vəziyyətdə qoyur. Pezeşkian hökumətinin əsas vəzifələrindən biri Ağ Evin yeni sahibini belə bir işə qol qoymadılarına inandırmaqdır. İstənilən halda, növbəti 4 il İran üçün olduqca çətin keçəcək. Yaxın zamanda Tehrana ağır iqtisadi sanksiyaların tətbiqi, havadan hücum əməliyyatları istisna deyil”.