Azərbaycanla Ermənistan arasında sülh prosesi uzandıqca müəyyən təxribatların olması istisna edilmir. Hətt iddia olunur ki, bəzi Qərb dövlətlərinin təhriki ilə Ermənistan Azərbaycanla sərhəddə müəyyən hərbi təxribata əl atacaq.

Kainat.tv xəbər verir ki, bu sözləri Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, baş verə biləcək təxribatda Ermənistanın bu və ya digər formada “əlinin güclü” olması üçün müxtəlif manevrlərin edilməsi də güman edilən məsələlər sırasındadır:

“Belə ehtimallar az olsa da, erməni tərəfi hər an oyun qaydalarını dəyişə bilər. Hazırda Yaxın Şərqdə kritik vəziyyət hökm sürür. Ona görə də yeni bir münaqişə ocağı prosesləri tamam başqa istiqamətə aparacaq”.



Politoloq hesab edir ki, Cənubi Qafqazda yeni bir hərbi qarşıdurmanın yaranması daha böyük kataklizmlərə səbəb olar:

“Bu günlərdə Avropa İttifaqının Naxçıvan istiqamətində müxtəlif xarakterli təxribatlara əl atması heç də təsadüfi deyil. Ermənistanda səfərdə olan Polşa prezidenti də Arazdəyənə plansız gəlməmişdi”.

Qabil Hüseynli bildirib ki, Cənubi Qafqazda daşlar öz yerinə oturub:

“Burada daşları yerindən tərpətmək çox çətindir. Bəzi Qərb təşkilatları Azərbaycanla Ermənistan arasında yenidən hansısa qarşıdurmanın yaranmasına çalışır. Onlar İrəvanın mümkün qədər prosesdən cüzi də olsa, “üstünlüklə” ayrılması iddiasındadırlar”.