Ermənistanda səfərdə olan Polşa prezidenti Anjey Duda Arazdəyəndə olub və Ermənistanda yerləşən Avropa İttifaqının (Aİ) müşahidəçiləri ilə patrul xidməti həyata keçirib. “Yeni Müsavat”ın məlumatına görə, Polşa prezidentinin X ofisi mikrobloqda xəbər verir ki, o, missiyanın tərkibində olan polyaklarla da görüşüb.
“Aİ-nin Ermənistan Respublikasındakı missiyasının rəhbəri Markus Ritter, müavini isə Pole Marek Kuberskidir. Missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb, onun vəzifələrinə Ermənistan və Azərbaycan sərhədində vəziyyətin monitorinqi və patrul xidməti daxildir”, - məlumatda deyilir.
Təbii ki, Polşa prezidentinin bu addımı rəsmi Bakının reaksiyasına səbəb olub. Xarici İşlər Nazirliyi Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə sərt münasibət bildirib. Qeyd edilib ki, Polşa prezidentinin Ermənistan-Azərbaycan sərhəd ərazisinə səfəri müxtəlif Avropa İttifaqına üzv ölkələrin və Avropa institutlarının Azərbaycan əleyhinə siyasətinin bir daha nümayişidir. “Rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşı olan bir ölkənin prezidentinin Azərbaycan-Polşa münasibətlərinin gərginləşməsinə səbəb olan yolverilməz diplomatik "binokl şousu"na qatılmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Azərbaycan rəsmilərinin Polşa Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə göndərdiyi çoxsaylı mesajlara baxmayaraq, Polşa tərəfi bu provokativ addımdan çəkinmədi", - məlumatda bildirilib. Bəyanatda vurğulanıb ki, Azərbaycan bu dost olmayan addıma qarşı lazımi diplomatik tədbirləri görmək hüququnu saxlayır.
Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb. Məlumata görə, görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib. Qeyd edək ki, Duda İrəvanda deyib ki, Polşa Avropa Birliyinin Ermənistan-Azərbaycan sərhədindəki müşahidə missiyasının tərkibindəki nümayəndələrinin sayını artırmağı nəzərdən keçirir.
Qərbi Azərbaycanın Vedibasar mahalının Arazdəyən kəndini ermənilər “Ararat vilayətinin Yerasx kəndi” adlandırır. Arazdəyən vaxtilə azərbaycanlıların yaşadığı və sonralar deportasiya edildiyi kənddir. Kənd Araz çayının yaxınlığında yerləşdiyinə görə belə adlandırılıb. Arazdəyənin ərazisi Sədərək rayonu ilə həmsərhəddir. Tarixi mənbələrə görə, kənddə əvvəllər ancaq azərbaycanlılar yaşayıb, sonra ora az sayda ermənilər də köçüb gəlib. Daha dəqiqi, ermənilər bura 1897-ci ildə köçürülüb. Sonuncu deportasiya zamanı - 1988-ci ildə azərbaycanlılar kənddən didərgin salınıb. Bu yaşayış məntəqəsi Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Çünki kənd İrəvan-Naxçıvan-Bakı avtomobil yolunun üzərində yerləşir. İrəvan-Naxçıvan-Bakı dəmiryol xətti də Arazdəyən kəndindən keçir. Arazdəyən kəndi ətrafındakı yüksəklikdə Ermənistan və Azərbaycan Ordusunun mövqeləri üzbəüzdür.
Qeyd edək ki, 2025-ci ilin yanvarından etibarən Avropa İttifaqı (Aİ) Şurasının rəhbərliyi Polşaya keçəcək. Sözsüz ki, Dudanın aktivliyi Aİ-nin Ermənistanda olan missiyasının vaxtının uzadılması ilə bağlıdır. Varşava-Bakı münasibətləri də hər zaman əməkdaşlıq çərçivəsində olub. Amma Duda onu da bilməli idi ki, müşahidəçi missiyasının fəaliyyəti də, fevraldan sonra isə missiyanın vaxtının uzadılması planı da proseslərə zərbə vurur. Ona görə də müşahidə missiyasının bölgədən getməsinə ehtiyac var. Bəs qarşıdakı dönəmdə Varşava ilə münasibətlər necə olmalıdır? Polşa rəhbərliyi son addımı ilə nə etmək istəyir?
Sahib Alıyev
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bir sıra vacib nüanslara toxundu: “Polşa prezidentinin Qərb diplomatları və kəşfiyyatçılarının Azərbaycana təzyiq xarakterli "binokl şouları"na qatılan ilk dövlət başçısı kimi tarixə düşməsi, özünə şərəf gətirmədiyi kimi, ölkəsinə də zərərdən, bir də din təəssübkeşliyi məsələlərini kontrolda saxlayan mərkəzdən quru təşəkkürdən başqa heç nə verəsi deyil. Bu onu göstərir ki, Polşa özü də əslində mahiyyətcə bir az “Böyük Ermənistan”dır, yəni digər güclərin diktəsi ilə hərəkət edir". S.Alıyev əlavə etdi ki, bütün hallarda Dudanın adlarını “mülki” qoyan Avropa Birliyinin kəşfiyyat missiyasının üzvləri ilə birgə binoklla Arazdəyəndən bizim Sədərəkdəki mövqelərimizi izləməsi yanındakılardan heç də fərqlənmədiyini, əyləşdiyi postun böyüklüyünə baxmayaraq prezident Makron kimi onun da lider və dövlət xadimi keyfiyyəti daşımadığını təsdiqləyir: “Üstəlik, onun guya dəstək xarakterli bu bambılılığı Ermənistana yaxşı heç nə verəsi deyil. Unutmaq lazım deyil ki, Polşanın atdığı az qala hər addımı razılaşdırdığı ABŞ həmin Arazdəyəndə böyük zavod tikirdi, özülü də qoyulmuşdu, amma planları baş tutmadı. Çox təəssüf ki, Ermənistan rəhbərliyi bundan bir dərs çıxarmayıb. İrəvanda hələ də anlamırlar ki, dudaların gəlib bir neçə dəqiqəlik oradan Azərbaycanı seyr etmələri bu regionda İkinci Qarabağ savaşından sonra yaranan geosiyasi reallığı dəyişə bilməz. Amma Azərbaycanın Xarici İşlər Nazirliyinin açıqlamasında da vurgulandığı kimi, həmin Dudanın başında durduğu ölkəyə bizim yanaşmamızı dəyişəcək”.
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə bildirdi ki, Polşa prezidenti Anjey Dudanın Ermənistandakı saxta Aİ missiyasını ziyarət edib “binokl şousu”nda iştirakı təəssüfedici məqamdır: “Azərbaycanın xəbərdarlıqlarına və yaxşı münasibətlərimizə baxmayaraq, belə addımın atılması Polşanın kimlərinsə siyasi oyununun piyadasına çevrildiyini göstərir. Aİ daxilində missiya ilə bağlı yekdil qərar yoxdur. Ümumiyyətlə, 2 illik mülki missiyanın hansı işlər görəcəyi də tam bəlli deyil. Əgər əsas məqsəd Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmağı ilə bağlıdırsa, o zaman Şarl Mişelin moderatorluğu ilə Brüsseldə uğurlu format təsis edilmişdi. Azərbaycan Prezidenti bu formatın yararlı olduğunu dəfələrlə bildirib. Eyni zamanda hadisələrin sonrakı məcrası da göstərdi ki, Aİ daxilində ciddi kataklizmlər mövcuddur. Aİ-nin moderatorluğunu Fransa və Ermənistan sabotaj etdi. Həmçinin Aİ daxilində mövcud olan uğurlu kommunikasiya strategiyası da iflasa uğrayıb. Bu gün Şarl Mişel, Ursula von der Leyen, Jozef Borrel kimi önəmli siyasi fiqurlar Azərbaycanın siyasi əhəmiyyətini qeyd edirlər. Avropa Parlamenti kimi korrupsiyaya bulaşan qurumlar isə bütün Avropanın siyasi fikirlərini əsla ifadə edə bilməz”. T.İsmayılovun sözlərinə görə, hər kəs bilir ki, Ermənistana gələn Aİ missiyası həm də Paşinyanın rəsmi Moskvaya qarşı növbəti demarşıdır: “Burada vacib nüanslardan biri də odur ki, Rusiya və Qərb arasındakı geopolitik qarşıdurma Ermənistan ərazilərində daha da dərinləşəcək. Polşa isə burada fəallıq göstərməyə çalışaraq vəziyyəti dərindən təhlil edə bilmir. Dudanın addımı göstərdi ki, Polşaya heç vaxt güvənə bilmərik”.
Elşad PAŞASOY