Bu xəbər başlıqların əsasən sosial təbəqə, pensiyaçılar, yardım alanlar və digər həssas qruplarla bağlı olması isə daha böyük təhlükə yaradır. Bu, doğru yanaşma və düzgün media siyasəti deyil.
Bəlkə də bunu bilərəkdən edirlər, bəlkə də reklam verən hansısa rəsmi qurum xəbərlərin başlıqlarının məhz belə olmasını istəyir. Amma bu, qətiyyən doğru addım deyil və mənfi təsirləri artıq açıq şəkildə görünür. İnsanlar artıq xəbərlərə inanmırlar, belə başlıqlar altına olan xəbərləri sevinərək oxuyurlar, amma oxuyanda əsəbi şəkildə söyüb bağlayırlar. Daha sonra isə fərqli düşünməyə başlayırlar...
Media siyasətinin bu formada davam etməsini istəyənlər buna son verməlidir. Bu, tamamilə yanlış siyasətdir və biabırçılıqdır. Vətəndaşların dövlətə, onun qurumlarına, atılan addımlara, pensiya, təqaüd və sosial yardım siyasətinə olan etimadı ciddi təhlükə altına düşür. Aidiyyəti qurumlar bu kimi xəbərlərin hansı məqsədlə və hansı sifarişlə yayımlandığını araşdırmalıdır. Bəlkə də doğrudan hansısa qüvvələr məhz xəbərlərin bu şəkildə yayılmasını istəyir və dövlətlə vətəndaş arasında böyük bir uçurum yaratmağa çalışırlar.
Bu məsələ bəzi şəxslərə sadə görünə bilər. Amma uzun müddətdir davam edən və son aylarda daha da biabırçı hal alan bu vəziyyət artıq ciddi ziyan vurmağa başlayıb, insanların mediaya və xəbərlərə olan etibarını itirməsinə səbəb olub.
“Şad xəbər – Pensiyalar verildi” başlığı altında yayılan xəbərləri oxuyanda görürsən ki, söhbət sadəcə Naxçıvanda verilən pensiyalardan gedir. “Pensiya və təqaüd alanların diqqətinə: Yeni rəqəmlər AÇIQLANDI” başlığına baxanda isə insan elə düşünür ki, pensiyalar artıb və ya yeni qərar qəbul olunub, insanlar sevinəcək. Amma xəbəri oxuyanda məlum olur ki, söhbət ümumi statistik rəqəmlərdən gedir və bunun pensiyaçı üçün heç bir real əhəmiyyəti yoxdur. Belə başlıqlar minlərlədir...
Məlumata görə, belə xəbərlərin başlıqlarının məhz bu formada qoyulması Dövlət Sosial Müdafiə Fondundan gəlir. Reklam ödənişləri alan bəzi saytlara “başlığı bizim istədiyimiz kimi qoyun” deyilir. Əlbəttə, bu proses boyu Dövlət Sosial Müdafiə Fondu rəhbərliyi elə görüntü yaratmağa çalışır və fəaliyyətlərini göstərirlər. Amma bu formada, aldadıcı, yalnız öz işlərinin qabardılması naminə edilməsi doğru deyil və ola bilsin ki, onlar bunun fəsadlarını başa düşmürlər.
Dövlət Sosial Müdafiə Fondu niyə belə tələblər qoymalıdır? Rəhbərlik bu vəzifəyə məhz buna görə təyin olunub ki, onlar dövlətin qazandığı vəsaiti vətəndaşa çatdırsın. Yəni Fond rəhbərliyi haradansa özəl gəlir əldə edib vətəndaşa pensiya, sosial yardım və digər ödənişlər vermir ki, bunu xüsusi xidmət kimi təqdim edib özünüm istədiyini istədiyi formada, formatda yaysın. Ona görə də, məhz bu faktlar araşdırılmalıdır. Bu başlıqlar altında mediada yayılan məlumatların hansı məqsəd daşıdığı araşdırılmalıdır. Çünki bu cür başlıqlar vətəndaşın dövlətə olan inamını ciddi şəkildə sarsıdır və etimadı azaldır. Vətəndaş dövlətinə inanmadıqca problemlər daha da artır, vətənə və dövlətə bağlılıq zəifləyir. Biz artıq bunun şahidi oluruq. Bu gün gənc nəsil sürətlə ölkəni tərk etmək arzusu ilə yaşayır. Bu prosesdə ən vacib amillərdən biri də media təbliğatıdır və bu təbliğat uzun illərdir yanlış istiqamətdə aparılır.
Hansı nəzarət mexanizmi mövcuddur? Əgər nəzarət varsa, illərdir bu başlıqlar altında yayılan xəbərlərin cəmiyyətə vurduğu ziyanı niyə görə bilmirlər?
Ədil Hüseynli