ABŞ BP şirkətinə Azərbaycandakı nəhəng qaz layihəsində sanksiya tətbiq edilmiş İran və Rusiya tərəfdaşlarının iştirakı ilə ödənişləri həyata keçirmək üçün lisenziyanın müddətini uzadıb.
Kainat.tv Musavat.com-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg News" məlumat yayıb.
"Şahdəniz" qaz-kondensat yatağının işlənilməsi üzrə konsorsiumun tərkibinə Rusiyanın "LUKOYL" şirkəti və İranın "NICO" (İran Milli Neft Şirkəti) müəssisəsi daxildir.
Konsorsiumun operatoru 29,99%-lik payla BP şirkətidir. 2025-ci ilin ortalarına olan məlumata görə, səhmlərin digər hissəsi aşağıdakı kimi bölünüb:
"LUKOYL" (Rusiya): 19,99%
TPAO (Türkiyə): 19%
"Cənub Qaz Dəhlizi" (SOCAR və Azərbaycan İqtisadiyyat Nazirliyi): 16,02%
NICO (İran): 10%
MVM (Macarıstan): 5%
Qeyd olunur ki, "NICO" şirkəti "Şahdəniz" layihəsində fəaliyyətin ilk dövrlərindən təmsil olunur. ABŞ-ın sanksiyaları altında olan İran şirkətinin Xəzər dənizindəki bu iri layihədə iştirakı rəsmi Vaşinqtonla razılaşdırılıb. Birləşmiş Ştatlar BP-yə bu konsorsium çərçivəsində İran tərəfi ilə əməkdaşlığı davam etdirməyə icazə verib.
Xatırladaq ki, Rusiyanın "LUKOYL" şirkəti ötən il ABŞ-ın sanksiyalar siyahısına daxil edilib. Həmin vaxt ABŞ hökuməti şirkətə Azərbaycandakı aktivləri də daxil olmaqla, xaricdəki mülkiyyətlərini satmaq üçün vaxt tanımışdı. Lakin indiyədək "LUKOYL" sözügedən aktivlər üçün alıcı tapa bilməyib.