Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı

Sevindik Hətəmovun Qaradağ arzuları: “karyer müdiri” Bakı intizarındadı Azərbaycanda yerli idarəçiliyin təkmilləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə həyata keçirilən islahatlar uğurla davam etdirilir. Yaxın keçmişdə fəaliyyət istiqamətləri bir-birini təkrarlayan qurumların birləşdirilməsi, səmərəsiz strukturların ləğv edilərək yeni və daha funksional orqanlarla əvəzlənməsi həmin islahatların nümunələri kimi göstərilə bilər.

Sevindik Hətəmovu qohumu necə “satdı”


Bu baxımdan son zamanlar ayrı-ayrı icra başçılarının yerlərinin dəyişdirilməsi də diqqətçəkən məqamlardandır. Heç kimə sirr deyil ki, hansısa icra başçısının uzun illər eyni rayonda çalışması istər-istəməz müəyyən durğunluğa, passivliyə gətirib çıxarır. Bu baxımdan icra başçılarının yerdəyişməsi yerli idarəçiliyin effektivliyini artıran amil kimi nəzərdən keçirilməlidir. Sonuncu belə kadr yerdəyişməsinə isə Saatlı və Sabirabad rayon icra hakimiyyətləri başçılarının təyinatları zamanı şahidlik etdik. Proseslə bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, bu qəbildən olan kadr yerdəyişmələri bundan sonra da davam edəcək. Saytımıza daxil olan informasiyada vurğulanır ki, yaxın günlərdə Salyan rayon icra hakimiyyətinin Sevindik Hətəmov paytaxt rayonlarının birinə – Qaradağ rayonuna təyinat alacaq. Karyerası ərzində özünü peşəkar kadr, nümunəvi idarəçilik təcrübəsinə malik məmur kimi yalnız müsbət tərəflərdən göstərənSevindik Hətəmovun yüksək etimada layiq görülməsi heç də təsadüfi sayılmamalıdır. Salyandakı mənbələrdən cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, Mehdi Səlimzadənin Bakıya – yeni vəzifəyə gedəcəyi ilə bağlı onun yaxın ətrafı da məlumatlıdır. Belə ki, S.Hətəmovun yaxın qohumu Oqtay adlı şəxs də bu yaxınlarda qohumunun yeni təyinat alacağını bildirib. Onu da qeyd edək ki, icra başçısının bacısının yoldaşı Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Eyni zamanda “Nabranda” möhtəşəm bir istirahət mərkəzi yeznəsi Oktayın adına alınıb.

Oxumamış “montyor” və ya daş karxanasında parlayan “ulduz”


Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis-mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb.1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib. 1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.

Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur


“Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı, 4 mart 2016-cı il tarixdə isə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunnur və bu günə qədər də həmin vəzifədə çalışır.

Yardımlıda, Salyanda “at oynadır”, Bakıda “tavan” verir


Bu salyan rayonunun hazırki rəhbərinin rəsmi tərcümeyi-halıdır. Əslən laçınlı olan icra başçısının həyatında daha çox diqqəti çəkən məqam daş karxanasında rəhbər olmasıdır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onu da bildirək ki, Yardımlıda, ardınca Salyanda “hakimi mütləq” olan S.Hətəmovun karxana biznesi problemsiz ötüşmür. Məsələn bir neçə il öncə öncə Güzdəkdəki karxanasında Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqi ilə üzləşərək məğlub olan Yardımlı rəhbəri daha sonra eyni aqibəti Qaradağ rayon icra başçısı ilə yaşayıb. Belə ki, Süleyman Mikayılov rayon ərazisindəki bütün sahibkarlardan öz adamları vasitəsilə xeyriyyə aksiyasına qoşulmağı tələb edib. Qaradağda ən çox sahibkarların cəmləşdiyi və daş karnalarına sahib olan sahibkarlardan bu məbləğ alınıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Qarabağda bir neçə daş karxanasına sahib olan Yardımlı rayonunun icra başçısı Sevindik Hətəmovla Suleyman Mikayılov arasında qalmaqal daha da böyüyüb. Verilən məlumata görə ümumilikdə Qaradağda 10 karxanaya və üzlük daş istehsalı sexinə sahib olan Sevindik Hətəmov bu aksiyada iştirak etməkdən imtina edib və bu aksiyanın əsl mahiyyətini anlamadığını bildirib. Sevindik Hətəmovun tələb olunan pulu elan olunan bank hesabına köçürmək istəməməsi Süleyman Mikayılovun qəzəbinə səbəb olub. Bundan sonra 2 gün Sevindik Hətəmovun karxanalarına elektrik enerjisi verilməyib və sonda Sevindik Hətəmovun karxanalarını idarə edən yaxını Miri adlı şəxs Süleyman Mikayılovun adamları ilə görüşərək razılığa gəlib.

Qohum - əqrabaya yaradılan şərait


Sevindik Hətəmovun qarşısına ölkə başçısı ciddi tapşırıqlar qoyduğu halda, icra başçısı isə öz şəxsi maraqlarının əsirinə çevirilib. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Sevindik Hətəmovun yaxın qohumu “Zamin bank” ASC-nin Gənclik filialının direktoru işləyən Mahir Tapdıq oğlu Abbaszadənin Laçın rayonunda millət vəkili seçilməsi üçün milyonlar xərcləyib. Ona görə də Mahir Abbaszadə də hər an Sevindik Hətəmovu yuxarı dairələrdə müdafiə edir. Sevindik Hətəmov yaxın qohumları üçün də ağ gün ağlayıb. Belə ki, yeznəsi Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib. Digər yeznəsi Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib və deyir ki, ”nə qədər dayın sağdır, ürəkli ol, heç nədən çəkinmə, səni hələ dayın daha yüksək vəzifəyə təyin etdirəcək”. Sevindik Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırda-buynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb. Həmin heyvandarlıq fermasına sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli kredit Cənnət kişinin adına ayrılıb. Bakıda İnqilab küçəsində “milyonerlər” məhəlləsində bacısının adına 4 mərtəbəli villa alıb. Oğlu Xətaini, öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib. Qızını isə Neftçilər xəstəxanasında UZİ aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Övladları işə son model, dəyəri 150 min dollar “Range-Rover” markalı maşınla gedirlər. “Nabranda” möhtəşəm bir istirahət mərkəzini yeznəsi Oktayın adına alıb. Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçüsə 3 otaqdan ibarət 5 mənzili alıb. Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısınin adına alaraq icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz son model “Gözəllik Salonu”da Sevindik Hətəmova məxsus obyektlərdən biridir.

Kainat.tv