COP29-a qarşı əvvəldən çirkin niyyətini ortaya qoyan Makron administrasiyası indi qabaqdangəlmişlik edərək “düşmənçiliyi dayandırmağa” çağırır, halbuki diplomatik gərginliyi artırır; Paris nə istəyir - “qoca qitə”ni üzərimizə salmaq, yoxsa...
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın Fransa Xarici İşlər Nazirliyinə çağırılması və Bakıda keçirilən BMT-nin COP29 iqlim konfransında Azərbaycan hakimiyyətinin Fransa və Avropaya verdiyi “qəbuledilməz bəyanatlara” etirazı Parisin növbəti diplomatik hiyləgərliyi kimi izah edilməlidir.
Çünki məhz Fransa XİN COP29-a qatılmaması bir yana, Bakıya getmək istəyən konfrans iştirakçılarına “həyatlarına təhlükə ola biləcəyi” haqda xəbərdarlıq edərək öz çirkin niyyətini öncədən ortaya qoymuşdu. İndi Fransa öz ağlınca qabaqdangəlmişlik edərək, Bakının mövqeyi ilə bağlı narazılığını bildirir və “Azərbaycanın düşmənçilik hərəkətlərini dayandırmağa” çağırır.
Noyabrın 20-də isə Fransanın Azərbaycandakı səfiri Ann Buayon da Xarici İşlər Nazirliyinə çağırılıb. COP29 ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycanın sədrliyini hədəf almasına etiraz bildirilib.
Bu xüsusda Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin bu mötəbər tədbirinin boykot edilməsinə çağırışların, bir çox dövlət başçılarının tədbirə qatılmamağa Fransa tərəfindən təşviq edilməsinin, eləcə də COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində konfransa sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulunun qəbuledilməz olduğu vurğulanıb.
Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu diqqətə çatdırılıb.
Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulması Fransa tərəfindən təkidlə tələb olunub.
Elçin Əmirbəyov
Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bugünlərdə Fransa mediasına müsahibələrində rəsmi Parisi Azərbaycana qarşı düşmənçilik aktlarından əl çəkməyə, Ermənistana silahların verilməsinə son qoymağa çağırmışdı. Xüsusi səfir onu da bildirib ki, Fransa münasibətlərimizin bu vəziyyətə gəlib çatmasında birbaşa məsuliyyət daşıyır: “Əgər bu vəziyyətdən çıxış yolu axtarmaq istəyirsə, Paris ilk növbədə Azərbaycana qarşı düşmənçilik aktlarından əl çəkməlidir, həmçinin Ermənistana silahların verilməsinə son qoymalıdır. Bu cür yanaşma bizim nəinki ikitərəfli münasibətlərə zərbə vurur, eyni zamanda kövrək vəziyyətdə olan sülh prosesinə də olduqca mənfi təsir göstərir. Keçmişdə münasibətlərimiz normal idi və yaxşı inkişaf edirdi. Təəssüf ki, bu məsələyə münasibətlərimizə peşəkar şəkildə yanaşanların, Azərbaycana dost kimi baxan insanların səsi Fransada, ümumiyyətlə, eşidilmir. Münasibətlərin yaxşılaşdırılması üçün Fransa müəyyən addımlar atmalıdır”.
Bəllidir ki, Prezident İlham Əliyev COP29 iqlim konfransında çıxışında Fransanın kolonial siyasətini pisləyib. Kiçik ada dövlətlərinə həsr olunmuş sessiyada Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışıb. Dövlət başçısı deyib ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir: “Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib”. Fransanın digər Avropa ölkələrinə “qahmar”çıxması da əlbəttə ki, aldadıcı manevrdir və bununla Azərbaycana qarşı öz məkrli siyasətlərini ört-basdır etməyə, Avropanın digər ölkələrini də Bakıya qarşı qaldırmağa çalışmaq cəhdidir.
Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda bu ilin aprel ayının 16-da məsləhətləşmələr üçün geri çağırmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa prezidenti Emmanuel Makron qəbul edib. Diplomatik müstəvidə adekvat cavab tədbiri mümkün idi ki, Bakı bu diplomatik provokasiyaya getmədi. Fransa niyyətinə çatmayınca, iki həftə sonra yenidən səfirini Bakıya qaytarmaq qərarı verdi. İndi Paris bütün çağırışlara rəğmən yenidən münasibətləri diplomatik səviyyədə də gərginləşdirməyə çalışır və Bakını açıq-aşkar “düşmənçilikdə” suçlayır. Parisin budəfəki planı nədir? Avropaya haqlı ittihamlar fonunda (yəqin ki, söhbət iderlandın da kolonalizmdə ittihamından və Aİ rəsmisi Borrelin “bağ və cəngəllik” bənzətməsinə reaksiyadan gedir) Fransa “qoca qitə”ni də üzərimizə salmaq istəyirmi?
Sabir Rüstəmxanlı
Bu mövzuda “Yeni Müsavat”ın sualını cavablandıran Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qeyd etdi ki, Fransanın Azərbaycana indiki münasibəti heç də fransız xalqının baxışlarını əks etdirmir. Partiya sədri vurğuladı ki, Fransada ermənilərin yüz illərlə fəaliyyəti nəticəsində bir formalaşmış siyasət mövcuddur və təsir göstərə bilirlər: “Onlar yuxarı dairələrdə yer tutublar və Fransa siyasətinə təsir edirlər. Hətta yüksək dairələrə əli çatan erməni sənətçiləri də olub. Bu da Fransa-Azərbaycan münasibətlərinin pozulmasına əsas səbəbdir”. Fransanın əvvəlki prezidentləri dövründə əlaqələr yaxşı səviyyədə olduğunu xatırladan Sabir Rüstəmxanlı Şarl de Qol faktorunu yada saldı: “Bilirsiniz ki, Əhmədiyyə Cəbrayılov xüsusi onun üçün döyüşmüşdü və sonra Şarl de Qol Azərbaycana gələrək onunla görüşmüşdü. Yəni Fransanın Azərbaycana belə bir münasibəti olub. İkinci tərəfdən, Makronun siyasi oyunları, Avropada "əzələ nümayişi" gedir. Bir yanda Fransa, bir tərəfdə Almaniyanın öz duruşu var. Amma Fransa tək güc deyil. Avropada Böyük Britaniya, Almaniyanın böyük rolu var. Ona görə də Makronun ortaya düşməsi, canfəşanlığı bundan irəli gəlir ki, Fransa da meydanda var. Eyni zamanda Ermənistanla yaxınlıq da bizimlə əlaqələrdə soyuqluğa səbəb olur".
Partiya sədri əlavə etdi ki, Azərbaycan cavab mövqeyindədir, Bakı Parisə qarşı addım atmır: “Sadəcə, Avropa Parlamentinin, Fransanın hərəkətlərinə cavab veririk. Biz Fransa ilə müharibə edəsi deyilik, diplomatik cəbhədə öz sözümüzü deyirik. Odur ki, Azərbaycan Prezidenti və parlament bu məsələdə həmişə lazımi mövqe bildirib. Ümumiyyətlə, 44 günlük müharibə dövründə məlum oldu ki, Fransa heç bu coğrafiyanı tanımır, sərhədləri belə bilmirlər, hətta Qarabağın azad olunmasını Azərbaycanın "işğalı" kimi qələmə verməyə başlayıblar. Bu da Fransa üçün ciddi siyasi səhvdir. Çünki Əlcəzairdə milyonlarla insanı yurd-yuvasından qovan, qətliamlar edən, indi də ada ölkələrində müstəmləkə siyasəti yürüdən Fransanın bu mövqeyi çox gülüncdür. Ona görə də Makron hakimiyyətinin ermənilərin öz xoşu ilə Qarabağdan getməsini “etnik təmizləmə” kimi qiymətləndirməsi biabırçılıqdır. Fransa azərbaycanlıların Qarabağda etnik təmizləməyə məruz qalmasını görməliydi və obyektiv davranmalıydı. Bu mövqenin olmaması təəssüf hissi doğurur".
Emil SALAMOĞLU