Haqsızlığa yaxşılıqla cavab verirəm - Nazpəri Dostəliyeva

Haqsızlığa yaxşılıqla cavab verirəm - Nazpəri Dostəliyeva
Allaha dua edirəm ki, insanların günahından keçsin

Sənəti və gözəlliyi ilə seçilən Xalq artisti Nazpəri Dostəliyeva AzNews.az-a müsahibə verib.

- Nazpəri xanım, hazırda Ramazan bayramıdır. Oruc tutursunuz?

- Bəli, oruc tuturam. 11 ayın sultanı olan Ramazan bayramı müsəlmanların ən gözəl və şərəfli bayramıdır. Bu il də hər il olduğu kimi qeyd edirik. Bu əziz Ramazan bayramında dualar xətm olunur. Mayın 24-də valideynlərimə, iki qardaşıma quran tapşırımı olacaq. İftar süfrəsi verəcəm və molla xətm edəcək.

- Xəzər TV-də Bədii Şuranın üzvü olmusunuz. Bu sahədə nə kimi işlər görəcəksiniz?

- Bədii Şuranın yaranması yalnız sənət adamları üçün yox, cəmiyyətimiz və gələcək nəsillərimiz üçün çox vacibdir. Nə yaxşı ki, Bədii Şura yarandı. Bədii Şura AzTV, ATV və Xəzər televiziyasında yaranıb. Şuranın üzvü seçilmək sözsüz ki, böyük məsuliyyətdir. Digər tərəfdən dövlətim bu missiyanı mənə həvalə edibsə, bunu vicdanla yerinə yetirməliyəm. Yəni ki, yaxınlarım belə televiziyanın qanunlarından kənara çıxarsa, mən tərəfdən bu məsələ Şurada qaldırılacaq. Kim olursa-olsun, televiziyada bayağı söhbətlər, bayağı musiqi, bayağı geyim, yersiz zarafatlar, pafoslu təqdimatlar və s. olmayacaq. Hər müğənninin özünə aid təqdimatı olacaq. Hər bir musiqiçi etika və mədəniyyəti gözləməlidir. Şurada ziyalılarımız əyləşir. Söhbət yalnız musiqidən getmir. Mədəniyyətimizin, incəsənətimizin bütün sahələrinə diqqət artacaq. Çünki televiziya xalqın siması deməkdir. Ümumiyyətlə, Bədii Şuraların yaranması məqsədyönlüdür, çox yaxşıdır. Xalq tərəfdən də bəyənilir və dəstəklənir. Şuranın yaradılması televiziyanın nüfuzu, mədəniyyət, etika deməkdir. Hər televiziyanın nüfuzuna aid verilişlər olacaq. Bütün telekanallarda böyük məsuliyyət var. Hesab edirəm ki, hər şey yaxşı olacaq.

- Yaxın zamanda konsert verəcəyinizi açıqlamısınız.

- Bəli, konsertim olacaq. Sözsüz ki, tanıdığımız çox nüfuzlu konsert salonlarının birində baş tutacaq. Konsertimə bir-iki ay qalmış bu haqda ətraflı məlumat verəcəm. Bu fikir qəlbimdə var və onu edəcəm.

- Nazpəri xanım, daim gözəlliyiniz və formada qalmağınızla diqqət çəkirsiniz. Bunun sirri nədir və necə qidalanırsınız?

- Normal qidalanıram. Belə bir söz var: "Gördüyün nemətlərin üzünə çox bax, nəinki ondan dad". Ürəyiniz nə istəyirsə, yeyə bilərsiniz. Mən heç nəyə məhdudiyyət qoymuram. Bütün nemətlərdən dadıram, amma az. Eləcə də idmanla məşğul oluram. İdmanla məşğul olmağı bütün xanımlarımıza tövsiyə edirəm. İdman bədənimizi formaya salır. Daxili sağlamlıq insanın üzündə əks olunur. Bütün qadınlara baxımlı olmağı tövsiyə edirəm. Gözəl və baxımlı olmaq üçün az yemək, idmanla çox məşğul olmaq və ən əsası heç kimə qibtə, paxıllıq etməmək lazımdır. Paxıllıq zəiflik, acizlik və pislikdir. Paxıllıq insanın ürəyində qara bir ləkə yaradır. O zaman insan həyatda rahat yaşaya bilmir, xoşbəxt olmur. Bacarın xoşagəlməz rəqabətlərdən uzaq olun. O zaman simanız, xarici görünüşünüz, ürəyiniz də gözəl olacaq.

- Sizə qibtə edənlər çoxdur. Paxıllıq edənlərdən çox əziyyət çəkmisiniz?

- Sözsüz ki, əziyyət çəkirəm. Problem yaradır, şayiələr çıxır, xoşagəlməz əhvalatlar çıxarırlar. Amma düşünürəm ki, Allahın yaratdığı insanlarıq, ürəyimiz, qəlbimiz ayrı-ayrıdır.

- Şayiələrdən əziyyət çəkən zaman neynirsiniz?

-Allaha dua edərək ondan haqqı diləyirəm və səbr istəyirəm. Və bir müddətdən sonra hər şey öz qaydasına düşür.

- Eşitdiyimizə görə, çox güclü xanımsınız.

- Bəli. Baş verənlərdən, yaşadığım həyatdan qarşıma çıxan haqsızlıqlardan siz qeyd etdiyiniz kimi qalmışamsa, çox güclüyəm.

- Sizə güclü olmağı təcrübə qazandırıb?

- Çox şey - təcrübələr, zaman, insanlar, münasibətlər, qarşılaşdığım situasiyalar...

- Amma xarici görünüşcə mülayim görsənirsiniz. Maraqlıdır ki, sizin gücünüz nədədir? Bəzi insanlar səs-küylüdürlər...

- Mən səs-küylü deyiləm. Ümumiyyətlə, danışmağı sevmirəm. Amma sözsüz ki, səmimi insanam. Gərək ürəkdən yaranan sevgini qazana biləsən. Əgər o sevgini qazanmışamsa, deməli Allahın rizası və qəlbimin təmizliyi ilə qazanmışam. Mən insanlarımızı sevirəm. Mənə edilən haqsızlığa yaxşılıqla cavab verirəm. Mənə hətta deyirlər ki, necə belə ola bilirsən? O sənə pislik edir və sən ona yaxşlıqla cavab qaytarırsan. Mənim qəlbim budur və sadəcə olaraq Allaha dua edirəm ki, insanların günahından keçsin. Mən tez bağışlayıram. Qeyd edtiyim kimi Allaha yalvarıram ki, elə insanların səhvini bağışlasın.

- Kinli qaldığınız insan varmı?

- Xeyr, kinli insan deyiləm. Ümumiyyətlə, küsdüyüm insan yadımda qalmır. İncidiyim insanı görəndə onunla görüşürəm. O adam mənə yaxınlaşmağa risk eləmir ki, Nazpəri xanım məndən küsüb. Mən özüm yaxınlaşıb qucaqlaşıb, öpürəm. Sonra yadıma düşür ki, mən bu adamdan incimişəm. Deməli, qəlbimdə kin yoxdur. Sadəcə mənə qarşı yanlışlıq olanda o insanı başa salmağa çalışıram. Ona izah edirəm ki, bu kimi hal gələcəkdə olmasın. Səhv addımı öz doğmalarına, qohumlarına, xalqına da edə bilərsən. O, səni hörmətdən salır. Bunu ona görə izah edirəm ki, yanlış addım atanda özünü kənardan görə biləsən və dərk edəsən. Mən demirəm ki, diz çök, üzr istə. Amma kim yanlış addım atırsa, o, üzr istəməlidir. Mən elə bir formada deyirəm ki, əslində üzr istəməyə ehtiyac da qalmır. Yaxınlaş, qucaqla və s. De ki, hər kəsin səhvi olub, mənim də günahımı bağışla.

- Səhvini təkrar edərsə...

- Artıq ikinci dəfə səhv edən zaman bilmirəm. Amma bu günə qədər mənə qarşı ikinci dəfə səhv edən olmayıb. İnanın səmimiyyətimə... Birinci dəfə addım atan olub, özüm ona yaxınlaşıb, bu, sənin özünə ziyandır, mən səhvindən keçdim deyirəm. Bizim hamımızı Allah yaradıb. Mən heç kimdən küsmürəm. Niyə küsüm ki? O adam danışığında, rəftarında qüsuru varsa, böyük hörmətsizlik edirsə, onun günahı, səhvi, onun yanlışlığıdır. Mən ondan niyə küsməliyəm? Sadəcə olaraq o özünü artıq cəmiyyətdə bir tərbiyyəsiz kimi göstərir. Mənə qarşı gənclərin münasibətini gördünüz. Mən bunu qazanmışam. Əslində hamımızın danışığında, davranışında qüsur olur, səhv edə bilirik. Amma mən elə insanlara başa salıram ki, bacımsan, əzizimsən. İnsanın ovqatından asılı olaraq yanlışlığı olur. Biz robot deyilik ki. Ona görə insanın xoşagəlməz əhvalı zamanı heç vaxt dərinə getmək lazım deyil. Məsələn, həmkarlarımdan kiminsə əhval-ruhiyyəsi pis olub. Məni məclisdə düzgün başa düşməyib. Üzünü çevirib gedib. Onu pilləkəndə tutub demişəm ki, mən səni başa düşürəm. Sənin əhvalın yaxşı deyil, bizi düzgün başa düşmədin. Onu öpürəm və məsələ bitir.

- Nazpəri xanım, hərdən sadəliyi səhv başa düşənlər də olur.

- Onlar cılız insanlardı.

Aznews.az