İmperiya şovinizmi Rusiyadakı azərbaycanlıları canilər və ən yaxşı halda "bazar adamları" kimi təqdim edir.

Teleqraf xəbər verir ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən zorakılıqlar fonunda "Vestnik Kafkaza" portalı maraqlı bir araşdırma ilə çıxış edib.

Yazı "Rusiyadakı azərbaycanlılar - Onlar kimlərdir?" adlanır. Müəllif Vera Andreyeva məqalədə yaxın keçmişdə Rusiyada qəhrəmanlıqları ilə ad çıxarmış azərbaycanlıların bir qismindən danışıb. O, qeyd edib ki, "xalqlar arasında nifaq toxumu səpmək istəyənlər bu qəhrəmanları görməzdən gəlirlər".

Teleqraf yazıda adları sadalanan qəhrəmanları oxuculara təqdim edir.

Salam Nağıyev. 2013
Salaməddin Nağıyev Azərbaycandan Moskva vilayətinə atasının yanına qonaq gəlir. Lyuberetski və Ramenski rayonlarının qovşağında axan Pexorka çayı boyunca gəzərkən suda batmaqda olan üç qızın harayını eşidir. Salam körpüdən atılıb,qızlardan ikisini sudan çıxarır, amma sonuncu qızı səthə çıxardıqdan sonra özü xilas ola bilmir. Salaməddin Nağıyevin 21 yaşı var idi.

Qəhrəman xilaskarı olduğu qızların və onların valideynlərinin yaddaşında əbədi olaraq qalacaq. Ancaq dəhşətli olan burasıdır ki, Lyuberetski və Ramenski rayonlarının hökumət orqanları uzun müddət hadisənin hansı ərazisində baş verdiyinə qərar verə bilmədilər və buna görə də heç kim onun cəsədinin sudan çıxarılması ilə məşğul olmaq istəmədi. Salamın yaxınları öz hesablarına dalğıc çağırmalı olublar. S.Nağıyevin meyiti yalnız faciədən beş gün sonra bəndin altından çıxarıldı.

Rəhimov qardaşları və Xəyam Şirinov. 2014
Bu hadisə isə Krasnoyarskda baş verib - Vavilov küçəsində qaynar su borusu partlayıb. Fəvvarənin hündürlüyü 25 metrə çatıb. Hərəkəti məhdudlaşdırmağa imkan tapmayıblar, çünki buxardann heç nəyi görmək mümkün deyildi. Qəza yerinə yaxınlaşan sərnişinlə dolu avtobus sürücüsü əyləci basmağa imkan tapmayıb və düz "gölməçənin" içərisinə düşüb. Qaynar su mühərrik bölməsinə dəyib və avtobusun içinə dolub.

Ətrafa toplaşan tamaşaçılar sərnişinlərinin diri-diri qaynadığını izləyirdilər - qapılar sıxılmışdı. Yalnız radio bazarında - faciənin baş verdiyi ərazinin yaxınlığında işləyən Səbuhi Rəhimov köməyə tələsdi. O, yumruğu ilə avtobusun arxa şüşəsini sındırmağa çalışsa da, buna nail olmadı - yumruqları qan içində olan Səbuhi bir daş tapıb şüşəni qırdı. Bu zaman artıq qardaşı Tural və iş yoldaşı Xəyam Şirinovla bərabər radio bazarındakı daha iki satıcı ona kömək etməyə qaçdılar. Birlikdə onlar qapıları zorla açdılar və avtobusdan onlarla yanmış insanı çıxardılar - sərnişinlərin hamısı müxtəlif dərəcəli termik yanıqlara məruz qalmışdılar. Qəhrəmanları cəsarət və şücaətlərinə görə mükafatlandırdılar, araşdırma aparıldı və məlum oldu ki, partlamış borunun təxminən 40 "yaşı var", o, çoxdan dəyişdirilməli idi.

Baxış Kərimov. 2017
Baxış Kərimov yol polisi müfəttişi olsa da, öz şücaətini xidməti vəzifəsindən kənarda göstərib. Baxış Sverdlovsk rayonunun Pervomayskoye kəndində növbədən evə qayıdarkən fərdi yaşayış evinin yandığını görüb. O, elə hadisə yerinə qaça-qaça yanğınsöndürmə briqadasını çağırıb, pəncərəni sındırıb, alov içində olan evin içərisinə atılıb, iki-yeddi yaş arası dörd uşağı və onların valideynlərini çıxarıb. Baxış sonradan deyib ki, qorxu haqqında düşünməyib - buna vaxtı olmayıb.

Aydın Qəmbərov. 2018
Tolyattidə, Kopilov yarımadasında buzun arasından yıxılan 12 yaşlı uşağı polis polkovniki Aydın Qəmbərov xilas edib. Yeni ilin ilk günü uşaqlar kanalın üzərində konki sürürmüşlər, onlardan biri isə suyun altına düşüb. Yeni ildə kanalın kənarında yaşayan dostuna baş çəkməyə gələn A.Qəmbərov qışqırıq eşidib. Onun uşağı sudan necə çıxardığını oğlu Ruslan və qızı Leyla da görüblər. Onlar atalarının yanına qaçıb, onu qucaqlayıb və uzun müddət buraxmayıblar.

Aydın Qəmbərov Rusiya Daxili İşlər Nazirliyinin “Xilas naminə igidliyə görə” və “Xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib. Bu qayğıkeş insanı hələ kanalda baş verən hadisədən əvvəl də tanınırmış: o, uzun illər Tolyattidəki "Berejok" uşaq psixonevroloji sanatoriyasına kömək edib və indi də kömək etməkdə davam edir, ehtiyacı olanlar üçün zəruri məhsullar alır və digər könüllü işlərlə məşğul olur..

Salman Sultanov. 2024
Noyabrın 24-də Soçi-Antalya reysi ilə uçan təyyarə sərt eniş etdikdən sonra yanıb. Sərnişinlər təşvişə düşüblər - təyyarədə nəfəs almaq mümkün deyilmiş. Xoşbəxtlikdən Krasnodardakı meyvə satıcısı Salman da göyərtədə imiş.

O, Bakının Bilgəh qəsəbəsində doğulub, lakin on beş ildir ki, Krasnodarda yaşayır. Onun işi tez-tez təyyarə ilə uçmağı tələb edir. Həmin gün Salmanın nəsə pis bir hadisə olacağını hiss edibmiş - bütün uçuş boyu dua oxuyurmuş. O deyir ki, bəlkə də, sərnişinləri ölümdən elə bu məqam xilas edib. Amma necə deyərlər, Allah deyir, səndən hərəkət, məndən bərəkət. Buna görə də təyyarə sərt enişdən sonra alovlananda Salman təşviş içində olan stüardessanın aça bilmədiyi təcili çıxışa doğru qaçıb. O, çıxış qapısını çətinliklə açıb, ekipajla birlikdə hönkür-hönkür ağlayan sərnişinləri çıxarmağa başlayıb. Salman özü isə təcazökarcasına hadisəni belə xatırlayır: "O anda yanımdakı hər kəs mənim üçün ailəm kimi idi! Onlar yəqin ki, yaxşı insanlardır, yaxşı işlər görüblər, ona görə də Allah hamımızı xilas etdi".
Sultanov öz şücaəti haqqında danışmadı; əhvalatı xilas olunmuş sərnişinlər açdılar. Onlar hələ də Salmana zəng edib minnətdarlıqlarını bildirirlər.


Rza Rzayev, 2024
Yanvarın 17-də axşam Novosibirskdə kommunal qəza baş verdi: şiddətli şaxtalar səbəbindən istilik borusu partladı. Bu zaman Gəncədən olan fəhlə Rza Rzayev işdən qayıdırdı. O, qaynar suyun fəvvarə vurduğunu gördü - yolu da su basmışdı. Aralarında çoxlu qoca və uşaqların da olduğu iki onlarla yoldan keçən insan "tələyə düşmüşdü". Rza bazara qaçdı, oradan yük altlıqlarını çıxarıb, onlardan kiçik körpü düzəltdi, uşaqları qucağında daşıdı, qocaları qollarından tutaraq çıxardı. Özü də bir neçə dəfə qaynar suyun altına düşdü, amma çöldə temperatur -30 dərəcə idi.

R.Rzayev deyir: "Buna görə tez soyudum, əks halda, sağ çıxmazdım".

Minnətdarlarını şəhər sakinləri cəsarətli fəhlə üçün pul yığmaqla bildirdilər ki, o, övladlarını görmək üçün doğma şəhərinə gedə bilsin, lakin Rza bu pulu sağlamlıq imkanları məhdud uşaqlar üçün uşaq evinə verdi.

Və bu cür şücaətlərin sayı çoxdur. Yalnız təcrid olunmuş hallar ictimaiyyətə məlum olur, çünki qəhrəmanlar heç vaxt minnətdarlıq gözləmədən hadisə yerini tez tərk edirlər ki, başqa xeyirxah işlər görsünlər.


Kainat.tv