"Bu tədbirlərdə iştirak Azərbaycanın siyasi nüfuzunu daha da artırır"- Nəsib Məhəməliyev

"Bu tədbirlərdə iştirak Azərbaycanın siyasi nüfuzunu daha da artırır"-Xəbər verdiyimiz kimi Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında səfərə gedib.


Kainat.tv xəbər verir ki, bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Nəsib Məhəməliyev bildirib ki, Münhen Təhlükəsizlik Konfransı 1962- ci ildən başlayaraq hər il keçirilir: "Bu il keçirilən konfransda 40-dan çox ölkənin dövlət və hökumət başçıları, Müdafiə, Xarici işlər nazirləri, beynəlxalq təşkilatların nümayəndələri, iri biznes təmsilçiləri iştirak edirlər. İştirakçılar dünya siyasi sistemi, təhlükəsizlik, enerji, ekologiya və müxtəlif sahələr üzrə əməkdaşlıq mövzularını müzakirə etməklə yanaşı müasir dünyanın qlobal çağırışlarını, aktual problemlərini nəzərə alaraq öz fəaliyyət planlarını müəyyənləşdirirlər.


Bu baxımdan Münhen Təhlükəsizlik Konfransı istənilən ölkə üçün olduqca əhəmiyyətli siyasi platformadır. Respublikamızın prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi, ölkəmizin təhlükəsizliyinin, dövlətlərarası münasibətlər sisteminin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın düzgün formalaşdırılması üçün bu nüfuzlu siyasi platformadan effektiv şəkildə istifadə edir. Artıq bir neçə ikitərəfli görüş keçirilib. Düşünürəm ki, konfrans çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaqdır.

 

Uzun illərin təcrübəsi göstərir ki, hər il Münhen konfransından sonra təhlükəsizlik məsələləri ilə yanaşı, müxtəlif ölkələrlə, böyük şirkətlərlə iqtisadi əməkdaşlıq müqavilələri bağlanır. Azərbaycan dünyaya daha da çox açılır, ölkənin siyasi nüfuzu artır".