Kainat.tv xəbər verir ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edəcək.
Konfransın açılışında Qərbi Azərbaycan İcması haqqında qısametrajlı filmin nümayişi nəzərdə tutulub.
Rəsmi hissədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti səslənəcək.
Müraciəti Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev səsləndirəcək.
Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərovun salamlama və açılış nitqi olacaq.
Rəsmi hissədə Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri cənab Mövlud Çavuşoğlu da çıxış edəcək.
Tədbirin davamında Qərbi Azərbaycan İcmasına Fəxri üzvlük sertifikatları təqdim ediləcək.
Panel müzakirələri Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış; Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri; Beynəlxalq vəkillik və diplomatiyanın rolu; Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması; Mədəni irsin bərpası və qorunması kimi mövzuları əhatə edəcək.
Konfransda Türkiyə, Almaniya, İtaliya, ABŞ, Xorvatiya və başqa ölkələrdən diplomatlar, professorlar, siyasi-ictimai xadimlər çıxış edəcəklər.
Xatırladaq ki, analoji beynəlxalq konfrans ötən il də keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.
Nigar HƏSƏNLİ