"Bu universitetlər özlərinə gün ağlaya bilmir, şagirdlərə nə verəcəklər ki..?"

"Bu universitetlər özlərinə gün ağlaya bilmir, şagirdlərə nə verəcəklər ki..?"

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev facebook səhifəsində ölkəmizdə keçirilən Beynəlxalq İnformatika Olimpiadası haqqında maraqlı məqalə yazıb.

Moderator.az-a istinadən həmin məqalənin aktuallığını nəzərə alıb oxucuların diqqətinə çatdırır. Beynəlxalq İnformatika Olimpiadası: səbəb və nəticə əlaqələri
Bir neçə gündür məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasını izləyirəm, ölkəmizdə keçirilir. Tədbir yüksək səviyyədə təşkil olunub. Mühüm hadisədir. Qaldı məktəblilərimizn nəticələrinə, sabahkı yarışa bağlıdır. Amma asan deyil. 2011-ci ildən bu yarışdan medalımız yoxdur. Bəli, son illər bu olimpiada daha çətin olub. Həm də bu yarışmaya kompüter yarışması kimi baxmayın. Açılış günü mütəxəssisləri danışdırdım. Bəlli oldu ki, informatika olimpiadasında əsas bacarıq kimi proqram dillərini bilmək də bəs etmir, burada güclü riyazi alqoritm qurmaq bacarığı tələb olunur. İnsanın həll edə bilmədiyi riyazi məsələləri proqramla həll etməlisən. Üstəlik də, proqram sürətli işləməli və həcmi az olmalıdır, yəni optimallıq yüksək olmalıdır.
Yenə də məktəblilərimiz medal şansına çox yaxınlaşıblar. Statistikaya baxdım ötən il Yaponiyada Abutalıb Namazov medalın ən yaxınlığında olub. Ondan qabaq Ziya Muxtarovun nəticələri yüksək olub. Dedilər, Ziya artıq məktəbi bitirib, ölkədə deyil. Builki komanda da Abutalıbın və Muradın nəticələri yüksəkdir. Şans hansınınsa, bəlkə iksinin də üzünə gülə bilər. Yarışda bütün iştirakçıların yarısı medal alır. Çünki onlar seçilmiş, ələnərək gəlmiş dünya birinciləridir. Orada iştirak özü böyük uğurdur.
Onu da yaxşı bilirəm ki, Təhsil Nazirliyi komandanın hazırlaşması üçün çox çalışıb. Amma niyə yetərli olmayıb?
Açılış günü mən maraqlı bir məlumat da aldım. Bu, məlumat problemi anlamağa açar oldu.
Deməli, hər il universitet komandalarının da yarışı keçirilir. Bu məktəblilər həmin yarışa qatılıblar, Abutalıb birinci, Murad ikinci olub. Qeyri-formal olsa da. Son illər belə olur. Bunu müəllimlərdən biri dedi. Əvvəllər Qafqaz Universitetinin tələbələri önə çıxırmış – insafən bunu da deyək.
Bu, univeristetlərin nə gündə olduğunu göstərir. Tətbiqi riyaziyyat fakültəsi neçə ildir var BDU-da? Sənaye Universiteti? Texniki Universitet? Xəzər Universiteti? Yeni qurulanlar? Hər yerdə kompüter elmləri ixtisası var.
Şagirdləri olimpiadaya onlar hazırlmalıdır. Bunlar özünə gün ağlaya bilmir, şagirdlərə nə verəcək ki?
Tələbələrin də beynəlxalq yarışı var. Komanda yarışıdır, çox nüfuzlu yarışdır. Deyəsən, adı ESM-dir. Araşdıracağam. Bizim tələbələr nəinki medal alıb, heç vaxt finala çıxmayıblar. İndiyədək heç vaxt finalda olmamışıq.
Rusiya komandasını MDU hazırlayır... Qazaxıstan universieteləri ciddi işləyir. Dedilər ki, Gürcüstanda FETO məktəbi kimi bağlanan kollecin müəllimi ciddi sistem qurub. ABŞ və Çində, Koreyada, hər yerdə universitetlər məktəbliləri hazırlayır. Türkiyədə bu işə OTDU, Bilkent və TOBB universiteti başçılıq edir.
Bizim məktəbliləri kim hazırlasın? Tələbələri hazırlaya bilmirlər.
Rektorlardan soruşmaq lazımdır? Siz kadrları necə yetişdirirsiniz?
Müəllimlər bir fikri də dedi, təhsilin son ilində şagirdlər də tam gücü ilə qoşula bilmirlər olimpiada hazırlığına, çünki universitet qazanmaq qayğıları və hazırlığı başlayır. Nazirlik yaxşı bir iş gördü ki, onlara ali məktəblərə imtahansız daxil olmaq hüququ verildi. Amma bu uşaqlar xarici universitetlərə hazırlaşır. Dil, SAT və s. imtahanlarına hazırlaşırlar.
Məsələyə çox dərindən baxılmalıdır.
Uşaqlara və Azərbaycana uğurlar!

Kainat.tv