Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər

Baş nazirdən işədüzəltmə firmaları haqda yeni tələblər

Baş Nazir Novruz Məmmədov “İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydası və həmin hüquqi şəxslərə dair tələblər”i təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, qaydalar “Məşğulluq haqqında” qanuna uyğun olaraq hazırlanıb və Azərbaycanda işaxtaran və işsiz şəxslərin işə düzəlməsində, vətəndaşların xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri müəyyən edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barəsində vahid informasiya bazasını yaratmaq məqsədilə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Məşğulluq” altsistemində qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə etməklə Reyestri elektron formada aparır.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər toplanılmış informasiya ehtiyatlarına dair Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir.

Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- hüquqi şəxsin adı;

- hüquqi şəxsin hüquqi ünvanı, faktiki ünvanı, əlaqə telefonları;

- hüquqi şəxsin təşkilati-hüquqi forması;

- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommer-siya qurumu üzrə həmçinin qeydiyyat nömrəsi;

- hüquqi şəxsin hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

- hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;

- hüquqi şəxsin ləğvetmə prosesində olub-olmaması.

- işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər barədə məlumatlar Reyestrə bilavasitə hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyət verdiyi şəxslər tərəfindən daxil edilir.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair tələblər

- Reyestrdə qeydiyyatdan keçməlidir;

- iqtisadi fəaliyyət növü işədüzəlmədə vasitəçilik fəaliyyəti olmalıdır;

- işaxtaran və işsiz şəxslərin işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə əlaqədar toplanılmış informasiya ehtiyatları ilə bağlı Nazirliklə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini təmin etməlidir;

- Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində işə düzəlməsində vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin tələblərinə əməl etməlidir.

Kainat.tv