Ölkəmizdə aparılan siyasət hər bir Azərbaycan vətəndaşının firavan həyatının təmin olunmasına yönəlib

Ölkəmizdə aparılan siyasət hər bir Azərbaycan vətəndaşının firavan həyatının təmin olunmasına yönəlib
Azərbaycan dünyada sosialyönümlü siyasət həyata keçirən ölkələrdən biri kimi tanınır. Təbii ki, ölkəmizin uğurlu inkişaf göstəricilərindən ən əhəmiyyətlisi əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində sistemli və ardıcıl surətdə həyata keçirilən tədbirlərdir. Azərbaycan hökuməti əhalinin sosial problemlərini daim diqqət mərkəzində saxlayır.

 

Dövlətin, vətəndaşlarının həyati əhəmiyyətli tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Başqa sözlə desək, Azərbaycanda uğurla gerçəkləşdirilən sosial təminat tədbirləri insanların yaşayışının yaxşılaşdırılmasına xidmət edir. Bu da təsadüfi deyil ki, sosialyönümlülük Azərbaycanın milli iqtisadi inkişaf modelini səciyyələndirən başlıca xüsusiyyətlərdən sayılır.


Kainat.tv xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.

 

Deputatın sözlərinə görə, ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha çox diqqət göstərilir. Prezident İlham Əliyev hər bir azərbaycanlının normal yaşayışı üçün sosial xidmətlərin səviyyəsinin yüksəldilməsini, zəruri infrastruktur layihələrinin reallaşdırılmasını dövlətin başlıca vəzifəsi sayır. Dövlətimizin başçısının apardığı siyasət hər bir Azərbaycan vətəndaşının firavan həyatının təmin olunmasına yönəlib.

 

Son illər sosial sahədə mühüm işlərin görüldüyünü və ilin əvvəlindən üç böyük xəstəxana binasının istifadəyə verildiyini diqqətə çatdıran Ceyhun Məmmədov deyib: "Bir çox yeni təhsil və səhiyyə müəssisələri inşa olunub, təmir və bərpa işləri həyata keçirilıb. Dövlətimizin apardığı siyasət və güclü iqtisadiyyatımız onu deməyə əsas verir ki, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda bütün sosial öhdəliklərin təmin olunması və sosial infrastruktur layihələrin tam icrası üçün möhkəm baza vardır. Bunu dövlətimizin başçısı dəfələrlə öz çıxışlarında qeyd edib və bildirib ki, narahatçılığa heç bir əsas yoxdur”.

 

2020-ci ildə sosial sahədə mühüm layihələrin həyata keçiriləcəyini diqqətə çatdıran deputat qeyd edib ki, Azərbaycan Prezidenti həssas təbəqədən olan vətəndaşlara diqqət və qayğısını əsirgəmir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün bir neçə qəsəbə salınıb və bu iş bu il də davam etdiriləcək. 2020-ci ildə məcburi köçkünlər üçün daha 7 min mənzil tikilib istifadəyə veriləcək.

 

Ölkəmizdə uğurla keçirilən parlament seçkilərindən də danışan deputat bildirib ki, Milli Məclisə seçkilər ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha göstərdi. İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Seçkilərdə fəallığın yüksək olması, şəffaflığın təmin edilməsi ölkəmizin demokratik inkişaf yolu ilə irəlilədiyini deməyə əsas verir. "Parlament seçkilərində xalqın iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı. Seçkilərdə 1300-dən çox namizədin iştirakı onun azad və demokratik mühitdə keçdiyini göstərir. Seçkilərdən sonra parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq Milli Məclisin rəhbərliyində müxalifət nümayəndələri də yer aldılar. Bu, Azərbaycanda demokratikləşmə sahəsində atılan növbəti uğurlu addımdır. Parlament seçkilərində müxalifət partiyalarının sərbəst iştirakı bu fikri bir daha təsdiq edir”, – deyə C.Məmmədov vurğulayıb.

 

Deputat dünyamızı təşvişə salan koronavirus (COVID-19) təhlükəsindən də danışıb. Bildirib ki, xəstəlik dövründə Azərbaycan dövlətinin atdığı addımlar və həyata keçirdiyi tədbirlər xalqımızın sağlamlığının, təhlükəsizliyinin və rifahının hər şeydən üstün olduğunu bir daha göstərdi. O, Azərbaycan Prezidentinin hər zaman olduğu kimi, bu çətin məqamda da xalqımızın yanında olduğunu diqqətə çatdırıb.

Prezidentin nümunəvi addım ataraq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiyini vurğulayan deputat dövlətin başçısının bütün taleyüklü məsələlərə olduğu kimi, bu məsələyə də həssaslıqla yanaşdığını, virusla mübarizədə bütün məsələləri diqqətdə saxladığını göstərdiyi bir daha qeyd edib.

 

Virusun ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə atılan addımların davam etdirildiyini vurğulayan deputat deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Deputat əminliklə bildirib ki, Azərbaycanın bu bəladan daha az zərərlə çıxa bilməsi üçün dövlətimiz bütün imkanlardan istifadə edəcək.

 

"İnanırıq ki, dövlətimizin yardımı və dəstəyi ilə xalqımız bu sınaqdan da üzüağ çıxacaq. Hər birimiz soyuqqanlı olmalı, hadisələrə təmkinlə yanaşmalı, əsassız məlumatlar yaymamalı, ictimai mənafeyi şəxsi mənafedən üstün tutmalıyıq”, – deyə Ceyhun Məmmədov bildirib.


Kainat.tv