Qərb siyasi dairələri Ukraynanı fəlakət ssenarisinə indidən hazırlamağa başlayıblar, rəsmi Kiyevin Rusiya qarşısında təkbaşına buraxılacağı zaman o qədər də uzaqda deyil... Çünki Qərb ölkələri indi Ukraynaya hərbi təchizatı dayandırıb, ilk növbədə məhz öz müdafiə potensiallarını artırmaq barədə düşünürlər, "qoca qitə"də Rusiya ilə müharibəni artıq qaçılmaz hesab edirlər...
Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya Qərb siyasi dairələrini olduqca çətin duruma salıb. Belə ki, hazırda bu savaşın gələcək inkişaf istiqamətləri birmənalı şəkildə qeyri-müəyyən xarakter daşıyır. Hər halda, Qərb siyasi iradə mərkəzləri Ukrayna savaşı ucbatından hansı yeni situasiya ilə üzləşəcəklərini proqnozlaşdırma problemiylə qarşı-qarşıya qalıblar. Və buna əlavə olaraq, Ukraynanın gələcək taleyi ilə bağlı necə qərar verəcəkləri barədə də kifayət qədər ciddi tərəddüdlər yaşayırlar.
Onu da qeyd etmək lazımdır ki, hazırda Qərb siyasi dairələrinin mövcud problemləri yalnız Ukrayna ordusunun hərbi texnika ilə təchizatı ilə təminat yükünün çəkilməsiylə məhdudlaşmır. Çünki sərt qış ayları başladığından indi Ukraynanı bu ağır mərhələdən də çıxartmaq lazımdır. Üstəlik, Rusiya ilə savaş şəraitində bu, həm qəliz, həm də külli miqdarda maliyyə vəsaiti tələb edən problemdir. Rəsmi Kiyev isə yalnız təkbaşına Rusiya ilə savaşmağa deyil, həm də Ukraynanı sərt qış dövründən çıxartmağa qətiyyən hazır görünmür. Və Qərb ölkələrinin intensiv dəstəyinə ehtiyac duyur.
Məsələ ondadır ki, Ukrayna "öldürücü soyuq" təhdidi ilə qarşılaşıb. Ən pisi də odur ki, belə vəziyyətin yaranmasının əsas səbəblıri yalnız Rusiya ilə savaşa bağlı deyil. Yəni, Ukrayna hökuməti daxilində "enerji korrupsiyası"nın da mövcud situasiyanın yaranmasında xüsusi payı var. Və bu reallıq artıq Qərb mətbuatında da əsas müzakirə mövzularından birinə çevrilib.
"The Times" nəşri iddia edir ki, Qərb siyasi dairələrinin israrlı xəbərdarlıqlarına baxmayaraq, rəsmi Kiyev Ukraynanın enerji obyektlərinin Rusiyanın zərbələrindən qorunmasına laqeyd yanaşıb. Ona görə də, hazırda Ukrayna demək olar ki, enerji qaynaqlarından məhrum duruma düşüb. Və bu, Ukrayna üçün hətta Rusiyanın raket zərbələri qədər təhlükəli durum hesab olunur.
Ancaq təəssüf ki, Ukraynanı gözləyən ciddi problemlər yalnız bunlarla da məhdudlaşmır. Belə ki, Almaniya Ukraynaya yaxınlaşmaqda olan "silah-sursat aclığı" barədə də ciddi xəbərdarlıq edib. Xüsusilə də, prezident Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərinə zərbə icazəsi verməsi situasiyanın nəzarətdən çıxma həddinə çatdırıb. Qərb siyasi dairələri Rusiyanın buna Avropa ölkələrinə raket zərbəsi endirməklə, cavab verəcəyindən narahatdırlar. Üstəlik, Tramp administrasiyasının Ukrayna savaşının gələcək taleyi ilə bağlı verdiyi mesajlar da Qərbdə xof yaratmağa başlayıb. Və Avropa Birliyinin bu situasiyada özünü küncə sıxışdırılmış kimi hiss etdiyi bildirilir.
Ona görə də, hazırda Qərb ölkələri Ukraynadan daha çox özlərini xilas etmək barədə düşünmək məcburiyyətində qalıblar. Bu baxımdan, Ukrayna tezliklə Qərbin silah-sursat və hərbi texnika yardımından məhrum buraxıla bilər. Çünki bəzi Qərb ölkələri artıq belə qənaətə gəliblər ki, öz müdafiə ehtiyaclarına yönəltməli olduqları külli miqdarda maliyyə vəsaitinin Ukrayna savaşına xərclənməsi böyük səhvdir. Və bu, yaxın gələcəkdə Rusiya ilə hərbi rəqabətdə ciddi problemlərə yol aça bilər.
Məsələn, Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın hərbi-sənaye kompleksi ilə rəqabətin mümkün olmadığını vurğulayıb. Onun fikrincə, Rusiya hərbi-sənaye kompleksi öz potensialı ilə Avropa ölkələrinin ümumi istehsal imkanlarını təxminən 13 dəfə üstələyir. Belə ki, Rusiya cəmisi üç ay ərzində bütün Avropa ölkələrinin bir ildə ümumi istehsal etdiyi silah-sursatdan daha çox hərbi məhsul hazırlayır. Bu, Avropa Birliyi ölkələri üçün birbaşa hərbi təhlükə deməkdir. Və Ukrayna savaşının qlobal müharibəyə çevrilməyə başladığı bir mərhələdə Avropa Birliyi ölkələrinin radikal addımlar atılmadan buna qarşı dayanmaq şansı yoxdur.
Avropa Birliyində indi belə qənaətlər ortaya çıxmağa başlayıb ki, artıq hər ölkənin öz gələcək taleyi barədə təkbaşına düşünmək məcburiyyətində olduğu zaman gəlib. Yəni, bundan sonra Avropa Birliyi ölkələri öz hərbi potensiallarını artırmaq, milli təhlükəsizlik maraqlarını təmin etmək məcburiyyətində qalacaqlar. Belə şəraitdə həm də Ukraynaya silah-sursat və hərbi texnika dəstəyinin verilməsi demək olar ki, mümkün deyil. Və bu baxımdan, Almaniya hesab edir ki, Ukrayna yaxın vaxtlarda üzləşəcəyi "silah-sursat aclığı"na mütləq hazır olmalıdır.
Maraqlıdır ki, Bayden administrasiyası da Ukraynanın böyük təhlükə qarşısında olduğunu nəzərə almağa çalışır. Ağ Evdə hesab edirlər ki, tezliklə Avropa Birliyi ölkələri ilə yanaşı, ABŞ da Ukraynaya hərbi yardımları tamamilə dayandıra bilər. Hər halda, Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Ukrayna savaşına ABŞ büdcəsindən maliyyə vəsaiti ayırmayacağı artıq qətiyyən şübhə doğurmur. Və bu səbəbdən də, Bayden administrasiyası tez-tələsik priventiv addımlar atmaq məcburiyyətində qalıb.
Məsələ ondadır ki, etibarlı mənbələrə istinadən yayılan məlumatlara görə, prezident Co Bayden ABŞ Konqresinə gizli şəkildə müraciət göndərib. Həmin məxfi müraciətdə ABŞ Konqresindən Ukraynaya hərbi yardımlar məqsədilə əlavə 24 milyard dollarlıq maliyyə paketinin ayrılması xahiş olunur. Halbuki, məlumatı verən mənbələr prezident Co Baydenin bu müraciətinin ABŞ Konqresində dəstək ala biləcəyini elə də yüksək ehtimal hesab etmirlər. Və bu, Ukraynanın elə indidən ABŞ tərəfindən taleyin ümidinə buraxılması anlamı daşıyır.
Belə anlaşılır ki, Qərb siyasi dairələri Ukraynanı fəlakət ssenarisinə indidən hazırlamağa başlayıblar. Belə ki, Ukraynaya mesaj verilir ki, tezliklə Qərbdən gələn yardımlar tamamilə kəsiləcək. Yəni, Ukraynanın Rusiya qarşısında təkbaşına buraxılacağı zaman o qədər də uzaqda deyil. Çünki Qərb ölkələri indi Ukraynaya hərbi təchizatı dayandırıb, ilk növbədə məhz öz müdafiə potensiallarını artırmaq barədə düşünürlər. Və Qərb ölkələrinin Rusiya ilə müharibəyə hazırlaşmaq məcburiyyətində qalması Ukrayna üçün əsl fəlakətin başlanğıcı anlamı daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert