Abşeron rayon İcra Hakimiyyəti ilə “anlaşan” maklerlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsini saymırlar.
Abşeron rayon Masazır qəsəbəsində kreditlə satılan və vətəndaşlar üçün sərfəli qiymətə olan evlərin yalnız torpaq sənədinin olması barədə məlumat vermişdik. Belə ki, ev satışı ilə məşğul olan "maklerlər" Abşeron rayon icra hakimiyyəti ilə anlaşaraq, heç bir rəsmi icazə olmadan evlərin tikintisini rahat şəkildə aparırlar.

Kainat.tv AzFakt.com-a istinadən xəbər verir ki, Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində (569-cu marşrutun sonuncu dayanacağı) sənədi olmayan evlərin tikintisi və satışı ilə “KH İnşaat” adlı şirkət məşğul olur. İnternet resurslarında apardığımız axtarışda “KH İnşaat” adlı şirkət barədə heç bir məlumata rast gəlmədik.

Qeyd edək ki, Tik-Tok sosial platformasında “Kreditlə həyət evləri” səhifəsi gündəlik canlı açaraq vətəndaşlara kreditə sərfəli qiymətlərlə ev təklif edilir. Səhifədə açıq şəkildə bildirilir ki, evlərin sənədi yoxdur, yalnız torpağın çıxarışı var. Bu isə o anlama gəlir ki, hazırda Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərin tikintisi üçün aidiyyəti qurum olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir rəsmi icazəsi yoxdur.
Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərlə bağlı heç bir məlumat yoxdur.

Məlumata görə tikinti işlərini davam etdirən “KH İnşaat” adlı şirkət Abşeron icra hakimiyyəti ilə “anlaşdığı” üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsini saymır.

Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçiləri ərazidən keçsələr də, aparılan tikintiləri “görməməzliyə” vururlar. İddialar görə “KH İnşaat” adlı şirkət hər iki qurumun Abşeron rayonuna nəzarət etdiyi işçilərini ələ alıb.
Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq.









