Nazir “OMD”-nin həyətində piknik yaradıb, yoxsa Çernobıl qəzası? - İnanılmaz fotolar

Nazir “OMD”-nin həyətində piknik yaradıb, yoxsa Çernobıl qəzası? - İnanılmaz fotolar

Paytaxtın Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (“OMD” xəstəxanası) həyətinə daxil olanda bir anlıq təsəvvür yaranır ki, yay mövsümü ilə əlaqədar kurort zonası yaradılıb

Xəstəxananın ərazisində kimisi palaz sərib, kimisi otların üzərində oturub, samovar çayı dəmləyən kim, pendir, qarpız kəsib iştahla yeyən kim…bir piknik düzəldilib gəl görəsən, adamın ağzı açıq qalır.
Görən deyər ki, yəqin isti hava şəraitini nəzərə alan xəstəxana rəhbərliyi insanlar üçün piknik səfası yaradıb, Nabrana, Qəbələyə, Batumiyə istirahətə gedib əlavə xərc çəkməyə qoymur. Nəinki dünyanın, Azərbaycanın heç bir səhiyyə müəssisəsində belə mənzərəyə rast gəlməzsiniz.
Bu absurd görüntüləri lentə alan vətəndaşlardan biri Reportyor.info-ya məlumat verib ki, “OMD”-nin həyətində yaranmış vəziyyətin səbəbi xəstələrin yaxınlarının palataya buraxılmaması, onlara gecələməyə yer ayrılmamasıdır. Elə bir əcaib şəraitsizlik yaranıb ki, xəstələrin yaxınları məcbur qalaraq tibb ocağının həyətində palaz sərməli olublar. Onlara xəstə yanında qalmaq üçün heç bir yer vermirlər. Bu da azmış kimi, nə normal yeməkxanası var, nə sanitar qovşağı var. Sanki cəhənnəmin tən ortasıdır, yaxud da Çernobıl qəzasından çıxmışbir xəstəxanadır.
Məlumatda deyilir ki, xəstəxanadakı bərbad palatalar antisanitariya yuvasıdır. Lakin xəstə yaxınları məcburiyyətdən stul üstündə gecələyirlər, onlara çarpayı verilmir.
Xəstə yaxınlarının sözlərinə görə, bura müxtəlif bölgələrdən, kəndlərdən gələnlər var. Onların arasında Bakıda qalmağa yeri, imkanı olmayanlar var. Xəstəni tərk edib rayona da qayıtmaq mümkün deyil. Həm də vaxt itkisidir. Odur ki, Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyi vətəndaşlara şərait yaratmalıdır. Amma kimisi stulun üstündə yatır, kimisi həyətdə “piknik” qurub. Bəziləri çadırlar quraşdırmağa hazırlaşır.
Bütün bunlarla yanaşı, xəstəxanada pulu olmayana baxılmır. “OMD” açıq rüşvət məntəqəsidir. Üstəlik, bu həmin xəstəxanadır ki, 2016-ci ildə 8 aylıq Şamilov Müşfiq Mikayıl oğlu həkim “terroru”nun qurbanı olub. Nənəsi Xanım Şamilova mətbuata bildirmişdi ki, uşağı cərrah Gündüz Ağayev müalicə etməyə başlayıb:
“Üç gün sonra uşaq rəhmətə getdi. Bunadək həkim mənə hər şeyin yaxşı olduğunu deyirdi. Uşağın müalicəsinin yaxşılığı üçün ən bahalı dərmanları bizə aldırırdılar.
Həkim uşağın bağırsağını əməliyyat edib, bəs qolunu niyə bu günə salır? Əlinin ətini kəsib doğrayıblar. Əgər problem var idisə, bunu bizə deyərdi. Niyə əməliyyat elədin? Niyə məndən pul istəyirdin? Ölən gün bizi elə tələm tələsik oradan çıxardılar ki, elə bil qaçhaqaçdır”.
Bu bir faktın özü göstərir ki, “OMD” necə qorxunc, etibarsız bir səhiyyə ocağıdır. Ardınca həyətində piknik görmək, stul üstündə xəstə yaxınlarının yatdığını eşitmək gərək təəccüb doğurmasın. Daha bir vətəndaşın başına gələn müsibətə də diqqət çəkək, sonra daha mühüm faktları təqdim edəcəyik. Belə ki, 2017-ci ildə Murad Qasımov “OMD”də 6 gün ərzində gördüyü mənzərənin utancverici olduğunu deyib. Onun sözlərinə görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub: “Belə ki, gələn xəstələrdən burada həkimlər, tibb bacıları tərəfindən heç bir əsası olmadan pullar alınır.
Xəstəxana rəhbərliyi isə heç kimdən qorxmadığını açıq şəkildə ifadə edir. Kim istəsə gedib öz gözləri ilə baxa bilər. Buranın xəstəxana yoxsa bazar olmasını heç kim ayırd edə bilməz. Xəstə yaxınlarını tamamilə soyurlar. Hər şeyi onlara aldırır, bütün addımlarında “pul-pul” deyə şərt qoyurlar. Xəstəxananın direktoru Nəsib Quliyevə də dedim. Dedim ki, bu işi buraxın gedin. Camaatı bədbəxt edirsiniz, uşaqlar savadsızlığınızdan ölürlər.
Heç nə demədi, girdi kabinetinə. Həyətdə isə Nəsib Quliyev başda olmaqla nə qədər şöbə müdirlərinin yüzminlik maşınları düzülüb. Bunları görən kim araşdıracaq?”.
Azı iki körpə ölümü faktı təsdiqləyir ki, N.Quliyev “OMD”-ni morqa, sallaqxanaya, bazara çevirməkdədir. Amma səhiyyə naziri Oqtay Şirəliyevin buradakı biabırçılıqlardan xəbəri ya yoxdur, ya da göz yumur. Hər halda nazirlik yoxlamalar aparmalıdır. El arasında “uşaq qəbiristanlığı” adlanan “OMD”-in fəaliyyətindən əslində şikayətlər saysız-hesabsızdır. Sadəcə, biz onların bəzilərini diqqətə çatdırmışıq. Mediada yayılan xəbərlər, faktlar da xəstəxanada hansı qaydaların hökm sürdüyünü deməyə əsas verir.
“İşlə əlaqədar Bakıda deyildim. Evdən zəng vurdular ki, uşaq xəstədir. Aparıblar həkimə, müalicə yazıb. Müalicədə sistem də olub. Sistem vuranda körpə şok keçirib ölüb”. Bunu isə azərbaycanlı aktrisa Türkan Əliyeva demişdi. Aktrisanın iki ay yarımlıq oğlu aprelin 12-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda vəfat edib. O, övladının ölümündə həkimləri günahlandırır: “Uşaq anadan olanda yemək yazılmışdı, ona düşməmişdi. Sonra uşağa “malış” verdik. Qatılaşdırılmış süddən bağırsaqlarına mikrob düşüb. Ona görə həkim sistem yazmışdı. Bağırsaqları yuyulmalıydı.
Uşağı “OMD” xəstəxanasına aparıblar, reanimasiya şöbəsinə yerləşdiriblər. Birinci sistemdən sonra uşaq yaxşı olub. Lakin ikinci sistemi qoşanda uşağın nənəsini otaqdan çıxarıblar ki, xaricdən qonaqlar gəlib. Sonra başları qonağa qarışıb. Uşağı sistemin altında qoyub gediblər qonaqları qarşılamağa. Gəlib görüblər ki, uşaq şok keçirib və ölüb”.
Bu da üçüncü körpə ölümü faktı. Deməyə söz qalmır, sadəcə, uşaqlarınızı etibar etdiyiniz həkimlərə, xəstəxanalara aparın, əgər varsa… Bizsə xəstəxana həyətində “piknik” qurulmasına şərait yaradanlara xoş istirahətlər arzulayırıq.

Arifə

(REPORTYOR.info)


Kainat.tv

Nazir “OMD”-nin həyətində piknik yaradıb, yoxsa Çernobıl qəzası? - İnanılmaz fotolar


Nazir “OMD”-nin həyətində piknik yaradıb, yoxsa Çernobıl qəzası? - İnanılmaz fotolar


Nazir “OMD”-nin həyətində piknik yaradıb, yoxsa Çernobıl qəzası? - İnanılmaz fotolar