Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI

Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI Musa Cəfər oğlu Qasımlı 1957-ci il 28 oktyabrda Yardımlı rayonunun Hamarkənd kəndində anadan olmuşdur. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Yardımlı rayonunda işləmişdir.1982-1985-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının əyani aspiranturasında təhsil almışdır. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşmışdır. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmişdir. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Yardımlı rayonundan çıxan ilk tarix elmləri doktoru, professordur. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim, dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur. AMEA-nın müxbir üzvü olan ilk yardımlılıdır.

AMEA Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli qərarı ilə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilmişdir. AMEA İctimai Elmlər bölməsinin 24 iyun tarixli iclasında səsvermə yolu ilə direktor seçilmiş, 29 iyun tarixində isə AMEA Rəyasət Heyətinin iclasında həmin qərar təsdiq edilmişdir.

1992-1997-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr şöbəsində işləmişdir.

IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il 7 noyabrda keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsindən, 2015-ci il 1 noyabrda keçirilən V çağırış seçkilərində 72 saylı Yardımlı-Masallı seçki dairəsindən millət vəkili seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvüdür. Türkiyə, Kanada, Braziliya, Peru, Meksika, Argentina, Danimarka, Malta, Estoniya, Bosniya və Herseqovina parlamentləri ilə dostluq qrupunun üzvü, Əfqanıstan parlamenti ilə dostluq qrupunun sədridir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olmuşdur[2].

28.10.2017-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Bundan başqa, 2009-cu il Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı, 10.11.2017-ci il Qazaxıstan Respublikası Elmlər Akademiyasının xatirə medalı, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 27.05.2018-ci il "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2008)" Azərbaycan Respublikasının yubiley medalı, 2018-ci il Azərbaycan parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalı, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sərəncamı ilə 09.07.2019-cu il "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə 14.08.2019-cu il "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Azərbaycan tarixinin öyrənilməmiş bir sıra aktual problemlərinin - Azərbaycanın beynəlxalq mədəni əlaqələri (1946-1991), Ceyid Cəfər Pişəvəri hərəkatınından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin Birləşmiş Millətlər Təşkilatında müzakirəsi, Azərbaycan-Türkiyə diplomatik-siyasi münasibətləri (1920-1922), xarici dövlətlər və Azərbaycan (1920-1922), Birinci dünya müharibəsi illərində "könüllü" adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyətləri, Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918), SSRİ-Türkiyə diplomatik-siyasi münasibətləri (1960-1991), Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər (1920-1945), "Erməni məsələsi"ndən "erməni soyqırımı"na (1724-1920), Cənubi Qafqaz Antanta ölkələri, Rusiya və Türkiyə arasında (1920-1923) və b. araşdırılması onun adı ilə bağlıdır.

Musa Qasımlı Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Gürcüstan, Avstriyada BMT, Çexiyada ATƏT, Böyük Britaniya arxivlərində çalışmış və dəyərli əsərlər yazmışdır. Onun ilk böyük tədqiqat işi İkinci dünya müharibəsindən sonra SSRİ dağılanadək olan dövrdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri olmuşdur. Sovet hakimiyyəti illərində Mərkəzin nəzarəti altında həyata keçirilən Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişaf dinamikasının və nəticələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsi uğurlu başlanğıc olmuşdur. Bakıda nəşr edilən bu monoqrafiya sonralar Gürcüstanda "Artanudci" nəşriyyatında da çap edilmişdir.

1992-1993-cü illərdə Musa Qasımlı Seyid Cəfər Pişəvəri hərəkatından sonra Cənubi Azərbaycanda yaranmış şəraitin yenicə qurulmuş BMT Baş Məclisinin ilk iclasında müzakirəsini araşdırmış və 1993-cü ildə "Azərnəşr"də "Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi" adlı əsərini nəşr etdirmişdir. Bu, Azərbaycan tarixşünaslığında ilk addım olmuşdur. Professor BMT Baş Məclisində əslən Azərbaycandan olan iki nəfərin - SSRİ-nin BMT-dəki nümayəndəsi A.Vışınskinin və İranın nümayəndəsi, əslən Ordubaddan olan Seyid Həsən Tağızadənin İranda sovet qoşunlarının olmasına dair mübahisələrinin, Cənubi Azərbaycanda ABŞ və sovet siyasətinin mahiyyətini açmışdır. Müəllif əsərində yazır ki, Qərbdə belə hesab edirlər ki, soyuq müharibə ilk dəfə Avropada başlamışdır, lakin belə deyildir, soyuq müharibənin ilk anı, ilk böhranı Cənubi Azərbaycan məsələsi olmuşdur.

Əsərdə M.Qasımlı yazır: "...Uzun illər boyu tarix elmində belə bir qeyri-elmi tezis hakim olub ki, guya beynəlxalq münasibətlərdə "soyuq müharibə"nin başlanmasının təqsirkarı ABŞ və Qərbi digər dövlətləridir. İndi "soyuq müharibə" başa çatıb.Onun başlıca təqsirkarı olan sovet imperiyası çöküb və bu müharibədə Qərb dövlətləri qalib gəliblər...Azərbaycan məsələsi 1946-cı il martın 5-də Böyük Britaniyanın keçmiş baş naziri U.Çörçillin ABŞ-ın Fulton şəhərindəki çıxışı ilə əsası qoyulan "soyuq müharibə"nin ilk toxumlarının səpildiyi və cücərdiyi kəskin beynəlxalq münasibətlərin ən mübahisəli məsələlərindən biri oldu".

Bu, professor Musa Qasımlının Azərbaycan və dünya tarix elminə gətirdiyi yenilik olmuşdur. Sonralar digər Azərbaycan tarixçiləri Musa Qasımlının işığında bu problemə dair tədqiqatlar aparmış və soyuq müharibənin ilk anının, ilk böhranının Cənubi Azərbaycanda olmasına dair onun konsepsiyasını inkişaf etdirmişlər. Professor Cəmil Həsənli 1998-ci ildə nəşr etdirdiyi "Güney Azərbaycan:Tehran-Bakı-Moskva arasında (1939-1945)" adlı əsərində yazır: "Professor M.Qasımovun "Beynəlxalq münasibətlərdə Azərbaycan məsələsi" kitabı son dövrün uğurlu addımlarından hesab edilə bilər".

Daha sonra professor Musa Qasımlı, işğal edilib bolşevikləşdirildikdən sonra SSRİ-nin yaradılmasına qədərki dövrdə Azərbaycanın xarici dövlətlərlə, o cümlədən Türkiyə ilə diplomatik-siyasi münasibətlərini tədqiq etmişdir. Bu illər nisbi müstəqillik illəri olmuşdur. Müəllif bolşevik Rusiyasının Azərbaycanın xarici siyasətinə hansı metodlarla son qoyduğunu, nümayəndəliklərini bağladığını tədqiq etmişdir. Bakı ilə yanaşı bu araşdırma kitab olaraq Türkiyə və İranda da işıq üzü görmüşdür. Professor Musa Qasımlı ölkədə ilk dəfə olaraq Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasətini tədqiq etmiş və üç cildlik monoqrafiya yazmışdır. O, Azərbaycanda ilk dəfə olaraq Qafqaz cəbhəsində "könüllü" adı altında erməni silahlı bandalarının hazırlanması və fəaliyyəltərini tədqiq etmişdir. Bu mövzuya dair bir sıra beynəlxalq elmi simpoziumlarda məruzə etmiş və həmin məruzələr nəşr edilmişdir.

Musa Qasımlı 1920-1945-ci illərdə Azərbayca istiqlal mübarizəsi və xarici dövlətlər problemini də araşdırmış, iri həcmli monoqrafiya yazmış və bu əsər 2006-cı ildə İstanbulda "Kaknüs" nəşriyyatında nəşr edilmişdir. Həmin kitab Almaniyanın Frankfurt şəhərində keçirilən kitab sərgi-yarmarkasında ən çox satılan kitablardan biri olmuşdur. Musa Qasımlı 1920-1923-cü illərdə Cənubi Qafqazda Rusiya, Türkiyə və Antanta ölkələri arasında nüfuz uğrunda gedən diplomatik-siyasi mübarizəni də tədqiq etmişdir. Professor Musa Qasımlı Rusiya imperatoru I Pyotrun məlum fərmanından başlayaraq 1920-ci ildə Ermənistan sovetləşdirilənədək olan dövrdə ermənilərin Azərbaycan ərazilərinə yerləşdirilməsini, torpaqlar ələ keçirmələrini, silahlı bandalar yaratmalarını, böhranlı anlarda mülki türk, müsəlman əhaliyə qarşı törətdikləri qırğınları ən mötəbər arxiv materialları əsasında tədqiq etmiş və iri həcmi monoqrafiya yazmışdır. Monoqrafiya Azərbaycan rus, türk və ingilis dillərində bir neçə ölkədə nəşr edilmişdir.

ABŞ, Argentina, Türkiyə, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Polşa, Rumıniya, Qazaxıstan, Makedoniya, Moldova, Gürcüstan, İran, Kipr, Çexiya Respublikası və b. ölkələrdə Azərbaycan tarixinin indiyədək araşdırılmayan problemlərinə həsr olunmuş irihəcmli 15 monoqrafiyası və nüfuzlu jurnallarda 80-dən çox elmi məqaləsi ingilis, ispan, türk, rus, ukrayn, polyak, rumın, fars və b. dillərdə nəşr edilmişdir. Monoqrafiyaları haqqında xaricdə müsbət rəylər dərc olunmuşdur. Əsərlərinə ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İraq, Polşa ,Rumıniya, Moldova, Qazaxıstan, Litva, Estoniya, Macarıstan və b. ölkələrin alimləri istinad etmişlər. Bütövlükdə, 2018-ci ilin məlumatına görə, M.Qasımlının əsərlərinə xarici ölkə alimləri 271 dəfə istinad etmişlər.

Azərbaycanda və xarici ölkələrdə nəşr edilən və maraqla qarşılanan əsərləri ona şöhrət gətirmiş və görkəmli tarixçi alim olaraq tanıtmışdır. 1983-2017-ci illərdə Azərbaycanda keçirilən 50-dən çox elmi konfransda məruzələr etmişdir.

1985-2017-cı illərdə 50 beynəlxalq elmi konfransda – Orlando, San-Fransisko, Los-Ancelos (ABŞ), Plovdiv (Bolqarıstan), Krakov,Varşava (Polşa), Bilkent, İstanbul, Ankara, Elazığ, Ərzurum, İqdır, Ardahan, Trabzon, İzmir, Ədirnə, Bandırma, Əskişəhər, Uşak, Bitlis, Malatya, Kayseri, Kahramanmaraş, Giresun, Bayburt, Antalya, Alanya (Türkiyə), Moskva, Yekaterinburq, Nijni Novqorod, Rostov-Don, Qroznı (Rusiya), Tiflis, Batum (Gürcüstan), Qazimaqosa, Lefkoşa, Girne (Kipr), Tehran, Təbriz (İran), Vilnüs (Litva), Odessa, Kiyev (Ukrayna), Türküstan, Astana (Qazaxıstan), Tallin (Estoniya), Amsterdam (Hollandiya), Frankfurt, Köln, Berlin, Dortmund, Bielefald, Hamburq (Almaniya), Skopye (Makedoniya), Vyana (Avstriya), Budapeşt (Macarıstan) və b. dəfələrlə etdiyi məruzələrlə Azərbaycan tarix elmini layiqincə təmsil etmişdir.

Ali məktəblər üçün Beynəlxalq münasibətlər tarixi dərs vəsaitinin, iki hissədən ibarət Avropa və Amerika ölkələrinin müasir tarixi dərsliyinin və fənn proqramının müəllifidir.

ABŞ-da fəaliyyət göstərən Orta Şərq Araşdırmaları Assosiasiyasının (Arizona Universiteti), Mərkəzi Avrasiya Araşdırmaları Cəmiyyətinin (Harvard Universiteti), Orta Asiya və Qafqaz Araşdırmaları Mərkəzinin (Türkiyə) üzvü, Ukraynadakı Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür (Kiyev). "Romanian Euroasian Studies" (Rumıniya), "Qafqaz və Mərkəzi Asiya araşdırmaları", "Turan SAM", "Türk bilimi", "Atatürk yolu" (Türkiyə), "Qafqaz i mir" (Gürcüstan), "Evropeyski istoriçhı studii: naukoviy jurnal" və "Amerikanska istoria ta politika: naukoviy jurnal" (Kiyev, Ukrayna) elmi jurnallarının redaksiya heyətinin üzvüdür.

2004-cü il ABŞ-ın Vircinya ştatının Fairfax şəhərindəki George Mason Universitetində araşdırma proqramı üzrə çalışmışdır.

1987-1991-ci illərdə SSRİ Siyasi Elmlər Assosiasiyasının, SSRI Elmlər Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət tarixi Elmi Şurasının üzvü, 1997-1999-cu illərdə Azərbaycan EA Tarix İnstitutunda fəaliyyət göstərən ixtisaslaşdırılmış doktorluq Müdafiə Şurasının həmsədri, 1997-1999-cu illərdə Təhsil Nazirliyi Elmi Metodik Şurası tarix bölməsinin, 2009-2014-cü illərdə Dərslikləri Qiymətləndirmə Şuarsının, 2004-2007-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər ixtisası üzrə Ekspert Şurasının üzvü olmuşdur. BDU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvüdür.

Musa Qasımlının rəhbərliyi altında 18 nəfər namizədlik, 3 nəfər doktorluq dissertasiyası işini müdafiə etmişdir.


Kainat.tv


Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI Deputatlığa namizəd Musa Qasımlı KİMDİR? – Tanınmış tarixçi-alimin BİOQRAFİYASI