Azərbaycan seçkilərdən sonra ilk dəfə Ermənistana min tona yaxın yanacaq göndərdi. Bu, hər şeydən əvvəl o anlama gəlir ki, rəsmi Bakı İrəvanla sülh və barışıq gündəliyinə sadiqdir. Elə Nikol Paşinyan da parlament seçkilərindən sonra bəyan edib ki, Azərbaycanla sülhü institutlaşdırmaq, yəni, sülh müqaviləsini imzalamaq niyyətindədir.

Ermənistan indiki konstitusiyasına görə isə referendum seçkilərdən ən tez 6 ay sonra keçirilən bilər. Bu da edir dekabrın əvvəli. Hər şey qaydasında gedirsə, “fors-major” situasiyalar olmazsa, özəlliklə Rusiya “burnunu” soxmasa, ilin sonuna həqiqətən də unikal bir şans yarana bilər.

Doğrudur, indiki (7 iyun sonrası) şərtlərdə Paşinyan komandası referendum təşəbbüsünə başlamaq üçün parlamentdə 2/3 səs çoxluğuna sahib deyil. Amma və lakin bu həlledilməz problem kimi də görünmür. Çünki söhbət cəmi 5 və ya 6 əlavə deputat dəstəyindən gedir (2/3 üçün 70 səs lazımdı, hakim partiyanın isə hələlik 64 mandatı var)...
Ermənistan parlamenti sərhəddəki vəziyyəti müzakirəyə ÇIXARIR
Bir çox siyasi təhlilçilər də bunu tamamilə mümkün sayır. Məsələn, politoloq Maksim Şevçenkoya görə, Paşinyan çox inamlı bir qələbə qazanıb: “Əgər o, kifayət qədər faiz toplasaydı, heç kimlə hesablaşmadan konstitusiyanı da dəyişə bilərdi. Bu, Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün vacibdir. Orda 5-6 səs məsələsi var. Hazırda 4%-lik baryeri aşmayan Qagik Çarukyanın (bir neçə gün öncə saxlanılıb – Z.S.) partiyası səs azlığı yaşayır. Belə bir ssenari təsdiqlənərsə, Paşinyan konstitusiya çoxluğuna sahib olacaq və istədiyini edəcək. Bu, vətəndaşları tərəfindən Paşinyanın kursuna tam dəstəkdir, ayrı cür şərh vermək mümkün deyil”.

Digər problem odur ki, Ermənistan konstitusiyası ilə bağlı referendumda seçicilərin 65 faizi (2/3) iştirak etməlidir. Ancaq məsələ ondadır ki, hakim partiya parlamentdə konstitusion çoxluğa nail olsa, bu normanı da dəyişdirə və onu adi iştirak faizi ilə (50%) əvəzləyə bilər...

Fəqət, hər iki şərt təmin olunsa belə, erməni cəmiyyəti ilə daha ciddi şəkildə işləmək lazım gələcək. Əsasən də belə bir tezis üzərində: əgər toplumun əksəriyyəti hazırkı hakimiyyətin sülh gündəliyini dəstəkləyibsə, onda onun Azərbaycan və Türkiyə ilə barışıq siyasətinin məntiqi yekununa çatmasına da kömək etməlidir.

Burda riyakarlıq keçməyəcək. Əks təqdirdə sərhədlər və kommunikasiyalar açılmayacaq. Rusiyadan total asılılıq davam edəcək. Avropa Birliyinin maliyyə yardımları isə qum təpəsinə tökülən su kimi heç nəyə yaramayacaq. Bütün bunlar isə yalnızca böyük sülhün əleyhdarları olan radikal-revanşist müxalifətə və onu himayə edən Rusiyanın maraqlarına və məkrli planlarına işləyəcək.

Kəsəsi, Paşinyanın işi hələ çoxdur. Sözsüz ki, bu prosesdə ona həm Azərbaycan və Türkiyə, həm də ABŞ və Avropa Birliyi maksimum əlverişli fon yaradacaq, prosesin daha hamar və kolliziyasız getməsinə çalışacaq. Çünki bu məsələdə ortaq hədəf eyni.

Yeri gəlmişkən, payızda – mümkün referendumdan az öncə TRIPP layihəsinin (Zəngəzur dəhlizinin) reallaşması yönündə ilk mühüm addım atılacaq – praktik işlərə başlanacaq. Nikol Paşinyan bunu da sülh gündəliyinin uğuru kimi təbliğ edib referendum tərəfdarlarının sayını artıra bilər...

Z. SƏFƏROĞLU