Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti çərçivəsində Bakıya gələn siyasilər və ölkə başçılarınin bir-biriləri ilə qarşılıqlı müzakirələr apardıqlarına dair mediada məlumatlar dərc olunur.

Turan İnformasiya Agentliyinin verdiyi məlumata görə, noyabrın 13-də Beynəlxalq Qırmızı Xaç Komitəsi və Əfqanıstan Taliban Hərəkatının nümayəndələri COP29 konfransı çərçivəsində Bakıda danışıqlar aparıblar. Gizli formada baş tutan bu görüşdə hansı məsələlərin müzakirə olunduğuna dair rəsmi məlumat verilməyib. Lakin ehtimal olunur ki, müzakirə mözvuları içərisinə girovların azad edilməsi də daxildir.

Kainat.tv xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Əli Mustafayev deyib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Taliban təmsilçiləri arasında görüşün qapalı keçirilməsində təəccüblü nüans yoxdur:

“Hansı məsələlərin müzakirə olunduğu ilə bağlı rəsmi məlumat verilməyib. Qeyri-rəsmi məlumatlardan aydın olur ki, girovlar məsələsi müzakirə eeilib. Taliban hakimiyyətə gəldikdən sonra bu barədə dünya informasiya məkanında məlumat çox az saydadır. Sanki Əfqanıstan qapalı bölgədir. Ona görə də danışıqların gizli baş tutması normal qarşılanmalıdır. Burada hansı girovlardan söhbət getdiyi barədə də məlumat yoxdur”.



 Əli Mustafayev

Əli Mustafayev bu məsələnin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən qaldırılmasını təsadüf hesab etmir:

“Bir çox hallarda müxtəlif siyasi qüvvələr, hətta dövlətlər arasında müəyyən məsələlərin həllini tapmasında Qırmızı Xaç Komitəsi vasitəçilik edir. Doğrudur, bu, təşkilatın özünün təyinatına uyğun məsələlərdir. Bəzi hallarda isə beynəlxalq münasibətlər sistemində ondan siyasi alət kimi istifadə olunur. Əfqanıstanda taliblərin hakimiyyəti dönəmində hansısa şəxslərin həbs olunması, girov götürülməsi mümkündür. Onların azad olunmasında Qərb ölkələri Qırmızı Xaç Komitəsindən vasitəçi kimi istifadə edə bilər. Vaxtilə ABŞ Əfqanıstandan çıxanda insanların kütləvi şəkildə Əfqanıstandan qaçmasını müşahidə edirdik. Talibanın da müəyyən tələblərinin olması gözləniləndir. Lakin bütün proseslər məxfi formada həyata keçirilir”