Erməni baş nazir nüfuzdan düşdüyünə və seçkidə qələbəsini təmin etmək üçün sərhəddə lokal müharibədə maraqlıdır; İrəvanın sürətlə silahlanması fonunda müdafiə nazirinin ABŞ-a getməsi nəyə hazırlıqdır?


Fransanın, Yunanıstanın, Kiprin, Hindistanın Ermənistanı silahlandırması və bu ölkəni müharibəyə hazırlaması artıq təkzibolunmaz faktdır. Ermənistanın silahlandırılması, bu ölkə vasitəsilə Cənubi Qafqazda müəyyən təxribatların törədilməsi Avropa İttifaqının əsas dövlətlərindən olan Fransanın maraq dairəsindədir. 

Onlar bu vasitə ilə bölgədə sabitliyin olmaması, hərbi gərginliyin saxlanılması görüntüsü yaratmaq istəyirlər. Bu, eyni zamanda Ermənistan hakimiyyətinin maraqlarına da uyğundur, çünki qarşıdan seçki gəlir. Ölkədə aparılan rəy sorğuları hökumət başçısına etimadın kəskin şəkildə azaldığını, hakimiyyətin bütün sahələrdə siyasətinin fiaskoya uğradığını sübut edir. 2021-ci ildən sonra baş verən bir sıra hadisələr, o cümlədən 2023-cü ilin sentyabrında lokal xaraketli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi, bu ilin aprelində Qazax rayonunun işğal altındakı 4 kəndinin bir güllə atılmadan qaytarılması Ermənistanda Paşinyana qarşı çıxanların sayının artmasına səbəb olub. 

Paşinyan isə hakimiyyəti əldən vermək istəmir. Getdikcə ölkədə avtoritar rejim yaradır, əsas rəqiblərini həbslə hədələyir, hökumətdə kadrları dəyişir. Xüsusən də güc strukturlarında bu işlərin aparılmasına önəm verir. O üzdən, bu seçkidə müəyyən maraqların ifadəsi bəzi qüvvələr üçün əhəmiyyət kəsb edir. Ona görə də mümkündür ki, Paşinyan seçkiqabağı kütlənin əhvalına oynayan müəyyən addımlar atsın. Bu səbəbdən, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında İrəvana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı yenə təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Prosesdə Yunanıstan da aktiv iştirak edir. “Bakı-xeber” bu barədə şərhində yazır ki, xalqın içində nüfuzdan düşdüyünə görə o, lokal sərhəd toqquşması, yaxud da ki, kiçik miqyaslı müharibədə maraqlıdır və buna hazırlaşır. Xaricdən silahların alınması da buna xidmət edir. Ancaq bunun nəticələri onlar üçün ağır ola bilər. 

Maraqlıdır, Paşinyanın seçkiqabağı kiçik müharibə və ya kiçik sərhəd toqquşmaları ssenarisi ona nə qazandıra bilər? Onun seçki qələbəsini təmin edə bilərmi? Təhlilçilərə görə, lokal əməliyyat zamanı erməni ordusuna vurulan şapalaqdan Paşinyan seçkidə propoqanda kimi istifadə edə bilər. Yəni erməni cəmiyyətinə göstərəcək ki, onun yerinə revanşist qüvvələrin iqtidara gəlməsi daha böyük faciələrə yol aça bilər. Bu mənada seçkidə qələbəsi üçün rol oynaması mümkün variantlardan biridir. Yeri gəlmişkən, Ermənistanın silahlanmasının sürətləndiyi bir vaxtda müdafiə naziri Suren Papikyan ABŞ-a gedib. Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti işgüzar səfərə gedib. Görünür ki, “işgüzar” səfər çərçivəsində daha böyük həcmdə hərbi dəstəyin qoparılması müzakirə ediləcək. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu prosesi dəyərləndirərkən bildirmişdi ki, Qərb Ermənistan üçün “Marşal planı”nı işə salıb, müharibədə ordusu darmadağın olan ölkənin hərbi potensialının yenidən dirçəldilməsinə başlanıb. Halbuki əhalisi heç 2 milyon olmayan Ermənistanın ordusunu diriltməyə ehtiyac yoxdur, əksinə, demilitarizasiya edilməsi və sülh sazişinə imza atması labüddür. Amma Qərb ölkələri, eləcə də Hindistan tam əksini həyata keçirməkdədirlər. 

İsrail silahlı qüvvələrinin böyük təcrübəsi var"- Qədir Aslan

 Qədir Aslan

Siyasi ekspert Qədir Aslan “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın siyasi dairələrində belə bir planın olduğunu düşünmür: “Paşinyan torpaq üzərindən reytinqini artırmaq taktikasından bir dəfə istifadə etməyə çalışıb, 2018-ci ildə "Qarabağ Ermənistandır" deyib və sonra nəticəsini də hərtərəfli görüb. Hətta bundan sonra antiterror əməliyyatı zamanı sərhəddən bir güllə belə atmadılar, 4 kənd də döyüşsüz qaytarıldı. Yəni Paşinyan lokal, yaxud irimiqyaslı müharibənin acısını dərisində hiss edib deyə nə olduğunu başa düşür. Ona görə döyüşmək istəmir, reallıqla hesablaşıb". Q.Aslan hesab edir ki, Paşinyanın reytinqinə mənfi təsir etsə də, bu həqiqəti həzm edir: “Bizim ümidimiz artır ki, demarkasiya ilə sərhədlər məsələsi həllini tapacaq, eksklav kəndlər problemi gündəmə gələcək”. Q.Aslan qeyd etdi ki, Ermənistanın silahlanması onun işinə heç də yaramır: “Ermənistanın hava hücumundan müdafiəsi zəifdir, çünki Azərbaycan darmadağın edib. Ona görə əsasən hava hücumundan müdafiə sistemləri verirlər. Amerikalılar Paşinyanın təhlükəsizliyini təmin edirlər, amma hava məkanı açıqdır. Eyni zamanda müdafiə silahları çatışmır. Sadəcə, Azərbaycan Ermənistana deməlidir ki, sülh sənədini imzala, sonra nə silah alırsan, öz işindir. Hazırda Ermənistan 5 aprel görüşündə öz müttəfiqlərini tapıb. Həmin Brüssel razılaşmasından irəli gələrək Ermənistana silah-sursat verilməsi davam edir”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

 Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu qəzetimizə açıqladı ki, Ermənistanın silahlanmasını iki amillə əlaqələndirir: “Birincisi, təhlükəsizlik sahəsində Rusiyanın təsiri altından çıxmaq üçün iş aparılır. Bu proses son 3 ildə sürətlənib. Qərb Ermənistanı rus şinelindən ayırır. Amma o qədər sadə məsələ deyil. İkincisi, ermənilərə impuls verilir. Onlar ABŞ və Fransa kimi nəhəng NATO dövlətlərindən hərbi-siyasi dəstək görməkdədir, sərhədlərə "mülki missiya" adı ilə Qərb kəşfiyyatı yerləşib. Paşinyan da bu yöndə təbliğatı gücləndirib və Rusiyanın, KTMT-nin guya Ermənistana arxa çevirdiyini bəhanə gətirərək Qərbdən silahlanmanı xalqa piar edir. Reallıqda hər şey göründüyü kimi deyil. Əvvəla, rus sərhədçiləri Ermənistandadır, iki hərbi baza mövcuddur, KTMT-dən də çıxmayıblar". X.Teyyublunun fikrincə, Paşinyanın seçkidə qələbə şansı qalmaqdadır: “Onun opponentləri xalqdan dəstək ala bilmirlər. Erməni cəmiyyəti pis-yaxşı bu adamla yola davam etmək istəyir. Amma Paşinyan hiyləgərdir, əgər gərginlik yaransa, hər şeyə gedər, hətta 1-2 günlük sərhəd təxribatlarına da əl atar. Bu da erməni ordusunda itkilər deməkdir. Məncə, hakimiyyət erməni xalqını haradasa inandıra bilib ki, tək yol barışıqdır. Artıq kilsə də cəmiyyətə ciddi təsir göstərə bilmir”. 

Emil SALAMOĞLU