Ermənistanda keçirilmiş son parlament seçkilərindən sonra ölkəyə beynəlxalq maliyyə dəstəyinin artması diqqət çəkir. Xüsusilə Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa İttifaqı (Aİ) tərəfindən ayrılan vəsaitlər siyasi və iqtisadi baxımdan mühüm siqnallar kimi qiymətləndirilir. BVF-nin İcraiyyə Şurası Ermənistanın Ehtiyat Sazişi (EST) üzrə ilk icmalını tamamlayaraq, təxminən 25,1 milyon ABŞ dolları həcmində vəsaitin ayrılmasını təsdiqləyib. Bu çərçivədə İrəvan 18,4 milyon Xüsusi Borclanma Hüquqlarına (XBH) bərabər maliyyə alacaq. Əvvəlki tranşlar da nəzərə alındıqda, ümumi maliyyələşdirmə 50,2 milyon dollara çatır.

Bu qərar, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə qələbəsindən dərhal sonra verilməsi ilə xüsusi diqqət çəkir. Bu isə beynəlxalq maliyyə institutlarının mövcud hakimiyyətə dəstək verdiyini göstərən mühüm indikator kimi şərh olunur. Digər tərəfdən, Avropa İttifaqı da Ermənistanla əməkdaşlığı genişləndirmək niyyətindədir. Aİ viza liberallaşdırılması prosesinə dəstək məqsədilə 2,2 milyon avro ayırıb. Bu vəsait sərhəd idarəçiliyi, sənəd təhlükəsizliyi və hüquq-mühafizə sistemində islahatların həyata keçirilməsinə yönəldiləcək. Layihə Litvanın iştirakı ilə Ermənistan Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur.

Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı
Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas da açıqlamasında Ermənistan üçün daha geniş iqtisadi dəstək paketinin hazırlandığını bildirib. Onun sözlərinə görə, Brüssel İrəvanın Avropa istiqamətində irəliləmək istəyini açıq şəkildə müşahidə edir və bu kursu dəstəkləmək niyyətindədir.

Bütün bu addımlar göstərir ki, seçkilərdən sonra Ermənistanın Qərblə inteqrasiyası yeni mərhələyə qədəm qoyur. Maliyyə yardımları təkcə iqtisadi dəstək deyil, həm də siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu, regionda geosiyasi balansın dəyişməsi və Qərbin Cənubi Qafqazda mövqelərini gücləndirmək istəyi ilə bağlıdır. Nəticə etibarilə, İrəvana yönələn maliyyə axını Ermənistanın xarici siyasət kursunun istiqamətini və beynəlxalq tərəfdaşların ona verdiyi siyasi dəstəyi açıq şəkildə nümayiş etdirir.

Avropa İttifaqı Ermənistanın kənd təsərrüfatı məhsulları üçün öz bazarını açacaq
Hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Qərbin əsas hədəfi Ermənistanı Rusiyanın nəzarətindən tam çıxarmaqdır. Onun sözlərinə görə, bu səbəbdən həm siyasi, həm iqtisadi dəstək verilir, həm də Ermənistan regional layihələrə cəlb olunur: "Eyni zamanda, Avropa tərəfindən birbaşa maliyyə ayrıldığını görmək olar. Bu da Rusiyanın təsirindən çıxarmağın bir formasıdır. Çünki Ermənistan indi daha çox iqtisadi cəhətdən Rusiyadan asılıdır. Yəni siyasi maraqlar fərqlidir, iqtisadi baxımdan isə asılılıq qalır".

Q.Əlibəyli bununla belə, Ermənistanın yaxın dövrdə AB-yə üzv olacağını gözləmir:

"Rusiya çalışır ki, Ermənistanı Avrasiya İqtisadi Birliyindən sıxışdırıb çıxarsın. Ona görə Qərb müxtəlif iqtisadi layihələrlə Ermənistana dəstəyini artırır. Nəticə olaraq Ermənistanı Rusiyadan qoparmaq üçün bu siyasəti davam etdirəcəklər. Avropa Birliyi yaxşı başa düşür ki, Ermənistan Rusiyanın təsiri altında qaldıqca Qərb regionda möhkəmlənə bilməyəcək, bir sıra regional layihələrin icrası gecikəcək, Zəngəzur dəhlizi də işə düşməyəcək. Bu halda, siyasi-hərbi qarşıdurma ehtimalı güclənəcək. O səbəbdən də Ermənistana diqqət artırılır".