Mayın 10-u müasir Azərbaycan dövlətinin qurucusu, xalqın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Azərbaycan tarixində müstəsna yeri olan Heydər Əliyev müstəqil dövlətçilik fəlsəfəsini formalaşdırmış böyük dövlət xadimi kimi yadda qalıb. Onun fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm tarixi mərhələ hesab olunur.
Onun dövlət quruculuğu modeli yalnız siyasi idarəetmə ilə məhdudlaşmırdı. Heydər Əliyev dövlətçiliyi milli kimliyin, milli iradənin və dövlət gücünün əsas dayağı kimi qiymətləndirirdi. O hesab edirdi ki, güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi yaddaşının yaşadılması və milli birlik ruhunun gücləndirilməsi ilə formalaşır. Bu baxımdan onun siyasətində azərbaycançılıq ideologiyası mühüm yer tuturdu.
Heydər Əliyev hənçinin, milli dəyərlərin qorunmasını müasir idarəetmə prinsipləri ilə uzlaşdırmağa çalışan lider idi. Bir tərəfdən milli-mədəni irsin, ana dilinin, adət-ənənələrin qorunmasına xüsusi diqqət yetirilir, digər tərəfdən isə dövlət idarəçiliyində müasir yanaşmalar tətbiq olunurdu. Bu siyasət Azərbaycanın həm milli özünəməxsusluğunu qorumasına, həm də beynəlxalq sistemə inteqrasiya etməsinə şərait yaratdı.
Ümummilli liderin dövlətçilik konsepsiyasında hüquqi dövlət və güclü institutların formalaşdırılması xüsusi əhəmiyyət daşıyırdı. Onun rəhbərliyi dövründə Konstitusiyanın qəbul edilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, qanunvericilik bazasının yaradılması və institusional islahatların həyata keçirilməsi müasir Azərbaycan dövlətinin əsaslarını formalaşdırdı. Bu proseslər ölkədə idarəetmə sabitliyinin təmin olunmasına və dövlət institutlarının möhkəmlənməsinə xidmət etdi.
Heydər Əliyev eyni zamanda təhsil, elm, mədəniyyət və gənclər siyasətini dövlətin gələcəyi baxımından strateji sahələr hesab edirdi. O, dəfələrlə vurğulayırdı ki, ölkənin gələcəyi savadlı, milli ruhda yetişən vətənpərvər gənclərdən asılıdır. Bu yanaşma nəticəsində milli təhsil sisteminin inkişafı, Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi və milli-mədəni irsin qorunması istiqamətində mühüm addımlar atıldı.Onun xarici siyasət kursu da Azərbaycanın milli maraqlarına əsaslanırdı. Balanslaşdırılmış və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirdi. Heydər Əliyev ölkənin geosiyasi mövqeyini düzgün qiymətləndirərək Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə strateji əhəmiyyətini artırmağa nail oldu.
Beləliklə, bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Dövlət müstəqilliyinin qorunması, güclü iqtisadiyyatın qurulması, milli birliyin möhkəmləndirilməsi və müasir idarəetmə modelinin formalaşdırılması onun siyasi irsinin əsas istiqamətlərini təşkil edir.
Xalidə Gəray