Almaniyanın Suriya, Əfqanıstan və Pakistanəsilli qanunsuz mühacirləri Türkiyəyə göndərdiyi barədə iddialar ölkədə böyük rezonans doğurub.

Kainat.tv xəbər verir ki, bəzi kütləvi informasiya vasitələrində yayılan bu xəbərləri təkzib edən Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin üçüncü ölkə vətəndaşlarını qəbul etməsi ilə bağlı hər hansı bir təcrübənin olmadığını bildirib və Reabsorpsiya (Geri qəbul) sazişinin yalnız Türkiyə vətəndaşlarını əhatə etdiyini vurğulayıb.

Bundan əlavə, ictimaiyyəti çaşdırmağa yönəlmiş məlumatları yayanlar barəsində hüquqi prosesin başladıldığı elan olunub.

Kommunikasiya İdarəsinin nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bəzi media orqanlarında yer alan "Almaniya Suriya, Əfqanıstan, Pakistan və digər ölkələrin vətəndaşlarını Reabsorpsiya sazişi çərçivəsində Türkiyəyə göndərir" iddiaları ilə bağlı rəsmi açıqlama yayıb.

DMM-in sosial şəbəkə hesabında edilən paylaşımda sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub. Bəyanatda Türkiyənin digər dövlətlərdən üçüncü ölkə vətəndaşlarını qəbul etməsinə dair hər hansı bir hüquqi prosedurunun mövcud olmadığı ifadə edilib.

Mərkəz Türkiyə-Avropa İttifaqı Reabsorpsiya Sazişinin yalnız Türkiyə vətəndaşlarına şamil olunduğunu xatırladıb. Bu çərçivədə xarici ölkə vətəndaşlarının Türkiyə tərəfindən geri alınmasının qeyri-mümkün olduğu, həmin şəxslərin birbaşa öz doğma ölkələrinə deportasiya edildiyi diqqətə çatdırılıb.

Açıqlamada həmçinin vurğulanıb ki, cinayət törətmiş və ya qanuni yaşayış icazəsi olmayan xaricilərin Türkiyəyə ekstradisiya edilməsi hüquqi cəhətdən mümkün deyil.

DMM ictimaiyyətdə yanlış rəy yaratmaq və təxribat törətmək məqsədi daşıyan bu növ paylaşımlarla bağlı zəruri hüquqi tədbirlərin görüldüyünü elan edib.

Vətəndaşlara çağırış edən Mərkəz bu növ iddialarla qarşılaşdıqda yalnız rəsmi qurumların bəyanatlarına etibar etməyin vacibliyini xatırladıb.//Musavat.com