QAFQAZ XƏBƏRLƏRİ

“Böyük Ermənistan”, yoxsa iri dövlətlərin erməniləri marionetə çevirmək cəhdi?

“Böyük Ermənistan” yaradılması ideyasının sayıqlama olduğunu ermənilər “erməni məsələsi”nin meydana çıxmasından sonrakı bütün dövrlərdə əla anlayırdılar. Hətta 1914-1918-ci illər Birinci Dünya müharibəsi başlamazdan öncə, gələcək hərbi əməliyyatlar teatrının ərazisinə – Türkiyəyə və Zaqafqaziyaya yayılmış ermənilərin cəlb edilməsi ilə bağlı Antantanın “Daşnaksütyun”a təklifindən də bu aydın görünür.

Onlar ermənilərə “Böyük Ermənistan” yaratmağı təklif etməklə erməniləri öz məqsədləri uğrunda marionetə çevirmək istəyirdilər. Türkiyə ermənilərinə “azadlıq” və hətta “muxtariyyət” vəd etməklə, Rusiya, Fransa və İngiltərə onların əvvəla, Türkiyənin özündə türk hökumətinə qarşı çıxmalarına (Türkiyə ermənilərinin üsyan və könüllü dəstələri) çalışırdılar, ikincisi isə yeddi vilayət və Kilikiyanın zənginliyi haqqında vədlərdən başları dumanlanmış Rusiya ermənilərindən isə cəza ekspedisiyalarında, avanqard, kəşfiyyat dəstələrində, dinc əhalinin qırılmasında, ərazinin türklərdən təmizlənməsində və türk cəbhəsində çar ordusu üçün “sanitar” xidmətinin göstərilməsində istifadə etməyi nəzərdə tutmuşdular. Birinci Dünya müharibəsi ərəfisində Rusiya, Fransa və İngiltərənin planı belə idi.

Döyüşən tərəflərin ikinci qrupu da Almaniya başda olmaqla “ermənifil” rolunda çıxış edir. Alman-türk layihəsi Türkiyə ermənilərinə islahatlar, güzəştlər, Rusiya ermənilərinə isə muxtariyyət vəd edir. Onlar istəyirdilər ki, türk və rus erməniləri onların tərəfində çıxış etsinlər. Beləcə erməniləri öz tərəfinə çəkmək uğrunda mübarizə gedirdi. İstanbuldakı rus müşaviri Qulkeviç hələ dünya müharibəsinin əvvəllərində ermənilərin rəğbətini qazanmaqla bağlı yazırdı: “…Rusiya dövləti erməniləri əsrlər boyu davam edən köləlikdən qurtarmaq və onlara muxtariyyər bəxş etmək niyyətini təntənəli surətdə elan etməlidir. Şübhəsiz ki, belə bir manifestin yoxluğu həm Türkiyə, həm də Almaniyada hiss olunacaq və əleyhimizə istifadə ediləcəkdir. Bizə məlum olduğu kimi, Almaniya son dövrlərdə ermənilərin rəğbətini qazanmaq üçün böyük səy göstərir və Osmanlı imperiyasını bizim katolikosa manifest vasitəsilə elanından imtina etdiyimiz muxtariyyəti ermənilərə bəxş etməyə meylləndirə bilər” (“Bütün ermənilərin katolikosu” V Gevork “Daşnaksütyun”un tapşırığı ilə türk Ermənistanının “muxtariyyət”i ilə bağlı çara müraciət etmişdi). Gözlənilən rus manifestinin əvəzinə, türk manifestinin ortaya çıxması isə ermənilər arasında təfriqə yarada, ermənilərin gözündə rus adının cazibəsinə zərbə vura və məlum dərəcədə qoşunlarımızın Ermənistanda vəzifəsini ağırlaşdıra bilər.”

Bununla belə, çarizm ermənilərə doğru addım atır və Şərqi Anadoluda  və Kilikiyanın dörd sancağında “muxtar özünüidarəetmə”, eləcə də rus Ermənistanında “islahatlar” kimi “hədiyyə” vəd edir.

Təbii ki, ermənilər daha çox ərazi təklif edilən variantı bəyənirlər və Rusiyaya öz xidmətlərini təklif edirlər. Ermənilər 1905-1906-cı illərdə artıq Zaqafqaziya ərazisində törətdikləti erməni-azərbaycanlı qırğını nəticəsində azərbaycanlılardan torpaq qoparmağa və həmin ərazilərdə Türkiyə, İran və digər Kiçik Asiya ölkələrindən erməni köçkünlərinin yerləşdirilməsinə nail olmuşdular.

“Ermənilərin taleyi” ilə məğul olan Rusiya hərbi məqsədlər güdürdü. Amma həm də digər məqsədləri var idi. Birincisi, Rusiya türk boğazlarını, Şərqi Anadolu və Kilikiyanı ələ keçirməyə çalışırdı. İkincisi isə Dardanel və Bosforu ələ keçirməklə Rusiya Şərqi Anadolu vilayətlərində özünə dayaq yaratmaq istəyirdi. “Çarın erməni məsələsi ilə bağlı planından danışan çar naziri Lobanov-Rostovski tamamilə birmənalı olaraq bildirirdi ki, “çarizmə ermənilərsiz Ermənistan lazım idi”. O, ermənilərin məhv edilməsi bahasına Türkiyə Ermənistanını ələ keçirməyi və orada kazak qəsəbələri və drujinalarını yaratmağı nəzərdə tuturdu”. (“Революционный Восток”, №2-3 (36-37), М.1936)

http://bibliofond.ru/ saytının materialı əsasında Gündüz Nəsibov hazırladı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button