Kremlin antiçin kampaniyasına qoşulma cəhdi "Asiya əjdahası"nı qəzəbləndirib - VİDEO

Kremlin antiçin kampaniyasına qoşulma cəhdi "Asiya əjdahası"nı qəzəbləndirib - "Obozrevatel”, Ukrayna, 18 may 2020-ci il

SARS-CoV-2 pandemiyasına görə Çinin məsuliyyəti böyükdür. Birincisi, Çinin kommunist rəhbərləri efiopiyalı marksist Qebreisusla birlikdə epidemiyanın miqyasını şüurlu şəkildə gizlədib və dünyanı əmin ediblər ki, koronavirus insandan insana keçmir. Özü epidemiya ilə parlaq şəkildə mübarizə aparan Tayvanın çarəsiz xəbərdarlıqları Qebreisus tərəfindən nəzərə alınmayıb. Onun sinfi şüuruna görə, Tayvan Çinin üsyankar əyaləti olub.
Bundan əlavə, kifayət qədər tezliklə aydın olub ki, "dinc virus”, zamanında Çernobıl AES-in 4-cü blokundan sızan "dinc atom” kimi, 2019-cu ildə xanım Şi Çjenlinin rəhbərlik etdiyi Uhan Virusologiya İnstitutundan yayılıb. Bu, başı öz sınaqlarına qarışmış olan alimlərin peşmançılıq törədən diqqətsizliyidir.
"Smoking gun” ("Tüstülənən pistolet”) – Şi Çjenli və onunla birlikdə Şimali Karolina Universitetində işləyən həmkarlarının məqaləsi ("A SARS-like cluster of circulating bat coronaviruses shows potential for human emergence”) "Nature Меdicine” elmi jurnalının səhifələrində ("Nature Меdicine” 21, 1508–1513, 2015) ortaya çıxdı. Burada müəlliflər peyğəmbərcəsinə bildirmişlər ki, "Biz gələcəkdə təhdid təşkil edə biləcək hibrid virus yaratdıq” ("We generated chimera virus which may pose future threats”).
Şi Çjenlinin həmkarları ilə birlikdə yaratdığı hibrid virus (chimera virus) irsi olaraq, onların bu uğurlarını elmi ictimaiyyətə fəxrlə təqdim etdiyi kimi, özünün hər iki "valideynindən” faydalı xüsusiyyətlər, SARS-dan insanlara yoluxma qabiliyyəti, insanlar üçün zərərsiz olan yarasa koronavirusundan isə SARS-a nisbətən çox böyük olan yayılma sürəti alıb.
Bu qədər təhlükəli olan tədqiqatlar ABŞ-da qadağan edilib və 2015-ci ildə elmi kollektivin bir hissəsi bütün işçi materiallarla birlikdə Uhana gedib. Və onlar burada öz tədqiqatlarını artıq Çin Elmlər Akademiyasının institutunda, Şi Çjenlinin rəhbərlik etdiyi laboratoriyada davam etdiriblər. Təhlükəli hibrid virus da azadlığa bu laboratoriyadan çıxıb.
Bu ilin mart və aprel aylarında ABŞ-ın və digər Qərb dövlətlərinin liderləri pandemiyaya görə Çinin məsuliyyət daşıması məsələsini daha sərt şəkildə qaldırmağa başladılar.
Çinə "böhtan atanlara” yönəlik qəzəbli məzəmmət isə 15 apreldə özünəxas parlaq obrazlı tərzdə RF Xarici işlər naziri Lavrovdan gəldi: "Bu, qətiyyən yolverilməzdir. Hamını özünüz kimi qiymətləndirmək lazım deyil. Qərbli həmkarlarımızın bütün hədləri və ləyaqəti aşan belə düşüncələrindən adamın başında tüklər tikan-tikan olur ”.
Çinin məsuliyyəti haqqında gedən diskussiyalar gözlənilmədən Kremlin təbliğat kanallarına keçdikdən sonra cənab nazirin başındakı tüklərin necə olması haqqında yalnız təxminlər irəli sürmək olar. Cəmi iki gün ərzində orada gedən diskussiyalar bütün hədləri və ləyaqəti aşdı. V. Solovyevin 20 apreldəki proqramı isə apofeoz oldu.
Birincisi, əfsanəvi Şi Çjenlinin "Nature Меdicine” elmi jurnalında nəşr olunan məşhur elmi məqaləsinə istinad edilməklə, ilk dəfə olaraq Rusiyanın geniş tamaşaçı kütləsinə süni koronavirusun (potentialfor humanemergence) 2014-cü ildə yaradılması, bu tədqiqatların ABŞ-da qadağan edilməsi, xanım Şi başda olmaqla, elmi heyətin bir hissəsinin Uhana köçməsi haqqında geniş danışıldı.


Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Aleksey Maslovun çox qiymətli şəhadəti isə bütün gələcək beynəlxalq təhqiqatlar və məhkəmə prosesləri üçün həqiqi sensasiya oldu. Maslov nomenkulaturanın 1 №-li çinşünasıdır, RF Prezidentinin Çin səfərləri zamanı daima nümayəndə heyətinə daxil edilir, Rusiya və Çinin dərin strateji tərəfdaşlığı ideyasını izah və təbliğ edərək, tez-tez televizorda gözə dəyir. Lakin 20 apreldə biz qocaman çinşünasın "Susa bilmərəm!” stilində olan etirazını, onun Çinin ünvanına söylədiyi çoxsaylı ittihamları eşitdik. Bu ittihamlar trampların, consonların bəyanatlarından daha sərt və konkret idi: "Görünən odur ki, sızma Uhan laboratoriyasından baş verib, Çin çoxdandır ki, virusun insanlara aşılanması da daxil olmaqla, orada aparılan təhlükəli təcrübələri maliyyələşdirir. Laboratoriyada ölüm səviyyəsi çox yüksəkdir. Uhanda karantin öncə Şi Çjenlinin laboratoriyasının, sonra bütün Virusologiya İnstitutunun blokadaya alınmasından başlayıb və yalnız ondan sonra şəhərə tətbiq edilib”.
Bu, nə idi? Belə səviyyədə olan bir məmur (Maslov, hər şeydən öncə, məmurdur) informasiya qoşunlarının qruppenfürerinin simvolik verilişində icazəsiz, üstəlik, yuxarıdan birbaşa göstəriş olmadan, bizim Çinlə olan "qardaş münasibətləri”nin kontekstində, küfr olan belə şeyləri dilə gətirə bilməzdi. Əks halda, onların hər ikisi indi güllələnmiş və ya daha pisi, müalicə prosesində Çində istehsal olunmuş süni tənəffüs aparatına qoşulmuş olardı.
 


Ancaq 20 apreldən sonra Çinin məsuliyyəti məsələsi Rusiyanın rəsmi KİV-lərində bir daha görünmədi. Maslov mütəmadi olaraq ekranda görünür, lakin əvvəllər olduğu kimi, yalnız siyasi baxımdan korrekt olan paradiqma ("Moskva-Pekin, xalqlar birgə irəliləyir, Putin və Şi bizi eşidir, bizi eşidir…”) çərçivəsində danışır.
Aprelin 15-i ilə 20-si arasında və 20-sindən sonra nə baş verdiyini anlamaq üçün Rusiya-Çin münasibətlərinin ümumi kontekstinə diqqət edək.
Rusiyanın postkommunist hakimiyyəti ötən əsrin son çərəyində ardıcıl şəkildə və ürəkdən, birtərəfli qaydada Çinə strateji güzəştə gedib. Bunu dünya tarixinin misilsiz geopsixoloji fenomeni adlandırmaq olar. Çinlilər Soyuq Müharibədə məğlub olmaları, dünya supergücü statusunu itirmələri və imperiyanın dağılması nəticəsində hikkəli rus siyasi "elitası”nda yaranmış olan dərin kompleksdən öz maraqları naminə mükəmməl formada istifadə etdilər.
Hakimiyyət və hakimiyyətətrafı dairələrdə birdən dəb halına gəlmiş olan "avrasiyaçılıq” ideoloji baxımdan ikinci dərəcəli idi, Qərbdən inciklik funksiyası daşıyırdı və Rusiya "elitası” üçün Qərblə münasibətlərin böhranlı günlərində psixoloji döşəkcə rolunu yerinə yetirirdi. Blokun (rus şairi Aleksandr Blok – tərc.) qıyıq və ac gözlü skifləri asiyalı sifətləri ilə döndükləri, onlar üçün əbədi cazibə və nifrət yeri olan Qərbi qorxutmağı və şantaj etməyi çox istəyirdilər. Tədricən maska (yeri gəlmişkən, müasir Asiya ilə heç bir ortaq cəhəti olmayan) artdı və Rusiya "elitası”nın heç bir sifəti qalmadı.
Çinlilər bütün bunların hamısını gözəl başa düşür və rus oyunlarına pessimist, eyni zamanda qaçılmaz dozada iltifatlı və təkəbbürlü ikrahla işgüzar yanaşırdılar.
İllər ötdü. Rus pasiyentin ağır ruhi xəstəliyi əhəmiyyətli dərəcədə şiddətləndi. "Qərbdən inciklik”, "Qərblə qarşıdurma” tədricən böyüyərək pravoslav-oğru cüdoxeriyasının (Putin rejiminə verilən adlardan biri – tərc.) dekadent anqlo-sakson dünyası ilə tammiqyaslı hibrid müharibəsinə çevrildi. Uyğun olaraq, bizim Karpat dağlarından enən, özünün əlavə ruhanilik xromosomunu havada yelləyən aryan tayfamızın Çindən yalnız psixoloji deyil, artıq siyasi və iqtisadi asılılığı da artdı.
24 may 2014-cü ildə ÇXR Sədrinin müavini yoldaş Li Yuançao, Sankt-Peterburq iqtisadi forumunda şimallı barbarların rəhbərinə birbaşa müraciət edərək bəyan etdi: "Sizin əraziniz böyük və zəngindir. Ancaq burada qayda-qanun yoxdur. Əməksevər Çin xalqı gələcək və özünün Səma Nizamını təsis edəcək”.
Pekin hələ ki, RF-nin Yeni Nizam qarşısında formal təslim olması məsələsində təkid etmir, çünki mövcud Rusiya administrasiyası Uzaq Şərq və Sibirdə qalib dövlətlə aktiv, səmimi və məhsuldar əməkdaşlıq edir, Səmalar İmperiyasının "həyati maraqlar zonası”nın planlı şəkildə genişləndirilməsinə şərait yaradır. Çin bu gün Rusiyadan "qabaqcıl iqtisadi inkişaf zonaları”nı həzm etmək üçün ona lazım olan hər şeyi alır.
Proses geridönməz xarakter alır və (Pekin tərəfindən seçilən) hansısa bir anda xammal əlavəsilə metropoliyanın qardaş əməkdaşlığının parametrləri hüquqi baxımdan da sənədləşdiriləcək. 1689-cu ildə imzalanmış Nerçin sazişinə əsasən, Orta Krallığa aid olan torpaqlar, istənilən halda, tarixi Vətənin tərkibinə qayıdacaq. Çinin həyati maraq dairəsinə daxil olan digər ərazilər, bu və ya başqa formada, ona dost olan subyektlər kimi institutlaşdırılacaq.
Rusiya "elitası” Çinin araba karvanından öz arıq yumruğu ilə lovğa pindosları (burada "pindos” ifadəsi Rusiyada amerikanlara verilən aşağılayıcı ad mənasında işlədilir – tərc.) hədələyərək, "Biz böyük Çinlə birlikdə 1,5 milyardıq!” deyərək, özünün doğma Yuan İmperiyası limanına tarixi dönüşünü dərin məmnunluq hissilə qəbul edir.
Məmur Aleksey Maslovun 4 dəqiqəlik həqiqət anları yalnız, eyni zamanda heç o qədər də koronavirusla bağlı deyildi. Bu, Rusiyanın hakimiyyət zirvəsində olan hansısa aktyorların Böyük Qardaşın boğucu qucaqlamasından son anda qurtulmaq üçün çarəsizlikdən etdiyi bir cəhd idi. İstinad edilən videoçarxa mütləq baxın, görün, Maslov bu 4 dəqiqədə necə danışır. Ölkədə Rusiya-Çin münasibətlərinin həqiqi mahiyyəti haqqında ən məlumatlı və bu saxta münasibətlər sistemində çoxdan yer almış olan bu adam çiyinlərini geniş açaraq, sanki hər gün söylədiyi, adiləşmiş yalanların böyük yükünü üzərindən ataraq, ona həvalə edilən mətni emosional yüksəlişdə, açıq görünən məmnunluqla tələffüz edir.
Növbəti gün naməlum nüfuzlu fiqurların RF-nin intiharçı xarici siyasət kursunu dəyişmək üçün etdiyi ötkəm cəhdin qarşısı Pekindən ən yüksək səviyyədə gələn kəskin çımxırıqla qətiyyətlə alındı.
Antimilli, tamamilə korrupsiyalaşmış, dəyərsiz və bayağı, Rusiyanın ləyaqətini təhqir edən Putin rejiminin getməsi üçün minlərlə səbəb vardır. Lakin tək elə birincisi yetərlidir, bu rejim Rusiyanı ləğvetmə komissiyasıdır.
Tərcümə Strateq.az-ındır

Kainat.tv