“Qaradağ RPİ-nin İstintaq Şöbəsinin yüzlərlə saxtakarlığını mən başqa cür necə sübuta yetirim? Tək çarə intihardır.” Heydər Quluyev

“Qaradağ RPİ-nin İstintaq Şöbəsinin yüzlərlə saxtakarlığını mən başqa cür necə sübuta yetirim? Tək çarə intihardır.” Heydər Quluyev

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının I Vitse Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Novruz Məmmədova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazova

Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri cənab Mahmud Nəbiyevə

Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Əhməd Quliyevə

Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi cənab Rasim Sadıqova

Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi xanım İradə Həsənzadəyə

Surəti: Kainat TV-nin Redaksiyasına


AR CM-nin 263 və 264-cü maddələri ilə təqsirləndirilən Bərdə rayon Kətəlparaq kənd sakini Heydər Qasım oğlu Quluyev tərəfindən
(cinayət işinin materiallarının saxtalaşdırılması barədə)


Ə R İ Z Ə

Cənab Prezident!

Bildirirəm ki, məlum olan hadisədə heç bir günahım olmasa da istintaq tərəfindən cinayət işinin materialları tam saxtalaşdırılaraq məni əsassız olaraq ağır cinayətin törədilməsində ittiham edirlər. Qeyd edim ki, 05.12.2017-ci il tarixdə, saat 18:00 radələrində Lökbatan-Xocahəsən avtomobil yolunun 9-cu km-də Hüseynov Sakit Nuru oğlu idarə etdiyi 99-MB-195 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz 190” markalı avtomobillə Yol Hərəkəti haqqında qanunun tələblərini kobud şəkildə pozaraq ötmə qaydasına zidd hərəkət edərək, yolun əks istiqamətinə çıxmış və mənim idarə etdiyim avtomobillə öz yolumda toqquşmuşdur. İbtidai istintaqın saxtakarlığının bir qismini nəzərinizə çatdırıram, bu hallar aşağıdakılardır:
-Hadisə baş verən andan ilk işim yaralılara kömək edib, avtomobildən çıxarmaq olmuşdur.
-Hadisə yerinə ilk gələn şəxslər arasında Qaradağ rayon Polis İdarəsinin rəisi Əli İbrahimov və Rayon Prokuroru Natiq İbrahimov cənabları olmuş, onlar da hadisə yerində protokol tərtib edərək hadisənin baş vermə səbəbi kimi Sakit Hüseynovun ötmə qaydasını pozmasını və avtomobili sürətlə idarə etdiyindən idarəçiliyi itirməsini bildirmişdilər. Həmin protokol tərtib edilərkən mən rayon prokurorunun müavinin yanında dayanmışdım.
-Hadisədən sonra rayon Prokurorunun müavininin tələbi ilə Cinayət Axtarış Şöbəsinin rəisi ilə birlikdə Qaradağ rayon Polis İdarəsinə gedib ilkin izahat vermişəm.
-Qaradağ rayon Polis İdarəsində müəyyən müddət saxlandıqdan sonra sərbəst buraxılmşam.
-Dərhal hadisə vaxtı həlak olan Sakit Hüseynovun yas mərasimində iştirak etmişəm. Yasda da Sakit Hüseynovun qardaşı oğlu Vüqar Hüseynov doluxsunmuş halda digər qohumları ilə birgə mənə yaxınlaşıb, Sakitin dəfələrlə ürək getməsi səbəbindən qəza törətdiyini, hətta buna görə sürücülük vəsiqəsinin məhdudlaşdırıldığını bildirib, ailənin faciəsinin səbəbkarı kimi əmisi Sakit Hüseynovu qınamışlar. Eyni zamanda Sakit Hüseynovun avtomobili 140 ilə idarə etdiyini söyləyib, mənim baş sağlığımı qəbul etmişlər.
-Mən hadisə yerindən nəyinki qaçmamışam, hətta yaralılara da kömək edib sona qədər həmin ərazidə olmuşam.
-Qeyd edim ki, mənim müstəntiq Cavid Məmmədova və Tural Alıyevə verdiyim ifadələr gələcək saxtakarlıq üçün iş materiallarından çıxarılmışdı. Belə ki, vəkilim Ceyhun Yusifovla birgə Cavid Məmmədova ayrı-ayrılıqda 2 dəfə ifadə vermişəm. Hər iki ifadəmdə digər avtomobili görmə məsafəmin 30-40 metr olmasını qeyd etmişəm. Lakin hər iki ifadəm cinayət işindən çıxarılıb.
-Müstəntiq Cavid Məmmədov tərəfindən qayınatası Fərhad Əfəndiyevin il mərasimi keçirilən günü Lökbatan-Xocahəsən Respublika əhəmiyyətli avtomobil yolunun 9-cu km DYP tərəfindən bağlanmaqla ifadəm yerində yoxlanılmış xüsusi ölçü aparıldıqdan sonra sxem tərtib edilmiş və həmin sxemdə məsafə 40m kimi qeyd olunmuşdu.
-Sonradan isə həmin sxem həm də hadisə yerinin sxemi saxtalaşdırılaraq 40metr 140m kimi göstərilmişdi.
-Həmin hadisə ilə bağlı 3 dəfə ekspertiza keçirilmişdi.
İlkin ekspertiza hadisə yerinin sxemi olmadığından rəy verə bilməmişdi. 2-ci ekspertiza mənim ifadəmə və hadisə yerinin sxeminə və protokoluna əsasən göstərilən 40m görmə məsafəsinə uyğun olaraq günahsız olduğum ekspert rəyi ilə də təsdiq olunmuşdu.
Lakin mənim günahsızlığım istintaqa tam sübuta yetirildiyindən mənə saxta ittiham vermək üçün protokolu və sxemi 40m əvəzinə saxtalaşdırıb 140m yazaraq, yəni 40 önünə 1(bir) rəqəmini atıb saxta ittihamı vermək üçün mənim hətta 30-40m ilə bağlı verdiyim ifadəmi də cinayət işindən çıxarıb ekspert qarşısında görmə məsafəsini 140m kimi göstərib saxta rəy almışlar.
-Bundan sonra əvvəlki (İftixar Əhmədov tərəfindən alınmış) ifadəmdəki 40m və müstəntiq İftixar Əhmədov tərəfindən protokolda və sxemdəki 40m ilə bağlı ziddiyyətə aydınlıq gətirərək ifadə Tural Alıyev tərəfindən yenidən alınmış mən də 40 əvəzinə 140m yazılmasını saxtakarlıq kimi qeyd etmişəm. Lakin həmin ifadəm də cinayət işində yoxdur.
-Məni müstəntiq Tural Alıyev CM-nin 263.3 və 264-cü maddələri ilə qanunsuz olaraq şübhəli şəxs qismində tutmuşdur. Eyni zamanda həbs qəti imkan tədbirinin seçilməsi üçün Qaradağ rayon Prokuroruna vəsatət verilmişdi ki, mənim həbs edilməyimlə bağlı Qaradağ rayon Məhkəməsinə təqdimat verilsin. Lakin mənim günahsızlığımı və sxem və protokolun saxtalaşdırılaraq 140m yazılması Qaradağ rayon Prokuroruna aydın olduğundan vəsatəti təmin etməmiş, dərhal mənim azad olunmağımı tələb etmişdir.
-Necə ola bilərki, bir şəxsə CM-nin 263.3, 264-cü maddəsi ilə “əsaslı ittiham” verilir, lakin Prokuror onun həbs edilməsi ilə bağlı təqdimat vermir və vəsatəti rədd edir. Məgər bunun analoqu varmı?! Adi CM 263-cü maddənin yanında CM-nin 264-cü maddəsi varsa bir mənalı şəkildə həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat verilir. Bu barədə Cənab Baş Prokurorun da müvafiq əmri var. Hamıya aydın idi ki, mənim həmin hadisədə heç bir günahım yoxdur.
-Maraqlıdır, əgər həqiqətən də əvvəlki sxemdə, protokolda və ifadədə 40m, sonradan sxem və protokolda 140m olmuşsa niyə əlavə ifadə alınıb bu ziddiyətə aydınlıq gətirilməyib?. Bu bir daha Tural Alıyev tərəfindən ifadəmin gizlədilməsi və cinayət işindən qəsdən çıxarılmasını tam sübut edir.
-Tərəfimdən yüzlərlə şikayət Daxili İşlər Nazirliyinə, Baş Prokurora yazılsa da, istintaq öz saxtakarlığını ört basdır etmək üçün həmin şikayətləri cinayət işindən çıxarmışdır. Bu da istintaqın növbəti saxtakarlığıdır. Necə ola bilər ki, sənə saxta sübut yığıb, ağır cinayət törətməkdə ittiham edərlər, amma nə mən nə də ki, vəkillər bir dənə də şikayət verməyə?.. Bəs onda sual doğur, etdiyim yüzlərlə şikayət haradadır?
-Etdiyim çox saylı şikayətlərdən sonra Bakı şəhər prokurorunun göstərişi ilə (DİO-ya nəzarətin Prokuroru Qaradağın Kuratoru Bəhlul Yaqublu) ifadəmin yerində yoxlanması qərara alınmışdı. Qaradağ Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları və vəkilim Ceyhun Yusifovla birgə Lökbatan –Xocahəsən avtomobil yolu 15 dəqiqə ərzində bağlanmış, ifadəm yerində təkrarən yoxlanılmış və görmə məsafəsi 40m olması təkrarən öz təsdiqini tapmışdır. Hadisə yerində DYP avtomobilinin içərisində ifadəm yerinə yoxlanılmasına dair sxem və protokol tərtib edilmiş və görmə məsafəsi kimi 40m hətta sözlə də ifadə edilmişdi. Lakin cinayət işinin içərisində nə sxem, nə də ki sonuncu protokol mövcud deyil.
-İstintaq öz saxtakarlığını məndən və vəkilimdən gizli şəkildə yekunlaşdıraraq guya mənim cinayət işinin materialları və digər sənədləri imzalamaqdan imtina etməyim kimi qiymətləndirib, işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Mənim isə bundan yalnız hakim Novruz Kərimovun köməkçisinin məni məhkəməyə çağıranda məlumatım olmuşdu.
-Mənə Qaradağ RPİ-nin İstintaq Şöbəsinin rəisi Həsən bildirmişdir ki, sonuncu ifadənin yerində yoxlanmasından sonrakı işə bəraətverici əsasla xitam verilib. Məni aldatmaqda məqsəd məndən saxtakarlığı gizlətmək və mənim Daxili İşlər Naziri Ramil Usubovun Bərdə rayonunda keçirilən qəbuluna girib onların saxtakarlığını ifşa etməyimin qarşısını almaq olmuşdu.
-Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hazırlıq iclasında hakim Novruz Kərimov cinayət işinin sonuncu mərhələsindən ümumiyyətlə xəbərinin olmamasının, imzalarımın saxtalaşdırıldığını tam sübuta yetirib, cinayət işini yenidən istintaqa qaytarmış və saxtakarlıq edən müstəntiq Tural Alıyev və təyinatla qoşulmuş Şükür barəsində xüsusi qərardad çıxarmışdı.
Hətta hazırlıq iclasına şahid kimi dəvət edilmiş Şükür adında vəkil məni ümumiyyətlə görmədiyini, həmin saxta imzaları isə Həsən adlı istintaq rəisinin təhriki ilə etdiyini bildirmişdi.
-Bakı Ağır Cinayətlər Məhkəməsi işi yenidən Qaradağ rayon Prokurorluğuna qaytardıqdan sonra Həsən məni çağırıb, zərərçəkmişlərə 5000 manat, özlərinə isə 5000 manat verməsini təklif etmişdir ki, həmin cinayət işinə xitam versin. Mən isə pulumun olmadığını bildirdikdə işi yenidən məhkəməyə göndərəcəyini bildirdi. Hətta söylədi ki burada heç bir cinayət olmasa da, sənin işini məhkəməyə göndərəcəm. Onda ağlın başına gələr. Məhkəmə sənə bəraət versin, mən vermirəm. Yuxarıda qeyd edilənlərlə yanaşı, hamıya aydın olan halları bildirməyi zəruri sayıram.
1. Hadisənin baş verdiyi toqquşma nöqtəsi mənim hərəkətdə olduğum yolda yəni mənim yolumda baş vermişdir. Hamı kimi mənim də diqqətim hərəkət istiqamətində olmuşdu.
2. Məlum olduğu kimi Lökbatan-Xocahəsən avtomobil yolu Respublika əhəmiyyətli yol olmağı ilə yanaşı intensiv yoldur. Avtomobillərin hərəkət sıxlığı və intensivliyi ən çox olan yoldur. Hadisənin baş verdiyi saat 18:00 radələri isə intensivlik dəfələrlə artmışdır. Belə olan halda, günün qaranlıq saatında və avtomobillərin işıqlandırılması 140m görməyi qeyri-mümkün, daha doğrusu mümkünsüz edir. Eyni zamanda hətta yolun əks istiqaməti nəzərdə tutularsa, bu halda görmə məsafəsinin təbii olaraq 30-40 metrdən tez görmək mümkün deyil. İstintaq nədənsə görmə məsafəsini və şəraiti, hava durumunu ümumiyyətlə araşdırmadan kənar saxlamışdır.
3. Əgər həqiqətən də günün qaranlıq saatlarında əks yolda gələn avtomobilin 140m görmüşəmsə bu zaman aşağıdakı vacib hallara diqqət yetirilməlidir.
İlk əvvəl intensiv yolda mən həmin “Mersedes-190” markalı avtomobili 140m-də görürəmsə, onda gərək ondan əvvəl olan (hər avtomobil üçün ara məsafəsi və həcmi nəzərə alaq - 4metr hesablasaq) 35-40 maşını da mən görərdim. Bir anlıq təsəvvür edin əks yolda 40 avtomobili ardıcıl görməyi və ya diqqətimin əks yola yönəlməsi nə dərəcədə inandırıcı və realdır. Əgər biz həmin avtomobillərin uzağa vuran işıqlandırmasını, yolun qaranlığını və gecə saatını və həcminin kiçikliyini nəzərə alsaq, atılan şərin və böhtanın, Allahsızlığıın nə həddə olması çılpaqlıqla görünər. Digər bir baxımdan həmin avtomobilin hərəkəti məni 140m diqqətimi çəkmişsə bu zaman həmin avtomobil yolda hərəkət istiqamətindən çıxmalı yəni hərəkət TRAYEKTORİYASINI dəyişməli idi. Bu zaman isə mən də öndə olan(yəni 140m məsafədə mövcud olan avtomobillər) 35-40 avtomobillə toqquşmalı idim. Nəzərə alsaq ki, hərəkət istiqaməti mütləq üçbucaq şəklində olmaqla əks yola girməli idi. Bu zaman təsəvvür edin toqquşacaq avtomobilərin sayı və baş verəcək faciənin həcmi necə olacaqdı?! Eyni zamanda toqquşacaq avtomobillər mütləq məndən öndə olan avtomobillər olmalı idi. Bu da istintaqın gəlmiş olduğu nağılın hüquqi məntiqi.
4. Vacib nüanslardan biri də guya ifadələrin yerində yoxlanması zamanı məsafənin 140m olması halıdır. Niyə məhz 140m, niyı 136m, 147m, 132m, 128m deyil məhz 140metr. Bunun bir sadə cavabı var müstəntiq sxemi 40m yazdığından və tərəfimizdən imzalandığından saxtakarlığın yeganə yolu 40 rəqəminin önünə 1 rəqəmini əlavə etmək olub. Bununla da həqiqəti asan və şərəfsizcəsinə gizlədə bilmişlər. Hətta sxemə edilmiş əlavə 1 rəqəmi də fərqli və başqa rəng olması ilə açıq-aşkar fərqlənir.
5. Cinayət işi CPM-nin tələbləri kobud surətdə pozulmaqla 4 müstəntiqin icraatında olmuşdur. Lakin iş materiallarında saxtakarlığı etmiş Cavid Məmmədova və Tural Alıyevə işin hansı zərurətdən keçməsi və cinayət işinin icraatının başqa müstəntiqə verilməsinə dair prokurorun qərarı mövcud deyil.
6. İstintaqın uzun müddətli prosessual vaxtda yalnız işi 40 önünə 1 artırmaqla 140m göstərib saxtakarlıq etməkdən ibarət olub. İş materiallarında olan DİN İstintaq və Təhqiqat Baş İdarəsi tərəfindən vacib istintaq hərəkətlərini keçirilməsinə dair göstəriş verilsə də həmin göstəriş obyektiv nəticəyə səbəb olacağından yerinə yetirilməmişdir.
Belə ki, Hüseynov Sakit Nuru oğlunun idarə etdiyi 99-MB-195 dövlət qeydiyyatı nömrə nişanlı “Mersedes Benz-190” markalı avtomobilin hərəkətdə olduğu Ağcəbədi-Yevlax, Yevlax-Lökbatan dairəsinə sürəti, qəza şəraiti, gəlmə saatı radar, NMS(nömrə məlumat sistemi) vasitəsilə öyrənilməmiş, ərazidə olan avtomobillər müəyyən edilməmiş, hadisə şahidləri müəyyənləşdirilməmişdir. Bununla yanaşı Sakit Hüseynovun sürücülük hüququndan məhrum edilməsi səbəbinə aydınlıq gətirilməmişdir. Lakin DİN-in Baş İdarəsi tərəfindən bu xüsusatların yoxlanılmasının zəruri olmasına dair göstəriş verilmişdi.
7. Bakı Apellyasiya Məhkəməsinin hakimi cənab Novruz Kərimov hazırlıq iclasını 6 prosesə keçirdib. Hətta şahid kimi Şükür adlı vəkili də hazırlıq iclasında dindirdi. Bu zaman bəlli oldu ki, bütün prosessual sənədləri imzalayarkən tək olub, heç birində mən olmamışam. İndi siz deyin hörmətli hakimlər! Qaradağ RPİ-nin İstintaq Şöbəsinin yüzlərlə saxtakarlığını mən başqa cür necə sübuta yetirim? Tək çarə intihardır.
8. Qaldı zərərçəkmişin hüquqi varisinə onların da yeganə amalı nə yolla olur olsun sığorta ödənişini almaqdır. Əgər saxta ittihamla mənə hökm çıxırsa bu zaman günahsız rəhmətliklərin qan pulunu alıb onların müqəddəs ruhunu narahat edəcəklər. Bu nə insanlığa, nə dinə, nədə ki, Allaha xoş gedər. Məni günahsız həbs etdirib, balalarımı yetim qoyub, nə var - nə var 5000 manat dövlətdən sığorta pulu alacaqdı. Axı o pul qan, irin, ah-nalə olar, onu Allah götürməz.
Möhtərəm Prezident!
Mən yalnız saxtakarlığın azacıq hissəsini nəzərinizə çatdıra bildim. And içirəm Qurana, Allaha mənim günahım yoxdur. Mənə şər atılır. Gündəlik 12 manata həkim maşını sürürdüm ki, balalarıma bir tikə çörək aparım, halallıqla ailəmi quru çörəklə də olsa dolandırım. Balalarım ağlaşır hər Bakıya gələndə. İnanın ölüm bu yaşayışdan üstündür. İnsan bir dəfə ölür, mən hər gün ölüm arzulayıram. Sizi and verirəm Allaha, Qurana, müqəddəs balalarınızın canına, mənə atılan şərə imkan verməyin. İşə ədalətli baxılmasına göstəriş verin, balalarımı bir ömürlük gözü yaşlı qoymayın.
Ərizəmi Böyük Dahi Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm, “Ədalətsizliklə ədaləti bərpa etmək olmaz”. İnanıram ki möhtərəm hakimlərimizin çıxaracaqları ədalətli hökm onların də vicdanına bir ömürlük rahatlıq verəcək.
Heydər Qasım oğlu Quluyev

Kainat.tv