42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Şahquliyev Vüqar Mərdan oğlunun PLATFORMASI

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Şahquliyev Vüqar Mərdan oğlunun PLATFORMASI


GƏNCLƏŞƏN PARLAMENTƏ DOĞRU !

• Parlamentin yüksək ictimai nüfuz qazanaraq yeniləşmənin və islahatların aparıcı qüvvəsinə çevrilməsi
• Parlamentin ölkə prezidentinə islahatlar və yeniləşmə sahəsində dəstək verməsi
• Seçiləcək yeni parlamentdə mütərəqqi və islahatçı fikir və ideyaların səslənməsi
• Parlamentin Azərbaycanın aparıcı siyasi və intellektual elitasını özündə birləşdirərək yeni keyfiyyətə malik peşəkar qanunverici orqan kimi fəaliyyətə başlaması
• Dövlətçilik mənafeyindən çıxış edən və milli maraqlarımızı daha ardıcıl və daha qətiyyətlə qoruyan parlamentin formalaşması

QANUNVERİCİLİK FƏALİYYƏTİ

• Qanunların qəbul edilməsi prosesinə bir məqsəd kimi deyil, sosial-iqtisadi islahatların həyata keçirilməsində, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində bir vasitə kimi baxılması
• Qanunların hazırlanmasında demokratik cəmiyyət və azad iqtisadiyyat prinsiplərinin daim nəzərə alınması
• Qanunvericilik fəaliyyətində STRATEGİYA – PROQRAM – QANUN ardıcıllığının gözlənilməsi
• Ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesində ictimai rəyin nəzərə alınması

SEÇİCİLƏRLƏ İŞ SAHƏSİNDƏ

• Seçicilərin problemlərinin ilk növbədə sistemli həllinə üstünlük verilməsi
• Ayda bir dəfədən gec olmayaraq Sumqayıtda seçicilərlə davamlı görüşlərin keçirilməsi
• Sumqayıt şəhərində daimi qərargahın yaradılması.
• Seçicilərlə münasibətdə « İNAN, SƏS VER, TƏLƏB ET! » prinsipinin gözlənilməsi

İDARƏETMƏNİN TƏKMİLLƏŞDİRİLMƏSİ

• Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasına nəzarət edilməsi və qaldırılan məsələlərin qanun çərçivəsində ədalətli həlli istiqamətində deputat fəaliyyətinin göstərilməsi
• Sumqayıt şəhərinin sosial-iqtisadi problemlərinin həllində yerli özünü idarəetmə orqanlarının rolunu artırmaq
• Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsinin artırılması, eyni zamanda mövcud kadr ehtiyaclarının ödənilməsi məqsədi ilə insan kapitalına olan sistemli yatırımların davam etdirilməsi

İQTİSADİYYATIN İNKİŞAFI

• Sumqayıtın sosial-iqtisadi inkişaf proqramının hazırlanması
• Dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi zamanı Sumqayıt şəhərinə ayrılan maliyyə vəsaitlərinin artırılması məsələsinin qaldırılması
• Sahibkarlığın, o cümlədən yerli istehsalın inkişafı üçün əlverişli şərait yarada bilən qanunların hazırlanması
• Neft gəlirlərinin bir hissəsinin investisiyalar şəklində Sumqayıt şəhərinə yönəldilməsi üzrə təkliflərin müvafiq icra orqanlarına təqdim edilməsi

UŞAQ PULU VƏ PENSİYA TƏQAÜDLƏRİ

• Uşaq pulunun bərpası qanunla nizamlanmalı və sağlam uşaq böyüdülməsinə dövlət qayğısının artırılmasına səbəb olan işlək qanunvericilik aktlarının qəbul olunması təşəbbüsü
• Mövcud pensiya qanunvericiliyi evdar qadınlar, rəsmi iş statusu olmayan və aşağı maaşlı işlərdə işləyən insanlar üçün gələcəkdə pensiyaya çıxma baxımından xeyli çətinlik yaradır. Bu prosesdə gəlirlərin ədalətli bölgüsü prinsipinə uygun olaraq qanunvericilikdə dəyişikliyə gedilməsi zəruridir. Eyni zamanda pensiya təqaüdlərinin ehtiyaclara uyğun artırılması daim gündəmdə olmalıdır.

İNFRASTRUKTUR

• Mərkəzi yolların çəkilişi ilə yanaşı, həm də yeni salınan yaşayış massivlərində yollarının salınması ilə bağlı məsələ qaldırılması
• Qaz təchizatı və elektrik enerjisi ilə bağlı problemlərinin həllinə köməklik göstərmək məqsədi ilə müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılması və onun həllinə nail olunması
• Qaz təchizatı və elektrik enerjisi ilə bağlı mövcud olan limitin aradan qaldırılması
• Su-kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı təklifin qaldırılması

SOSİAL MƏSƏLƏLƏR VƏ MÜHARİBƏ VETERANLARINA SOSİAL TƏMİNAT

• Minimum əmək haqqının aylıq deyil, 1 saata görə müəyyən edilməsi məqsədi ilə müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsi
• Pensiyaların məbləğinin orta aylıq əmək haqqına yaxınlaşdırılması təklifinin irəli sürülməsi
• Ayrı-ayrı müavinətlərlə, insanların real ehtiyaclarının uyğunluq təşkil etməsinin nəzarətdə saxlanılması
• Şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, ahıl şəxslərə, əlillərə, xüsusi qayğıya ehtiyacı olan insanlara diqqət yetirilməsi

GƏNCLƏR SİYASƏTİ

• Gənclərin, ilk növbədə isə ali məktəb məzunlarının işlə təmin olunmasına köməklik göstərilməsi
• Gənclərin asudə vaxtının səmərəli təşkili və onların ziyanlı vərdişlərdən uzaq tutulması üçün yeni klub və təşkilatların yaradılması
• Gənclərin ölkə daxilində keyfiyyətli təhsil alması ilə yanaşı, onların dövlət hesabına xaricdə təhsil almaları, peşəkar kadr kimi vətənə dönmələri və yüksək təminatlı işlə təmin olunmaları üçün səylərin artırılması

NARKOMANİYAYA QARŞI SAĞLAM MÜBARİZƏ

• Narkomaniyaya qarşı sağlam mübarizə aparılması üçün problemə sistematik yanaşmaq labüttdür. Narkomaniya gənclərimizin gələcəyini təhlükə altına atır. Narkomaniya bir xəstəlikdir, ona yoluxduqdan sonra yox, yoluxmazdan əvvəl müvafiq preventiv şəraitin formalaşdırılması lazımdır. Bu şəraitin formalaşması istiqamətində ciddi tədbir planının hazırlanması.

TƏHSİL SİSTEMİ

• Elm bir millətin inkişafı üçün gərək olan ən böyük amildir. Elmsiz millətin inkişafı düşünülə bilməz.
• Təhsil sahəsində çalışan müəllimlərin əmək haqqının səviyyəsini ölkə üzrə orta aylıq əmək haqqının səviyyəsinə çatdırmaq üçün təkliflərin hazırlanması
• Təhsil sahəsindəki qüsurları aradan qaldırmadan millətimizin tərəqqisini tam təmin edə bilmərik. Xüsusən də orta məktəblərin fəaliyyəti bizim diqqət mərkəzimizdə olacaq. Orta məktəblərin təchizatının yaxşılaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının ən qısa müddət ərzində tətbiqi, “bir şagird – bir kompüter” proqramının icra edilməsi bizim önəm verdiyimiz məsələlərdən biridir. Təhsil sahəsində önəm verəcəyimiz əsas məsələlərdən biri də orta məktəblərdə istənilən ad altında pul yığılmasının rəsmən qadağan edilməsi olacaq.

SƏHİYYƏ SİSTEMİ

• Dövlət tibb müəssisələrinin maddi-texniki təchizatını yaxşılaşdırmaq məqsədi ilə dövlət vəsaitlərinin artırılması məsələsinin büdcənin müzakirəsi zamanı təklif etmək
• Səhiyyə sistemi üzrə əmək haqqının səviyyəsini ölkə üzrə orta aylıq əmək haqqının səviyyəsinə çatdırmaq üçün təkliflərin hazırlanması
• Sumqayıtda dövlət vəsaiti hesabına müasir standartlara cavab verən diaqnostika mərkəzinin açılması məsələsinin müvafiq orqanlar qarşısında qaldırılması

MƏDƏNİYYƏT

• Mədəniyyət bir millətin inkişaf səviyyəsinin göstəricisidir.
• Mədəniyyət obyektlərinin, klubların müasirləşdirilməsi məsələsinin qaldırılması
• Sumqayıtın mədəni potensialının tam olaraq üzə çıxarılması məqsədi ilə müxtəlif layihələrin işlənilməsi
• Məktəblərin bu sahədəki imkanlarından ən yüksək səviyyədə istifadə edəcəyik.

QARABAĞ

• Həm sumqayıtlıların, həm də bütün azərbaycanlıların ən böyük məqsədi erməni seperatçılarının işğalı altında olan Dağlıq Qarabağımızı və ətraf 7 rayonumuzu düşmən işğalından azad etməkdir. Bunun üçün hər birimiz, bütün azərbaycanlılar, o cümlədən sumqayıtlılar yorulmadan, usanmadan, əzmlə çalışmalıyıq. İşimizin keyfiyyətli nəticə verməsi üçün bizə inkişaf edən və Azərbaycanın mübarizəsinə ciddi töhfələr verməyə qadir olan Sumqayıt lazımdır! Bu məsələlərin həlli naminə xalq-dövlət birliyinin gözəl nümunəsi kimi ümumi ideyalar ətrafında birləşərək Sumqayıtı Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən birinə çevirəcəyimizə inanırıq.

Kainat.tv