“NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”

“NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”Azərbaycanın ən iri tikinti maqnatlarından biri olan və “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun şirkətinin vətəndaşdan rəsmi müqavilə ilə aldığı 346 min ABŞ dollarını mənimsədiyi iddia olunur.

Bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciətin bir nüsxəsini də “AzPolitika.info”ya göndərən 80 yaşlı ağbirçək Durna Seyidovanın məktubunda göstərilir ki, dəfələrlə aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq, problem həll olunmur: “İsfəndiyar Axundovun bilavasitə rəhbəri olduğu, başqasının adına rəsmiləşdirib, kənardan fəaliyyətinə “dirijorluq etdiyi” “İN Eksklyuziv Servis” MMC ilə 2007-2008-ci illərin ayrı-ayrı vaxtlarında “Yeni Yasamal” yaşayış kompleksində tikilməsi planlaşdırılan yaşayış binalarında bir neçə iri sahəli mənzillər və qeyri-yaşayış sahələri almaq üçün 5 müqavilə imzalamışıq. Müqavilənin şərtlərinə uyğun olaraq MMC-nin xəzinəsinə 346.000 ABŞ dolları ödəmişik və ödəniş qəbzlərini qoruyub saxlayırıq, lazım gələrsə təqdim edə bilərik. Bu vəsaiti Moskvada yaşayan övladlarım şəxsən mənim məsləhətimlə bizim həm mənzil şəraitimizi yaxşılaşdırmaq, həm də qeyri-yaşayış sahələri alıb obyekt kimi icarəyə verərək özümüzə xoş güzəran yaratmaq üçün göndərmişdilər. Lakin həmin vaxtdan ötən müddət ərzində İsfəndiyar Axundovdan nə pulumuzu ala bilirik, nə də yaşayış və qeyri-yaşayış sahələrini. Dəfələrlə gedib ofisində və ya ayrı-ayrı ünvanlarda tapırıq, lakin dərhal “aradan çıxır”. Elə də olur ki, bizləri həbslə hədələməkdən də çəkinmir. Lazım da gələndə çöhrəsində yazıq görünmək üçün süni cizgilər yaradır və düşdüyü rəzil vəziyyətdən çıxmaq üçün məktəbdə oxumadığını, yazıb oxumağı bacarmadığını bildirir.”

“İsfəndiyar Axundovla görüşəndən sonra zənglərimizə cavab vermədi…”

D.Seyidova məktubunda qeyd edir ki, “Şərurlu İsfəndiyar”ın saxtakarlığının nəticəsində övladlarının yanında xəcalətli qalıb: “Artıq Moskvada yaşayan oğlanlarımın üzünə baxa bilmirəm, xəcalət çəkirəm. Çünki onların imkanlarını nəzərə alaraq, Moskvadan pul göndərilməsinin və Bakıda obyektlər alınmasının təşəbbüskarı mən olmuşam. Ona görə də məni ciddi narahat edən mənəvi işgəncələrdən çıxış yolunu yalnız Sizin ailəmizə edəcəyiniz köməklikdə görürəm.
Mətbuatda dəfələrlə dərc edildiyi kimi onun oğlu 650.000 manat dəyərində avtomaşından istifadə edir. Görəsən, İ.Axundov bu pulu alnının təri ilə qazanıb, yoxsa haradan alıb? Sualın cavabı birmənalıdır! Adıçəkilən bahalı avtomaşın bizim pulumuzla alınıb! İnşallah həmin avtomaşını satıb bizim pulumuzu qaytarması da qaçılmaz olacaq…”
Daha sonra hüquq-mühafizə orqanlarının onun şikayətinə münasibətindən bəhs edən D.Seyidova narazılığını bildirir: ”Göndərdiyim çoxsaylı müraciətlərimdən biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məsul əməkdaşı Moşu Paşayevin icraatına verilmişdi. O, bizi dəvət edib izahatımızı aldı. Lakin İsfəndiyar Axundovla görüşdükdən və bağlı qapılar arxasında onunla söhbət etdikdən sonra bizə verdiyi mobil telefon nömrəsinə etdiyimiz zənglərə cavab vermədi. Görünən budur ki, “avtogen açmayan qapını” pul açıb”.
Şikayətçi sonda bir daha üzünü Birinci vitse-prezidentə tutaraq, ahıl yaşında ona qarşı törədilən haqsızlığa layiqli qiymət verilməsini və “Şərurlu İsfəndiyar”ın cəzalandırılmasını xahiş edir: “Hörmətli Mehriban xanım, ağbirçək olaraq bildirirəm ki, bu yaman günümüzdə ailəmizə edəcəyiniz yaxşılığınızı heç zaman unutmayacağıq. Onu da bildirməyi vacib hesab edirəm ki, Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsi qarşısına məqsəd qoysa, gün ərzində İsfəndiyar Axundovun ailəmizə vurduğu maddi ziyanı ödətdirə bilər.”
Məktubda qeyd olunanlrla bağlı İsfəndiyar Axundovun da mövqeyini dərc etməyə hazırıq.

Kainat.tv