Rusiyadakı səfirliyimizdən şikayətlər bitmir - Nə baş verir? – ŞOK VİDEO

Rusiyadakı səfirliyimizdən şikayətlər bitmir - Nə baş verir? – ŞOK VİDEOAzərbaycanın Rusiyadakı səfirliyində süründürməçiliyi özündə əks etdirən videogörüntü yayılıb.

Kainat.tv yazır ki, bu barədə Rusiyada yaşayan azərbaycanlılardan daxil olan məlumatda deyilir.
Məlumatda bildirilir ki, səfirliyin fəaliyyətindən yararlanmaq hüququ olan azərbaycanlıların problemlərinə qarşı etinasızlıq nümayiş etdirilir. Belə ki, səfirlikdə müxtəlif məsələlərlə bağlı həmyerlilərimizin müraciətlərinin dinlənilməməsi onların narazılığına səbəb olub.
2015-ci ildə lentə alındığı bildirilən videogörüntüdə səfirliyə etdikləri müraciətləri cavabsız qalan azərbaycanlı ailələrin problemlərinin Azərbaycanın Rusiyadakı səfirinin o zamankı müavini Qüdsi Osmanov tərəfindən dinlənildiyi görünür. Görüntülərdən də aydın olur ki, müxtəlif sənəd problemləri ilə üzləşən azərbaycanlılar səfirlikdə qəbul edilməsələr də, sonda Q.Osmanov tərəfindən səfirliyin inzibati binasının yeməkxanasında qəbul edilir və onların problemləri dinlənilir.
Q.Osmanov həmin şəxslərlə qeyri-rəsmi görüşündə Azərbaycanın dövlət başçısının verdiyi tapşırıqlara əsasən xarici ölkələrdə yaşayan azərbaycanlıların problemlərinin həll olunmasının səfirliyin başlıca vəzifələrindən biri olduğunu vurğulayıb. O, eyni zamanda qeyd edib ki, Azərbaycan dövləti tərəfindən xaricdəki azərbaycanlıların hüquqlarının qorunması üçün səfirliklərdə yüksək şərait yaradılıb. O, səfir Polad Bülbüloğlunun bu ölkədə yaşayan həmyerlilərimizin problemlərini həll etmək üçün borclu olduğunu xatırladıb. Görüşdən sonra həmin şəxslərin qarşılaşdıqları problemlərin həll olunması istiqamətində müvafiq addımlar atılıb.
Amma buna baxmayaraq, Rusiyada yaşayan Azərbaycan vətəndaşları bu gün də Azərbaycanın Ruisyadakı səfirliyinin fəaliyyətindən narazı qaldıqlarını iddia edirlər.
Şikayətçilər bildirir ki, Q.Osmanovun Rusiyadakı diplomatik missiyası başa çatdıqdan sonra səfirliyin fəaliyyəti yenidən Azərbaycan vətəndaşlarına qarşı süründürməçiliyə yol açıb. Buna misal olaraq, müxtəlif məsələlərlə bağlı Rusiyanın uzaq şəhərindən Moskvadakı səfirliyə üz tutan Azərbaycan vətəndaşlarının müraciətlərinin dinlənilməməsi səbəbindən günlərlə küçələrdə, parklarda və digər ictimai iaşələrdə gecələdikləri iddia olunur.
Qeyd olunur ki, səfirlikdə vətəndaş qəbullarının müəmmalı səbəblərdən təxirə salındığı iddiası və yaxud da səlahiyyətli şəxslərin səfirlikdə olmaması bəhanəsi ilə vətəndaşların qəbul edilməsi yubadılır.
Hazırda süründürməçilik davam etsə də, Azərbaycan vətəndaşları Rusiyadakı səfirlikdə bu problemin tezliklə həll olunacağına inanırlar. Onlar Azərbaycanda həyata keçirilən islahatların diplomatik korpuslardan da yan keçməyəcəyinə ümid etdiyini bildirirlər.
Qeyd edək ki, Azərbaycanın Moksva şəhərində səfirliyi, Yekaterinburq və Sankt-Peterburq şəhərlərində isə konsulluğu fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Q.Osmanov 2016-cı ilin sentyabrın 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.(aktualxeber.az)