Əsədin indiki məqamda yardım istəyə biləcəyi iki ölkə var:
- Rusiya;
- İran.
İran maksimum dərəcədə çalışacaq ki, prosesləri diplomatik yolla tənzimləsin. Əsəd rejiminin devrilməsi Tehranın “şiə hilalı” layihəsinin fiaskosu deməkdir. Buna görə də rəsmi olmasa da, proksi qüvvələri ilə Əsədə dəstək verəcək.
“Həşdi Şabi” və digər başqa İranyönlü silahlı qrupların Əsədə yardıma getməsi regionda fərqli proseslərə gətirib çıxara bilər. Xüsusilə bu, Təl-Əvivin proseslərə müdaxilə etməsi ilə nəticələnə bilər.
İsrail İran proksiləri olan HƏMAS və “Hizbullah”a onsuz da ciddi zərər vurub. Əsəd rejiminin devrilməsi və bu istiqamətdə ona dəstək verəcək başqa qrupların da sıradan çıxması Təl-Əvivin maraqlarına uyğundur. Vəziyyətdən asılı olaraq Ankara və Təl-Əviv ortaq hərəkət edə bilər. Söhbət konkret çiyin-çiyinə döyüşməkdən getmir. Aydın məsələdir ki, Türkiyənin hazırkı proseslərdə öz maraqları var. Amma bəzən ortaq maraqlar düşmənləri belə əməkdaşlığa sövq edə bilir. Əsəd həm Təl-Əvivin, həm də Ankaranın ortaq rəqibidir. Hər iki ölkənin Suriyada marağı var. Əsədə dəstək verən istənilən qüvvə bu ikilinin rəqibi halına gəlir.
Mümkündür ki, Ankara və Təl-Əviv kəşfiyyat, ya da aviasiya hücumları kimi ortaq əməliyyatlar reallaşdırsın. Lakin bu, genişmiqyaslı yox, məhəlli əməkdaşlıq ola bilər.