
Qeyd edək ki, Ermənistanın Avropa İttifaqına daxil olmasının tərəfdarı olan baş nazir Nikol Paşinyanın partiyası hökumətin qurulması üçün lazım olan 50%-lik səsi toplaya bilməyib. Bununla belə, o, milli azlıqlar üçün mandatlar və parlamentə daxil ola bilməyən partiyaların səslərinin yenidən bölüşdürülməsi vasitəsilə lazımi sayda yerləri təmin edəcək.
Rusiya prezidentinin Paşinyanı intizarda saxlaması maraqlı situasiya yaradır. Hələ Rusiyadakı 1 aprel görüşündən bir həftə sonra keçirdiyi brifinqdə Paşinyan demişdi ki, onlar artıq gələcək görüşlər və tədbirlər barədə razılığa da gəliblər. Paşinyan bildirmişdi ki, 2026-cı ilin iyun ayının ikinci yarısında Ermənistan və Rusiya liderləri arasında yeni yüksək səviyyəli görüş planlaşdırılıb.
Sitat: “Dediyim kimi, bu səfəri çox uğurlu hesab edirəm. Qalanları isə öz qiymətləndirmələrində sərbəstdirlər. Təkbətək görüşə gəlincə, biz artıq gələcək əlaqələr və tədbirlər, o cümlədən iyunun ikinci yarısında yüksək səviyyəli görüş barədə razılığa gəlmişik”.
Xatırladaq ki, aprelin 1-də Moskvada Nikol Paşinyan ilə Vladimir Putin arasında danışıqlar keçirilib. Görüş zamanı Putin İrəvanda Aİ ilə münasibətlər barədə gedən müzakirələri gördüklərini və buna sakit yanaşdıqlarını bildirib.
Bununla yanaşı, o açıq şəkildə qeyd edib ki, Ermənistanın eyni vaxtda həm Aİ-də, həm də Aİİ-də üzv olması mümkün deyil. Paşinyan isə öz növbəsində vurğulayıb ki, Ermənistan Aİİ üzvlüyünün Aİ üzvlüyü ilə uyğun olmadığını anlayır, lakin hələlik bu proseslər seçim edilməli həddə çatmayıb.

Seçkilər ərəfəsində və nəticələr elan olunduqdan sonra da Kremlin İrəvana pressinqi davam edir. Moskva Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlanana qədər təbrik ünvanlamaqdan çəkinir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bu bəyanatla çıxış etməsi Ermənistanda həyəcanı daha da artırıb. Həm hakim düşərgə, həm də revanşistlər Kremlin hansı addım atacağını gözləyir.
Maraqlıdır ki, seçkilər başa çatandan sonra da Paşinyan Putinlə görüşünün, hətta MDB liderlərinin dekabr sammitində iştirakının anonsunu versə də, zahiri gərginlik səngimir. Beləliklə, Kreml Paşinyanın qulaqlarını səsdə, gözlərini yolda qoyub. Rusiya prezidenti Paşinyanı nəyə vadar etmək istəyir ki, onunla razılaşdırılmış görüşün baş tutmasında tərəddüd edir? Ermənistanı və Paşinyan komandasını nələr gözləyə bilər?
Siyasi şərhçi Tural İsmayılov Musavat.com-a bildirdi ki, Kremlin İrəvanla münasibətlərdə nümayiş etdirdiyi diplomatik məsafə və rəsmi sözçü vasitəsilə bəyan edilən tərəddüdlər Rusiya rəhbərliyinin Ermənistanın daxili siyasi gündəmini və seçki sonrakı keçid dövrünü müəyyən bir qeyri-müəyyənlik çərçivəsində idarə etmək taktikasıdır: “Aprelin 1-də Moskvada əldə olunmuş ilkin təmaslara rəğmən, Rusiyanın indi rəsmi görüş ssenarisini şərtləndirməsi İrəvandakı seçki reallıqlarından regional və iqtisadi məsələlərdə maksimum təminat qoparmaq məqsədi daşıyır. Ermənistandakı hakim partiyanın parlamentdə mütləq səs üstünlüyünü birbaşa təmin edə bilməməsi və hökuməti qanunvericiliyin imkan verdiyi mürəkkəb mandat bölüşdürülməsi mexanizmləri hesabına qurmaq məcburiyyətində qalması Moskvanın mövqelərini gücləndirən bir amil kimi çıxış edir. Rəsmi bəyanatda səslənən "səslərin yenidən sayılması və hüquqi mübarizə" tezisi ilə Moskva İrəvana mesaj verir ki, ölkədəki daxili sabitlik və legitimlik balansı hələ də kövrəkdir və bu gərginlik iyunun 14-nə - yekun nəticələr elan olunana qədər bir təzyiq elementi kimi saxlanılacaq”.
T.İsmayılovun fikrincə, bu, sərt pressinqin əsas geosiyasi qayəsi Ermənistanın xarici siyasətində, xüsusilə Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqı oxunda apardığı balanslaşdırma cəhdlərinə qəti sərhədlər çəkməkdir: “Moskvadan daha əvvəl səslənən “eyni vaxtda həm Aİ, həm də Aİİ daxilində iqtisadi inteqrasiya qeyri-mümkündür" xəbərdarlığı, Kremlin İrəvandan konkret addımlar tələb etdiyini göstərir. Rusiya rəhbərliyi yüksək səviyyəli görüşlərin qəti tarixini təsdiqləməməklə İrəvandan Qərblə təhlükəsizlik formatlarının, xüsusilə Avropa İttifaqının mülki müşahidəçi missiyasının fəaliyyət hüdudlarının və kənar hərbi əməkdaşlıqların dərəcəsini Moskva ilə koordinasiya etməyi tələb edir. Bu yanaşma rəsmi təbrikin və siyasi dəstəyin yalnız Kremlin regional "qırmızı xətləri"nə hörmət edildiyi təqdirdə masaya gələcəyini göstərən bir şərtdir”.Siyasi şərhçi qeyd etdi ki, Ermənistan rəhbərliyini və mövcud siyasi komandanı qarşıdakı dövrdə kifayət qədər həssas regional və daxili ssenarilər gözləyir: “İlk növbədə, seçki nəticələrinin hüquqi tərəfləri rəsmiləşənə qədər daxili müxalifətin və kilsə xəttinin etiraz dalğasını manipulyasiya etmək meyilləri arta bilər. İdarəedici komanda yeni hökuməti formalaşdırsa da, parlament daxilində formalaşacaq yeni konfiqurasiya və müxalifət bloklarının kəskin müqaviməti şəraitində qərar qəbul etmək məcburiyyətində qalacaq. Digər tərəfdən, iqtisadi və struktur asılılıqlar İrəvan üçün ən böyük sınaqdır. Ermənistanın enerji təhlükəsizliyi, əsas logistik marşrutları və kənd təsərrüfatı ixracı demək olar ki, tamamilə Rusiya bazarından asılı vəziyyətdədir. Bu sahədə yarana biləcək hər hansı texniki və ya iqtisadi fasilə, yaxud tarif dəyişiklikləri İrəvanın sosial-iqtisadi sabitliyinə birbaşa təsir göstərmək gücündədir”.
Ekspert bildirdi ki, İrəvan administrasiyası regional təhlükəsizlik və iqtisadiyyat arasındakı strateji balans nöqtəsini qorumağa məhkumdur: “Qərbə doğru kəskin və birtərəfli addımlar ölkənin iqtisadi infrastrukturunda ciddi risklər yaradır, şimal tərəfdaşlığına tam qayıdış isə indiyə qədər elan edilmiş suverenlik və diversifikasiya strategiyasını zərbə altında qoyur. Moskvanın bu diplomatik gedişi İrəvanı dekabr ayında keçiriləcək regional sammitlərə qədər daha kompromisli və Rusiyanın maraqlarını nəzərə alan bir xətt izləməyə məcbur etmək strategiyasının tərkib hissəsidir”.
E.Paşasoy