Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri TƏBİB tərkibinə veriləcək

Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri TƏBİB tərkibinə veriləcək

Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tərkibinə veriləcək.

Bunu "Xalq qəzeti"nə müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
"Prezidenti müvafiq fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 aprel tarixində bir sıra dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİBin tabeliyinə verilməsi barədə qərar qəbul edib. Qərara əsasən TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib. Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək. Siyahıya Bakı şəhəri və rayonlar üzrə tibb müəssisələri, elmi tədqiqat institutları, tibbi mərkəzlər və birliklər, stasionar müəssisələr, ambulatorpoliklinika müəssisələri, təcili tibbi yardım müəssisələri və s. aiddir", - deyə o bildirib.
Z.Əliyev həmçinin əlavə edib ki, TƏBİB-in inzibati məsələləri bu il öz həllini tapacaq:
"2020-ci ildən fəaliyyətə başlayacaq olan TƏBİB-in əsas vəzifəsi icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarəedilməsini həyata keçirməkdir. TƏBİB tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin edəcək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görəcək. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq. Həmçinin tibb müəssisələrində göstəriləcək tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək".

Kainat.tv