Çıxış yolunu özünü yandırmaqda görən Çingiz Mayılovun İnam Kərimova SON MÜRACİƏTİ

Çıxış yolunu özünü yandırmaqda görən Çingiz Mayılovun 
Kainat.tv-nin elektron ünvanına Göyçay rayonu Bığır kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü, sahibkar Mayılov Çingiz Sabir oğlu növbəti dəfə MÜRACİƏT ünvanlayıb.

 
Müraciətdə Çingiz Mayılov iddia edir ki, "fevralın 28-nə kimi nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənilən gübrənin pulu mənə ödənilməsə, Ucar şəhərində Kənd Təsərrüfatı naziri İnam Kərimovun keçirəcəyi vədəndaşların səyyari qəbulu zamanı üzərimə benzin tökərək özümü yandıracam."
 

Çingiz Mayılovun Kənd Təsərrüfatı Nazirinə ünvanladığı SON MÜRACİƏTİ olduğu kimi təqdim edirik: 

Cənab Nazir, bildiyiniz kimi ölkəyə satış məqsədi ilə gətirdiyimiz «Organika» maye üzvi gübrəni «Aqrolizinq» ASC-nin dərmanlar şöbəsinin Musa adlı işçisi, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev və 10-dan çox rayon şöbələrinin müdirləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, bizi aldadaraq almış və indiyə kimi də pulunu ödəməmişlər. Bununla bağlı dəfələrlə sizə poçt vasitəsi ilə yazılı müraciətlər etmişəm. Eyni zamanda bir neçə dəfə Ağdaş və Oğuz rayonlarında şəxsən sizin qəbulunuzda olaraq sizə məlumat versəm də, bu günə kimi tərəfinizdən heç bir əməli tədbir görülməmişdir.

Fevralın 28-də Ucar şəhərində vətəndaşların səyyar qəbulunu keçirəcəksiniz. Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən. Bu mənim sizə SON MÜRACİƏTİMDİR. Çünki həyatımdan da bezmişəm. Sahibkarlıq fəaliyyətim sizin nazir kimi işlədiyiniz dövrdə rəhbərlik etdiyiniz nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən məhv edilərək elə bir vəziyyətə salınıb ki, evimə quru çörək belə ala bilmirəm. Ona görə də artıq uşaqlarımın üzünə baxa bilmirəm. Yuxarıda qeyd etdiyim kimi həyatımdan bezmişəm. 28 fevral tarixinə kimi mənə nazirliyin yüksək vəzifəli şəxsləri tərəfindən gübrənin pulu ödənilməsə, qəbul zamanı üzəriməbenzin tökərək özümə qəsd edəcəm.

Mənim ölməyimin səbəbkarlarını özüm qeyd edirəm ki, öldükdən sonra günahı olmayanlar deyil, ölümümün səbəbkarları cəzalandırılsın. Ölümümün səbəbkarları: Gürcüstan Respublikasının "Bio Orqanic Georgiya LTD" şirkətinin əməkdaşı Oleg Tsirekidze, Bakı şəhər sakini Vasif Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə şöbəsinin müdirü Mikayıl Nuriyev, «Aqrolizinq»ASC-nin dərmanlar şöbəsinin işçisi Musa Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin keçmiş işçisi Eldəniz Həsənov, «Aqrolizinq»ASC-də işləyən Vüsal Həsənov və həyat yoldaşı Əzizbəyli Aytən, Qida Təhlükəsizliyi İdarəsində rəis müavini vəzifəsində işləyən Balarəhim Quliyev və eyni zamanda «Aqrolizinq»ASC-nin Cəlilabad, Hacıqabul, Şəmkir, Neftçala, Lənkəran, Ağcəbədi, Şamaxı və Salyan rayon şöbələrinin müdirləridir.

Mətbuat işçilərini bu haqda məlumatlandırmışam ki, mənim intihar etməyimi anbaan işıqlandırsınlar və bütün Azərbaycan xalqı bilsin ki, nazirlik əməkdaşları vəzifələrindən sui-istifadə edərək sahibkarlıq fəaliyyətimi məhv ediblər. «Aqrolizinq»ASC-nin dərmanlar şöbəsinin Musa adlı işçisinin yenidən işinə qayıtması və ona himayədarlıq edən Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə şöbəsinin müdiri Mikayıl Nuriyev sizin tapşırıqlarınıza məhəl qoymur.

Eyni zamanda yuxarıda adlarını qeyd etdiyim Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları mənə dəymiş maddi ziyanın ödənilməsində maneçilik törətdiklərini dəfələrlə bildirsəm də, heç bir tədbir görülməyib.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və Gürcüstan Respublikasının "Bio Orqanic Georgiya LTD" şirkətinin əməkdaşı Oleg Tsirekidze və Bakı şəhər sakini Vasif Məmmədov "Orqanika” adlı keyfiyyətsiz gübrələri qanunsuz olaraq ölkəmizə gətirib sataraq mənim sahibkarlıq fəaliyyətimi məhv ediblər.

Cənab Nazir, yuxarıda adlarını qeyd etdiyim şəxslər haqqında əlimdə «CD disk» şəklində faktlar da var.