Sayt rəhbəri, II qrup əlilin Prezidentə təkrar müraciəti

Sayt rəhbəri, II qrup əlilin Prezidentə  təkrar müraciətiAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: İctimai-siyasi məsələlər üzrə prezidentin köməkçisi cənab Əli Həsənova

Abşeron rayonu Polis İdarəsində qeydiyyatda olan, hal-hazırda Yasamal rayonu Nazim Hikmət küçəsi, bina 28 mənzil 13-də kirayə yaşayan anadangəlmə II qrup əlil Dadaşov Cəmil Zəbhulla oğlu tərəfindən

MÜRACİƏT


Çox hörmətli cənab Prezident!

Mən, Cəmil Zəbhulla oğlu Dadaşov 1961-ci ildə Şamaxı rayonunun Dəmirçi Sovetliyinin Zarat kəndində anadangəlmə əlil doğulmuşam. Sağ qolumun oynaqdan aşağı hissəsi yoxdur. II qrup əlil olmağıma baxmayaraq, uşaqlıqdan sol əlimlə yazmağı, oxumağı və müəyyən işləri görməyi öyrənmişəm. Gələcək həyatım acınacaqlı keçməsin deyə təhsil almışam. 15 ilə yaxın dövlət qulluğunda işləmişəm. Uşaqlıqdan mətbuata marağım olduğu üçün həmişə bu sahədə çalışmaqla, dövlətə və dövlətçiliyimizə xidmət etmək arzum olub. Artıq 21 ilə yaxındır ki, qəlbən bağlandığım mətbuatdayam. 2002-ci ildən indiyədək təsis etdiyim “Ədalət və Həqiqət” beynəlxalq ictimai-siyasi hüquq qəzetinin həm də baş yazarıyam. Vaxtilə ölkəmizə ləyaqətlə rəhbərlik etmiş ulu öndərin və sonra onun layiqli davamçısı - Siz cənab İlham Əliyevin apardığı siyasətin mahiyyətini, uğurlu dövlət quruculuğunu, daxili və xarici siyasi kursun ölkədə və beynəlxalq aləmdə tanıdılmasında həmişə əlimdən gələni əsirgəməmişəm. Bir mətbuat işçisi olaraq töhfələrimi bacardığım qədər xalqa çatdırmağa çalışmışam və bundan sonra da tutduğum müqəddəs yolu şərəflə, ləyaqətlə davam etdirəcəyəm. Məni bu yoldan heç bir qüvvə çəkindirə bilməz.

Cənab Prezident!

Ailəm mənim ən yaxın silahdaşımdır. Yaşayışımın acınaqcaqlı vəziyyətdə olmasından neçə ildir həyat yoldaşım ürək nevrozu diaqnozu ilə yataq xəstəsidir. Qızım Bakı Biznes və Kooperasiya kollecinin tələbəsidir, illik təhsil ödənişlərini ödəməkdə çox çətinlik çəkirəm. İşlədiyim bu uzun illər ərzində dəfələrlə aidiyyəti qurumlara müraciət etmişəm. Sizin ünvanınıza da özümün çətin durumumla, II qrup əlil olmağımla bağlı müraciətlər göndərmişəm. Mövcud yaşayışımla əlaqədar vəziyyət, normal yaşamağım üçün mənzilimin olmaması məni Azərbaycan vətəndaşı kimi çox narahat edir. Əlilliyə görə aldığım təqaüd ancaq kirayə puluna güclə çatır. Ailəmin dərmanlarını imkansızlığa görə ala bilmirəm.
Məktubumun əvvəlində qeyd etdiyim kimi, həmişə ölkəmizin mənafeyini öz mənafeyimdən üstün tutmuşam. Əqidəmlə, vicdanımla yaşamağı üstün saymışam. Artıq səhhətim günü-gündən pisləşir. İşim mənə güc gəlir. Ailəmin - övlad yanında başıaşağı, xəcalətli qalmışam. Uzun illər başqa-başqa mənzillərdə kirayədə qalmağım mənim özümü də bezdirib.

Möhtərəm Prezident!

Əlil kimi bu gün də fəaliyyətimi davam etdirirəm. Tək qolumla işləyirəm. Mövcud yaşayış şəraiti normal fəaliyyətimə mane olur, evsizliyə görə çox əziyyət çəkirəm. Normal əmək fəaliyyətinə başlamaq üçün evdə gözləntilərim olur. Odur ki, Sizdən sadaladığım problemləri, səhhətimi, sağlamlığımı nəzərə alıb mənzillə təmin olunmağıma köməklik göstərməyinizi xahiş edirəm.
Şahidiyəm ki, Sizin - cənab Prezidentimizin bütün sahələrdə atdığı humanist addımlar minlərlə ailəyə xoşbəxtlik gətirmişdir. Sizin bir Prezident olaraq humanistliyiniz, nəcibliyiniz və xeyirxahlığınız, ali missiyaları daşımağınız hər bir dövlət qurumuna nümunədir. İstərdim ki, aidiyyəti qurumlar Sizin nümunənizdən faydalanıb, ibrət dərsi götürüb mənə köməklik etsinlər. İnanıram ki, cənab Prezident, məhz Sizin müdaxilənizdən sonra həmin qurumlar ailəmizə sevinc bəxş edəcək, Azərbaycanın əlil vətəndaşı olan Mənə - Cəmil Zəbhulla oğlu Dadaşova yardım əlini uzadacaq, ailəmin mənzillə təmin olunmağına lazımi köməklik göstərəcəklər.
Mən həmişə AZƏRBAYCANLI olmağımla fəxr etmişəm. Qürur duymuşam və duyuram ki, Sizin kimi humanist, demokratik, nəcib və xeyirxah, gündən-günə analoqu olmayan inkişafa imza atan bir İNSANın Prezident olduğu müstəqil Azərbaycanın, qüdrətli, heç vaxt əyilməz bir ölkənin vətəndaşıyam.
Azərbaycan xalqının ümidi Sizədir. İnam yerimiz məhz Sizsiniz, cənab Prezidentim! Bu inamla, ümidlə Sizdən çox şey gözləyirik. Bilirik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanı ancaq və ancaq Siz daha da irəliyə apara, başladığınız nəhəng işləri məhz Siz davam etdirə bilərsiniz. Və bu inamdayıq ki, Azərbaycan məhz Sizin səriştəniz və təcrübəniz sayəsində daha da çiçəklənəcək.

Sizə uğurlar diləyirik, cənab Prezidentim!


Hörmətlə: Cəmil Zəbhulla oğlu DADAŞOV

08.11.2019

Telefon: (055) 340 50 63
(070) 340 50 63