Əhməd Orucun Moskvadakı görüşünün görüntüləri yayıldı - VİDEO

Əhməd Orucun Moskvadakı görüşünün görüntüləri yayıldı - VİDEO

ALDP sədri: “Mən də soruşuram: yalanı kim deyir?”

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Azərbaycan Xalq Hərəkatı (AXH) İdarə Heyətinin üzvü, Azərbaycan Liberal Demokrat Partiyasının(ALDP) sədri Fuad Əliyev "TV Müsavat"ın canlı efirinə qonaq olarkən müəyyən açıqlamalar verib.
Həmin açıqlamasında F.Əliyev bildirmişdi ki, AXH-nin digər qanadının üzvü olan Azadlıq Partiyasının rəhbəri Əhməd Oruc Moskvada iş adamları ilə görüşərək, 20 min dollar məbləğində vəsait əldə edib və bu vəsait AXH-nin təşkilatlanmasına sərf olunacaq. Həmin efirə canlı olaraq qatılan Ə.Oruc bu iddiaları rədd edib və onu səsləndirənlərin “qələt etdiyini” deyib.
F.Əliyev musavat.com-la əlaqə saxlayaraq, Ə.Orucun bu yalanının üzə çıxdığını deyib. Onun sözlərinə görə, Ə.Orucun Moskva səfərini inkar etməsinə baxmayaraq, bununla bağlı ortada ciddi faktlar var: “Bir neçə gün bundan qabaq mən sizin efirdə deyəndə ki, Əhməd Oruc Moskvaya gedib və orda görüşlər keçirib və müəyyən miqdar pul da yığılıb, bu adam bunu inkar etdi və xoşagəlməz sözlər dedi. Mən də efirdə demişdim ki, Əhməd Oruc daha öncə də Prezident Aparatında olduğunu inkar etdi. Amma sonra etiraf etdi. Hətta proqnoz vermişdim ki, Əhməd Oruc bir ay sonra Moskvada olduğunu etiraf edəcək. Heç bu hadisədən bir ay da keçmədi. Əhməd Orucun avqustun 1-də Moskvada görüşlər keçirdiyi elə AzəriFreedomun efirindəki rolikdə öz əksini tapdı. Bəli, iyulun 31-də AzəriFreedom kanalında bununla bağlı elan da gedib ki, avqustun 1-də görüş keçiriləcək. Həmin o video kanalın hesabında yer alıb, hətta toplantıdan görüntülər də ortaya çıxıb”.
Yalanın ömrünün 40 gün olması məsələni yada salan F.Əliyev Ə.Orucun yalanının üzə çıxması üçün 40 gün gözləməyə ehtiyac qalmadığını dedi: “Efirdən bu iddia müəllifi haqqında “qələt edir” kəlməsini və daha ağır sözləri işlədən Əhməd Orucun indi bu fakta necə aydınlıq gətirəcəyi mənim üçün sualdır. Özünü ciddi siyasətçi obrazında təqdim etməyə çalışan bu şəxsin yalanları davam etməkdədir. Mən də soruşuram: yalanı kim deyir?“
Musavat.com xatırladır ki, sözügedən videodakı elanda Ə.Orucun avqustun 1-də, saat 18.30-da Moskva şəhəri Vişnevaya küçəsi, ev 15 ünvanında görüş keçirəcəyi qeyd edilib.

Kainat.tv