“Qarabağ” üçün tarixi şans - kiprlilərlə 4-cü döyüş

“Qarabağ” üçün tarixi şans - kiprlilərlə 4-cü döyüşƏgər sabah “Düdelanj” ikinci heyətlə oynayacaq “Sevilya”nı məğlub edərsə, “Qarabağ” isə heç-heçə və ya məğlub olarsa, o halda ikincilik uğrunda yarış daha da qızışacaq...
Noyabrın 7-də Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ” səfərdə APOEL-in qonağı olacaq. Görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Matçı avstriyalı Manuel Şüttenqruber idarə edəcək. Ona Roland Brandner və Robert Steynaxer kömək edəcək.
Noyabrın 5-də “Qarabağ” paytaxt Nikosiyaya yola düşüb. Klubdan verilən açıqlamada bildirilir ki, zədəsini sağaldan ispaniyalı yarımmüdafiəçi Xayme Romero APOEL-lə oyunda böyük ehtimalla forma geyinə biləcək. Mahir Mədətov isə “Neftçi” ilə son oyunda zədələndiyi üçün bir müddət meydanlardan uzaq qalacaq. Zədələrin sağaldan Faysal Rerras və Abbas Hüseynov da heyətdə olacaq.
Yeri gəlmişkən, APOEL-in də iki futbolçusu- Tomas de Vinsenti və Roman Bezyak “Qarabağ”la ev oyununu buraxacaq. Komandanın digər zədəli futbolçusu Antonio Yakoliş isə tam sağalıb. O, baş məşqçi Tomas Doll şans verəcəyi təqdirdə, Ağdam klubuna qarşı oynayacaq.

“Qarabağ” üçün tarixi şans - kiprlilərlə 4-cü döyüş
Qol.az saytının Kipr mətbuatına istinadən heyətlə bağlı yaydığı ilginc bir xəbər də oyun ərəfəsi diqqət çəkib. Söhbət iordaniyalı yarımmüdafiəçi Musa əl-Tamari baş məşqçisi Tomas Doll arasında yaranmış gərgin münasibətlərdən gedir. Bildirilir ki, Musa əl-Tamari çempionat oyununda əvəzlənməsi onun narazılığına səbəb olub. Almaniyalı mütəxəssisin onu meydandan çıxarmasına əsəbiləşən futbolçu qərara narazılığını bildirib. Doll həmin vaxt Tamarinin hərəkətinə reaksiya verməsə də, onu yenidən cəzalandıra biləcəyi istisna olunmur. Qeyd edək ki, baş məşqçi bundan əvvəl də klubdaxili intizamı pozan futbolçunu heyətdən kənarlaşdırmış və “Qarabağ”la Bakıdakı son oyunda meydana buraxmamışdı.

“Qarabağ” üçün tarixi şans - kiprlilərlə 4-cü döyüş
Musa APOEL-in heyətində ən təhlükəli oyunçulardan biridir. Onun çempionat oyunlarda necə özünü göstərdiyini demək çətindir, amma “Qarabağ”la Çempionlar Liqasının təsnifat mərhələsindəki iki oyunda o, qapımıza xeyli təhlükəli hücumları ilə yadda qalıb. “Musa baş məşqçi ilə belə davam et, səni ”Qarabağ"la oyunda görməyək" demək istəyir adam...

Çempionlar Liqasının təsnifat mərhələsində qarşılaşmaları da saysaq, bu gün “Qarabağ” yunan Kipri klubu ilə 4-cü oyununa çıxır. “Qarabağ” təəssüf ki, Bakıdakı oyunda istədiyi və haqq etdiyi 3 xalı qazana bilmədi. Əgər qələbə əldən verilməsəydi, indi Nikosiyada 6 xalla çox rahat meydana çıxmaq mümkün idi. Qeyd edək ki, Avroliqanın “A” qrupunda yer alan təmsilçimiz hazırda 4 xalla ikinci sıradadır. Lüksemburq “Düdelanj”ının da 3 xalı var. APOEL isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

“Düdelanj” sabah 9 xalla qrup lideri olan İspaniya “Sevilya”sını öz meydanında qəbul edəcək. Əgər “Düdelanj” ikinci heyətlə oynayacaq “Sevilya”nı məğlub edərsə, “Qarabağ” isə heç-heçə və ya məğlub olarsa, o halda ikincilik uğrunda yarış daha da qızışacaq. “Qarabağ” qalib gələcəyi təqdirdə, “Düdelanj”ın uduzacağı halda Ağdam klubu təqibçilərindən xal fərqini artıra biləcək və qalan iki oyunda(“Düdelanj”la evdə, son turda isə “Sevilya” ilə səfərdə) 3 xalı haqq etsə, tarixində ilk dəfə Avroliqada qrup mərhələsini adlaya biləcək.
“Qarabağ” üçün tarixi şans - kiprlilərlə 4-cü döyüş
Qayıdaq APOEL-lə oyununa. Bu klub milli çempionatda 3 oyun az keçirsə də, Tomas Dollun komandası hazırda 13 xalla 2-cidir.

Sabahkı rəqiblər artıq bir-birilərini yaxşı tanıyırlar. Bu klubların qarşılaşmasının sərt mübarizə şəraitində keçməsinin əsas səbəbi də bir-birilərini yaxşı tanımalarıdır. Bu baxımdan “Qarabağ”ın və ya rəqibinin fərqli oyun taktikası seçəcəyi gözlənilmir. “Qarabağ” Bakıdakı oyunda çox yaxşı təsir bağışladı. Heç-heçəyə (2:2) baxmayaraq, bütün oyun boyu hücum futbolu sərgilədi. Aydındır ki, səfərdən 1 xalla dönmək pis nəticə ola bilməz. O baxımdan “Qarabağ” daha çox müdafiə taktikasını da seçə bilər. Amma maraqlı bir müşahidə də var.
APOEL “Qarabağ”a səfərdə, “Qarabağ” isə rəqib meydanında qalib gəlib. APOEL öz meydanında “Düdelanj”a da uduzduğunu (3:4) nəzərə alsaq, sabahı oyunda klubumuz üçün uğurlu olacağına ümid artır. Yaranmış tarixi şansı “Qarabağ” bu mövsüm əldən qaçırmamalıdır. APOEL-in baş məşqçisi Tomas “Qarabağ”la oyunu vacib hesab edir və Ağdam klubu ilə görüşdə yaxşı nəticə qazanacaqlarına ümid edir. Qeyd edək ki, baş məşqçilər bu gün media qarşısına çıxacaqlar və bizi maraqlandıran bir çox suallara da aydınlıq gələcək.

“Qarabağ” üçün tarixi şans - kiprlilərlə 4-cü döyüş
APOEL-in portuqaliyalı yarımmüdafiəçisi Andre Vidiqal “Qarabağ”la keçiriləcək oyunda mütləq qalib gəlməli olduqlarını bildirib: “Hər oyunda qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparırıq. Yolumuza davam edirik. Avropa Liqasında vacib oyunumuz olacaq. Növbəti mərhələ şansını davam etdirmək istəyiriksə, ”Qarabağ"a mütləq qalib gəlməliyik".
APOEL güclü azarkeş dəstəyinə ümid edə bilər. APOEL azarkeşlərə çağırış edib. Sportinfo.az xəbər verir ki, kiprlilər həlledici görüşdə dəstəyə ehtiyac duyduqlarını bəyan ediblər. Bildirilir ki, rəhbərlik tribunaların ağzına qədər dolması üçün hər cür şərait yaradır, həmçinin məşqçi və futbolçu heyəti azarkeşləri məmnun yola salmaq üçün əlindən gələni edəcək.

Hətta ötən tur Bakıdakı qarşılaşmada azərbaycanlıların arenanı doldurmaları da nümunə kimi göstərilib: “Çempionlar Liqasının pley-offunda ”Qarabağ"la matçı cəmi 9481 azarkeş izləmişdi. Ancaq azərbaycanlılar APOEL-lə bu mövsüm hər iki ev oyununda 30 min azarkeşin dəstəyi ilə çıxış etdilər. Görəsən, indi “GSP Arena”ya neçə nəfər gələcək? Bu böyük oyunda komandanın azarkeş köməyinə ehtiyacı var.

Rəhbərlik böyük Avropa gecələrini xatırladan “GSP Arena”nı yenidən dirçəltmək üçün azarkeşlərin bu möhtəşəm matçda iştirak etmələrini xahiş edir".
Bildirilir ki, matçın keçiriləcəyi GSP stadionunda tribunalarda 6500 min yunan bayrağı yer alacaq. Ağdam klubunun rəsmiləri bunu normal qarşıladıqlarını deyib. Adı açıqlanmayan sponsor tərəfindən təşkil olunan aksiya “Qarabağ”ın Bakıdakı matçdakı addımına cavab xarakteri daşıyır. Sözügedən qarşılaşmada Tofiq Bəhramov adına Respublika stadionunun oturacaqlarına 30 min Azərbaycan bayrağı düzülmüşdü.

Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib. Ağdamlıların media xidməti matçın afişasını “İnanırıq!” başlığı ilə paylaşıb. Azarkeşlər dəstək rəyləri yazmaqla komandanın yanında olub.

Biz də “Qarabağ”a inanır və klubun Bakıya yaxşı nəticə ilə dönəcəyinə ümid edirik...

kainat.tv