Qeyd edək ki, “Sülhün kəsişməsi” layihəsi Zəngəzur dəhlizinə alternativ olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ortaya atılıb. Ancaq bu layihə Ermənistanın beynəlxalq aləmdə özünü sülhpərvər və barışığa meyilli bir dövlət kimi göstərmək cəhdinin növbəti təzahürüdür. Ermənistan tarixən çıxılmaz vəziyyətdə qalanda bu kimi strategiyalara əl atır. Lakin bu səthi “barış” mövqeyinin arxasında dərin və dəyişməz ərazi iddiaları gizlənir.
Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialara qalmağa davam edir və İrəvan bu müddəaları ləğv etməyə hazır deyil. Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistanın ərazi iddialarından hüquqi çərçivədə imtina etməsini istəyir.
Ermənistan siyasətçilərinin özləri də Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə qarşı iddialardan imtina etməyib. Sözdə sülhdən, barışıqdan danışan İrəvan əslində Azərbaycanla Türkiyəyə qarşı düşmənçiliyi davam etdirir və “konstruktiv müzakirəyə açıq” olması görüntüsünü yaratmaqla özünü Qərbə daha məqbul göstərməyə çalışır.
Həm ağır silahlar alır, həm də sülhdən danışır...
Ermənistanın daxili siyasətində də bu yanaşma özünü açıq büruzə verir. Siyasi liderlər və ictimaiyyət Azərbaycan və Türkiyəni düşmən olaraq qəbul edir. Üstəlik Ermənistan İkinci Qarabağ müharibəsindən sonra ciddi silahlanmaya başlayıb. Fransa və Hindistandan zərbə tipli silahlar alınır və bu silahların hədəfi heç şübhəsiz Azərbaycan və Türkiyədir. Bu vəziyyətdə “sülhpərvər Ermənistan” obrazı yaratmaq cəhdi ikiüzlülükdən başqa bir şey deyil.
Kainat.tv xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycanın məqsədi davamlı sülhə xidmət edəcək sənədə imza atmaqdır:
"Boş sənədə imza atmaq niyyətində deyilik. Bununla bağlı qərar qəbul olunsa, Ermənistanda referendumqabağı geniş fikir mübadiləsi olmalıdır. Bu ona görə lazımdır ki, erməni ictiamiyyətinin bu referenduma nə cavab verəcəyini öyrənməliyik. Bilək ki, Ermənistan anneksiya siyasətindən əl çəkəcək, yoxsa yox. Ermənistan və onun siyasi elitası bu məsələdən boyun qaçırmaq taktikasını həyata keçirməkdədir. İndi bu “Sülhün kəsişməsi” ilə bağlı olaraq mətbuat konfransı keçirməklə özlərini guya sülhə hazır tərəf kimi göstərirlər. Belə olan halda ortaya sual çıxır ki, hansı sülhə, imitasiya sülhünə? Rusiyaya sanksiyalardan yayınmağa kömək edərək böyük vəsait əldə ediblər. Həmin vəsaiti müdafiəyəyə xərcləyiblər. Bu baxımdan istənilən sənəd, saziş hansısa məsələni həll etməlidir. Bu sənəd görüntümü yaradır, doğrudanmı sülhə yaxınlaşdırır? Əsas məsələ istər mətbuat konfransında, istərsə də hansısa tədbirlərdə həll olunmayacaq. Ermənistan referendum keçirməlidir”.
Sabiq xarici işlər naziri türk jurnalistlərin Ermənistana dəvət olunmasının arxasında dayanan səbəbi belə izah edib:
"Ermənistan düşünür ki, guya Azərbaycan və Türkiyə aralarındakı münasibətlərdə hansısa problemlər var. Bu məsələdə də Azərbaycanla Türkiyə arasında fikir ayrılığı yaratmaq istəyirlər. Yeni fikir ayrılığı vəziyyəti formalaşdırmaq niyyətindədirlər. Guya bizim aramızda fikir ayrılıqları var. Hesab edirəm ki, Türkiyə jurnalistlərinin çağırılması türk jurnalistlərinin bəzilərinin məsələni dərindən bilməməsindən istifadə edib Türkiyə ictimaiyyətinə yanlış mesajları yeritməkdir. Bu, aktiv propaqanda tədbirləridir”.
Nəticə etibarilə, qardaş ölkənin jurnalistləri Ermənistanın bu yalançı “sülhpərvər” gündəliyinə aldanmamalıdır. Ermənistanın məqsədi Türkiyə mediasından istifadə edərək öz mənafeyinə uyğun bir imic formalaşdırmaqdır. Qardaş ölkənin jurnalistlərinin Ermənistan səfəri onların mətbuatı azadlığı çərçivəsində öz hüquqları olsa da, onlar Ermənistanın təbliğat maşınının bir parçası olmamalıdır. Türkiyə mediası Ermənistana qarşı bu məsələdə diqqətli davranmalı, düşmən ölkənin riyakar siyasətinin fərqində olmalı və bunun bölgədə sabitlik və təhlükəsizliyə necə təsir edəcəyini düzgün dəyərləndirməlidir.