Ukrayna müharibəsinin bitməsi fonunda Qərbin Ermənistanı savaşa təhrik etməsi mümkündürmü? Fransanın bu bəyanatlarının altında nə dayanır? Zəngəzurda səngərlər qazan, döyüş mövqeləri inşa edən Ermənistan təxribata cəhd etsə, Bakı qeyri-simmetrik cavab verə bilərmi?
Kainat.tv xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, son illərdə Fransa Ermənistanı davamlı şəkildə silahlandırmağa və bölgədə təhdid yaratmağa davam edir:
“Rəsmi Parisin əsas məqsədi Cənubi Qafqazda mümkün qədər möhkəmlənmək və güclənməkdir. Xatırlatmaq yerinə düşər ki, Fransa son dövrlərdə Afrika və Okeaniyada yerləşən bir neçə əsas ölkədə öz dayaqlarını itirdi. Fransız ordusu Afrikanın bir neçə əsas ölkəsini tərk etməli oldu. Belə görünür ki, Makron bu itkiləri Cənubi Qafqazda möhkəmlənməklə kompensasiya etmək istəyir”.
Siyasi şərhçi vurğulayıb ki, bölgəmiz coğrafi olaraq kiçik olsa da, strateji əhəmiyyətinə görə kilid nöqtədə yerləşir:
“Savaş ehtimalına gəlincə, Ermənistan hərbi-siyasi rəhbərliyinin bu riskli addımı atacağını gözləmirəm. Maksimum sərhəddə qısamüddətli hərbi toqquşmalar ola bilər. Bu baş verərsə, rəsmi Bakının cavabı çox sərt olacaq. Çünki bu barədə Prezident İlham Əliyev qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Ümid edək ki, Ermənistan tərəfi bu xəbərdarlıqlardan lazımi nəticəni çıxaracaq və bölgədə sülhə yeni təhdid yaratmayacaq”.