Kainat.tv xəbər verir ki, bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
O qeyd edib ki, artıq sülh müqaviləsi layihəsinin 17 bəndindən 15-i razılaşdırılıb:
“Əldə olunan uğurlar 2025-ci il üçün nikbinlik vəd edir. Amma bununla yanaşı Nikol Paşinyanın qeyri-müəyyən mövqeyi davam edir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar var. Ermənistan rəhbərliyinin isə bu məsələdəki qeyri-müəyyənliyi sülh və normallaşma prosesində əsas maneədir”.

Ekspert hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə üçüncü qüvvənin olmaması ilə bağlı Bakının tələbinə də İrəvan tərəfindən qaneedici cavab verilməyib:
“Ona görə də, bu iki məsələ üzrə tərəflər arasında prinsipial razılaşma əldə olunmayıb. Bunlarla bağlı Ermənistan konstruktiv mövqe nümayiş etdirəcəksə, kompromisə gələcəksə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması mümkündür”.
Mətin Məmmədliyə görə, bütün bunların əksinə Ermənistan qeyri-konstruktiv davranacaqsa və əlavə olaraq silahlanmaya davam edəcəksə, gələn ildə də iki ölkə arasında sülh müqaviləsini imzalanmaq mümkün olmayacaq:
“Ermənistan hakimiyyəti regionda baş verən reallıqları qəbul edib, danışıqlar prosesində daha konstruktiv mövqe nümayiş etdirməlidir. Nəhayət, iki ölkə arasında sülh müqaviləsi imzalanmalıdır”.