Sabah ABŞ-da prezident seçkiləri keçiriləcək. Rəy sorğularına əsasən ABŞ-ın vitse-prezidenti, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris eks-prezident, Respublikaçı Donald Trampı seçki reytinqində üç faiz bəndi ilə qabaqlayır.

Hansı namizəd qələbəyə daha yaxındır? ABŞ-ı və dünyanı nə gözləyir?

Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da prezident seçkiləri çox gərgin atmosferdə keçir:

“ABŞ tarixinin ən rəqabətli seçkilərindən biridir. Bunun da bir çox səbəbləri var. İlk növbədə ABŞ-ın prezidenti həm xarici siyasət, həm də dünya iqtisadiyyatı ilə bağlı əsas qərarverici şəxslərdən biridir. İkinci Dünya müharibəsindən sonra hazırkı seçkilər dünyanın ən ağır dövrlərindən birinə təsadüf edir. Çünki əksər qaynar nöqtələrdə müharibələr hökm sürür. Soyuq müharibədən sonra ilk dəfədir ki, ABŞ Şərq bloku ilə üz-üzə gəlib”.



Politoloqun sözlərinə görə, ABŞ və Avropa arasıda müəyyən problemlər var:

“Bu kimi amillər seçkilərə təsir göstərir. Həm Demokratlar, həm də Respublikaçılar partiyasının xəttini müdafiə edən iki radikal siyasətçi – Kamala Harris və Donald Tramp arasında güclü rəqabət gedir. Keçirilən rəy sorğuları Harrisin müəyyən qədər üstünlük qazandığını göstərir. Lakin bu nəticələrin dəyişməsi gözləniləndir. Çünki seçkilərlə bağlı tərəddüd edən müəyyən ştatlar var. Onlar nəticələrə çox ciddi təsir göstərə bilərlər. Son iki gündə hər hansı sürpriz yaşanmasa, Kamala Harrisin ABŞ-ın yeni və ilk qadın prezidenti olmaq şansı kifayət qədər böyükdür”.