“Azdır, az yeyin, çox yemək insanı tez qocaldır” -Mirələmovun “möhtəşəm” Xəzər uzaqgörənliyi...

“Azdır, az yeyin, çox yemək insanı tez qocaldır” -Mirələmovun “möhtəşəm” Xəzər uzaqgörənliyi...Hüseynbala Mirələmov Xətai rayon 33 saylı birinci seçki dairəsindən yenidən deputatlığa namizəddir.

Bu o Mirələmovdur ki, dünyada gedən iqtisadi böhrana “Azdır, az yeyin, çox yemək insanı tez qocaldır” kimi “şedevr”lə şərh vermişdi.
Mənim Hüseynbala müəllimlə heç bir qərəzim, problemim yoxdur. Məsələ çox sadədir. Prezident İlham Əliyev ölkədə gəncləşdirmə islahatının önəmindən danışır, bunu xüsusi vurğulayır. Mirələmov da çıxışlarında Prezidentin siyasi kursunu dəstəklədiyini iddia edir. Bəs, belədə bu il 75 yaşı tamam olacaq Mirələmov niyə namizədliyini bir daha irəli sürdü?
Onu da xüsusi vurğulayaq ki, Hüseynbala Mirələmov nə deputat kimi, nə də islahatların təbliğində aktivliyi ilə seçilir. Əksinə, Hüseynbala müəllimin adı daim inanılmaz qalmaqallarda səslənir. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi aşkar etmişdi ki, deputatın istirahət mərkəzi bütün kanalizasiya sularını gizli olaraq Xəzər dənizinə axıdır.
Qəribə təsadüf, bu gün mətbuatda Xəzər dənizində suyun səviyyəsinin azalması haqda məlumat yayılıb. Hüseynbala müəllim öz müdrik uzaqgörənliyi ilə bu günləri görüb və vaxtında kanalizasiya sularını axıdıb gözəl Xəzərimizə!
Daha bir fakt: 2012-ci ildə H.Mirələmova məxsus istirahət məkanında onun qardaşı oğlu Rəşad Mirələmov Ramal Bayramovu güllələyərək öldürmüşdü. Deputatın Panamada şirkətlərinin olduğu da iddialar sırasındadır və o özü bunu indiyədək təkzib etməyib.
Məncə, Mirələmov “panamasını” qoysun qabağına və yaxşı-yaxşı düşünsün. Allah ömür versin, artıq 75 yaşına çatıb. Aktiv siyasətdən geri çəkilib, öz yaradıcılığı ilə məşğul olsa, həm Azərbaycan xalqı qazanar, həm də, nə də olmasa, Azərbaycan ədəbiyyatı...(faktinfo.az)

Kainat.tv