Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?

Zaqatalanı talayan Əhmədzadələrin üçüncüsü kimdir?

Azərbaycanda regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, hər yerdə olduğu kimi Zaqatala rayonunda da son illər böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmir işləri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi həyata keçirilib. Rayon mərkəzində Heydər Əliyev parkı müasir üslubda yenidən qurulub və parkın ərazisində ümummilli lider Heydər Əliyevin abidə kompleksi ucaldılıb. Burada Heydər Əliyev Mərkəzi, o cümlədən Beynəlxalq Hava Limanı, Olimpiya İdman Kompleksi, Müalicə- Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilmiş, rayon Mərkəzi Xəstəxanası, 3500 yerlik şəhər stadionu, rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunmuş, əlil və şəhid ailələri üçün 64 mənzilli 2 yaşayış binası inşa edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, yeni iş yerləri açılmış, geniş abadlıq-quruculuq işləri aparılmışdır

Bütün bunlar çox sevindirici bir haldır. Hərçənd ki, zaqatalalılar bu quruculuq işlərinə heç də ürəkdən sevinmirlər. Belə ki, bu parlaq quruculuq işlərinin arxasından bu gün hamı külli miqdarda dövlət vəsaitinnin talan olunmasından danışır. Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin bu kimi əməlləri barədə dövrü mətbuat, elekton informasiya vasitələri və sosial şəbəkələrdə yayılan məlumatlar heç də görünənlərin hamısı deyil. Burada əhalini narahat edən, Mübariz Əhmədzadənin bir yerli sakin kimi rayon üçün deyil, özü üçün çalışmasıdır. Məlum olduğu kimi son dövrlər regionların sosial iqtisadı inkişafı dövlət proqramı çərçivəsində bütün rayonlara, o cümlədən Zaqatala rayonuna da kifayət qədər böyük məbləğdə maliyyə ayrılsa da göstərilən vəsaitlərə rəğmən ciddi heç bir iş görülməyib və ya daha da böyük işlər görmək olardı. Məhz buna görə də əhali arasında icra hakimiyyətinin fəaliyyətindən ciddi narazılıqlar var.
Aktualinfo.org redaksiyasına verilən məlumatlara görə bir çox məsələsərdə İcra başçısına rayon icra Hakimiyyətin Memarlıq və Tikinti şöbəsinin müdiri Fərman Əhmədov lap yaxından kömək edir. Kömək edir deyəndə, rayonda aparılan bütün tikinti və yenidənqurma işlərinə bir başa nəızarət edən Fərman Əhmədov dövlət büdcəsindən ayrılmış vəsaitlərdən əlavə sakinlərdən, kiçik sahibkarlardan yığdığı vəsaitləri toplayıb başçıya çatdırır. Biz yuxarıda son dövrlər Zaqatalada aparılan quruculuq işlərindən yazmışıq və bunu əbəs yerə etməmişdik. İndi təsəvvür edin Zaqatalada aparılan bu quruculuq işlərinə nə qədər vəsaitlər xərclənib.Təkcə Zaqatalada inşa edilən Heydər Əliyev Parkına, Heydər Əliyev Mərkəziin tikintisinə rəhbərlik etmiş Fərman Əhmədovun buradan külli miqdarda vəsait mənimsədiyi də bu gün rayonda dolaşan ən aktual mövzu, dildən düşməyən söz-söhbətdir. Sakinlərin sözlərinə görə keyfiyyətsiz və tələm-tələsik başa gələn bu işlərin hamısının artıq yenidən təmir olunmasına ehtiyac var. Dövlət büdcəsindən milyonların silinməsi bahasına başa gələn yolları yenidən dağıdıb, yenidən çəkdirən Mübariz Əhmədzadə və onun baş memar qohumu Fərman Əhmədovun yaşayışı yaxşılaşdıqca, xalqın güzəranı daha da pisləşir.
Məlum olduğu kimi Prezident İlham Əliyevin Zaqatala rayonuna son səfərindən sonra Zaqatala şəhərində sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə Zaqatala Rayon İcra Hakimiyyətinə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3 milyon, o cümlədən 20 çoxmənzilli binanın əsaslı təmiri üçün 2 milyon, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1 milyon manat ayrılmışdı. Lakin görəsən Zaqatala şəhərində çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə ayrılan vəsait həqiqətənmi məqsədli şəkildə istifadə olunub? Sözügedən işlərə binaların dam örtüklərinin dəyişdirilməsi, fasad hissələrinin, blok və pilləkənlərin təmiri də daxil olub. Lakin gəlin gedək görək .Zaqatala şəhərinin Natiq Məmmədov, Çingiz Mustafayev və Vasif Qurbanov küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri necə aparılıb? Rayonda Prezidentin Sərəncamla ayırdığı vəsaiti hesabına görülən işlər başçı Mübariz Əhmədzadə və baş memar Fərman Əhmədovun yeyinti sahəsi kimi qələmə verilir. Sakinlərin sözlərinə görə onsuz da rayonda daş üstünə daş qoymağa icazə veməyən, hər hansı fərdi yaşayış evinin tikintisi üçün müxtəlif sənədlər tələb edən Fərman Əhmədovun son illlər Zaqatala rayonunda gördüyü işlərin hamısı bunlar deyil.
Son illər rayonun daxılı maliyyə mənbələri hesabına aparılan tikinti, təmir və abadlıq işləri həyata keçirilib. Əhmədzadələrin Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni binasının,Zaqatala Müalicə-Diaqnostika Mərkəzinin tikintisindən, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının təmirindən, Zaqatala Uşaq İncəsənət Məktəbinin binasının təmirindən, rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün yeni yaşayış məhəlləsinin tikintisindən, sözügedən məhəllədəki məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsinin və digər obyektlərin tikintisindən, rayonun bir çox kəndlərindəki yeni məktəblərin tikintisindən və bir çox orta məktəb və uşaq bağçalarının əsaslı təmirindən əldə etdikləri gəlirlər barədə artıq dövrü mətbuatda çoxdan yazılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətin sədri Əhməd Əhmədzadənin qardaşı olan Mübariz Əhmədzadənin var dövləti barədə də mətbuatda kifayət qədər yazılıb. onların qohumu,baş memar Fərman Əhmədovun rayonda görülən bu işlərin müqabilində əldə etdikləri nə qədər gizlin saxlannılsa da, sakinlərin sözlərinə görə Bakıdakı çoxsaylı mülk və obyektlərə yönəlib. Bir sözlə sakinlərin redaksiyamızın əməkdaşlarına bildirdiklərinə görə Zaqatalanın tək problemi Əhməd Əhmədzadə, Mübariz Əhmədzadə deyil, həm də baş memar Fərman Əhmədovdur.

Kainat.tv